Want create site? Find Free WordPress Themes and plugins.

Hər dəfə qeyri-adi, gözlənilməz, qəribə bir şeylə qarşılaşdıqda təəccüblənirik. Elə bir şey ki, nə qədər ciddi təsdiq tapmış elmi fakt olursa olsun, heç cür ağla batmaq istəmir.

Təkamül məşq zalı deyil. Təkamül canlı varlıqları dözümlü və ağıllı olsunlar deyə gücləndirmir və kamilləşdirmir, heç “gələcəkdə nə vaxtsa bu imkanlar onlara lazım ola bilər” deyə də etmir. Təkamül – burada və indi mövcud olmaq uğrunda mübarizənin nəticəsidir. Növlər digərlərilə rəqabətdə və sağ qalmada nə qədərinə ehitiyac duyursa, eynən o qədər dəyişilir.

İnsan beyni kimi, onun reallıqla bağlı təsvirləri də milyon illər ərzində olduqca məhdud şərtlərdə formalaşıb. Hər birimiz bu planet üzərində, dar temperatur diapazonunda yaşayırıq, azdan-çoxdan eyni ölçülərə, fizioloji tələbatlara sahibik və eyni ehtiyatlardan yararlanırıq. Təkamül etməsi üçün insana ulduzlar və molekullar haqda məlumatlar heç vaxt lazım olmayıb.

Təbiət tarixində hər bir həllin axtarışı məsələnin ortaya çıxmasından sonra dövrəyə girib: ilk öncə – sulu yarpaqları olan hündür ağaclar, daha sonra – zürafələrin uzun boyları. Yalnız insan meydana gəldikdən sonra “bilik naminə bilik” yaranıb, fəlsəfə və elmin gəlişi isə bu bilik toplusundan necə yararlanmaq lazım olduğunu açığa çıxarıb. Əvvəlcə, hər hansı bir səbəb olmadan ekzotik meduzaların zülalları araşdırılır, ardındansa, işə bir bax – məlum olur ki, həmin zülallar xərçingin müalicəsində kömək ola bilər.

Nəticədə bu gün biliklərimiz və bioloji imkanlarımız arasında gözə çarpacaq dərəcədə böyük qırılma meydana gəlib. Mədəni proses bioloji prosesdən daha sürətlidir. Kainat haqda nə qədər çox bilik toplayırıqsa, onlar içərisində bir o qədər çox azmış oluruq: beynimiz bütün bunları qavramalı deyil.

Dünyadaki heç bir insan Alfa Sentavraya piyada gedə bilməyib. Heç bir elektron görməyib. Təkamül bizə bu bacarığı bəxş etməyib. Mədəniyyət isə öyrədib: bilirik ki, Günəş sisteminə ən yaxın ulduz sistemi olan Alfa Sentavraya qədər məsafə 40 trilyon kilometrdən bir azca artıq və ya 4,3 işıq ili təşkil edir.

Lakin reallığın elmi dərkinin çətinliyi heç də uzunluq, məsafə və miqdarla məhdudlaşmır. Tam əksinə, keyfiyyətcə ənənəvi, onun “meymun” formasında sağlam zəkaya ziddiyyət təşkil edən faktları qəbul etmək dəfələrlə çətindir.

Fakt 1. Zaman hündürlükdən asılıdır

Yəqin ki, etibarlı, təcrübi olaraq sınanan və praktiki olaraq tətbiq olunan, amma olduqca inanılmaz görünən ən zəngin faktlar toplusu – Eynşteynin nəzəriyyələridir.

Əgər eyni iki saatdan birini dağın zirvəsinə, digərini isə onun ətəyinə yerləşdirsək, bir müddət sonra isə onları tutuşdurub yoxlasaq, saatların fərqli işlədiyini görəcəyik. Yerin səthindən nə qədər uzağıqsa, onun cazibə qüvvəsi bir o qədər zəifdir və zaman da bir o qədər tez axır. Bu, sadəcə nəzəri tərtiblər deyil, həqiqi təcrübələrdən alınmış, artıq yüz ildir yaxşı bilinən məlumatlardır. Alimlər daha dəqiq saatlarla silahlanaraq, zaman uzanmasını müəyyən etdilər – bunun üçün dağ başına qalxmaq lazım olmadı: cəmi-cümlətanı otuz santimetr kifayət etdi ki, zaman aralığını qeydə alsınlar. Onuncu mərtəbədə yaşayan insanlar birbaşa və hərfi mənada birinci mərtəbədə yaşayanlardan daha tez qocalır.

Sözsüz ki, bu effektlər o dərəcədə kiçikdir ki, gündəlik həyatda heç bir rolları yoxdur. Yerdən uzaqlaşdıqca isə onlar kritik həddə çatır, dəqiq zaman ölçüsü tələbləri isə bir neçə dəfə artır. Ən məşhur nümunə GPS-peyklərdir: “zaman bükülməsinə” düzəlişlər edilməsəydi, bu cihazlar tamamilə yararsız olardı.

Məsələ cazibə qüvvəsindədir. Eynşteynə görə, qravitasiya bir nöqtədən digərinə hissəcik və dalğa ilə çatdırılan adi qüvvə deyil. Bu – kütləyə (və enerjiyə) malik cisimlər ətrafında zaman-məkanın təhrif olunmasıdır. Məsələn, əgər siz düz duraraq topu Yerə parallel olaraq qabağa atırsınızsa, əslində top düz xəttlə irəliləyir. Lakin Yer çox ağır obyekt olduğu üçün top onun kənarlarına çatdıqda təsirindən çıxa bilməyərək, əyiləcək, daha dəqiq – Yerin sərhədlərində düz xətt əyilmiş xəttə çevriləcək. Məkan və zaman bir-birilə ayrılmaz surətdə bağlıdır, təhrif olsalar belə bunu yalnız bir yerdə edirlər. Bu səbəbdən Yerin kütləsi təkcə topun traektoriyasını əyməklə yetinməyib, onun zamanda hərəkətini də təhrif edir. Top yerə düşdükcə eyni zamanda bizə görə “yavaşlayır”.

Fakt 2. Bu günki menyumuz – qravitasiya

Cazibə qüvvəsi ilə əlaqəli qəribəliklərin sayı bir deyil, iki deyil. Bizə elə gəlir ki, heyvanlar yerin cazibə qüvvəsinə zamanın başlanğıcından bəri vərdiş ediblər. Amma əgər bu məsələyə elmi pozisiyadan baxası olsaq, qravitasiyanın kainatdakı ən müəmmalı və ən sadə hadisələrdən biri olduğunu anlayarıq.

Cazibə qüvvəsi insan üçün də zəruridir. Nə vaxtsa heç bu haqda düşünmüsünüzmü ki, insanlar da daxil olmaqla canlıların istifadə etdiyi bütün enerji qravitasiyadan gəlir?.. Əslində bəzi bakteriya və arxeyalar istisna olmaqla canlı varlıqlar enerjini ya Günəşdən, ya da Günəşdən enerji almış digər canlılardan, onları yeyərək alır. Elə isə Günəşin özünün enerjisi haradan çıxır?

Günəş – hidrogen və heliumdan ibarət nəhəng topdur. O dərəcədə böyükdür ki, cazibə qüvvəsi onu öz ağırlığı altında sıxır. Daha asan dillə desək, Günəşin alt qatlarında təzyiq o həddə çatır ki, hidrogenin nüvələri böyük bir qüvvə ilə bir-birinə oturuşur və heliumun meydana gəlməsilə qarışırlar. Bu qarışma prosesində həddindən artıq enerji ayrılır. Günəşin ürəyi fasiləsiz istilik-nüvə partlayışları halındadır ki, öz kütləsi altında ulduzun sıxılmasını tarazlaşdırır – əks təqdirdə Günəşin səthi içəriyə doğru tökülməyə və dağılmağa davam edərdi. İllər keçdikdən sonra bu uzunmüddətli partlayışın şüaları alov topunun səthinə qalxır, oradan da Yerə ötürülür. Burada şüalar bitki və bakteriyaların piqmentləri vasitəsilə ələ keçirilir, ardındansa kimyəvi enerjiyə çevrilib, bizim qida rasionumuzu təşkil etməyə başlayır.

Fakt 3. Biz, keçmişdə yaşayırıq

Nisbilik nəzəriyyəsi sıravi məntiqlə ortaq dil tapa bilmir, çünki bütöv həyat və bizim təkamülümüz cüzi sürətlə irəliləyir, zaman, məkan və cazibə qüvvəsi isə daimi və sabit görünür.

Elə məhz bu aşağı sürətlərə uyğunlaşma qabiliyyətilə bizim “hal-hazırki an” hissiyatımız əlaqəlidir. Biz, ətrafda baş verənlər və baş verənlərin özümüz tərəfindən dərkedilmə anı arasındaki pauzanı hiss etmirik. Hətta Avstraliyaya görüntülü zəng etsək belə, aradaki əlaqə ləngiməsini zəif internet bağlantısının boynuna yazmağa meylliyik.

Lakin əslində həmin xüsusi nisbilik nəzəriyyəsi konkret sürət limiti qoyur ki, bununla, sözün həqiqi mənasında, hər şey hərəkət edə bilər: məhz – rəqəmsal məlumatlar paketi və ya bir obyektdən gözümüzə doğru düşən işıq. Avstraliyada internet heç də zəif deyil – ani siqnal bərpası işlərində ünsiyyət sürəti hətta işıq sürətilə məhdudlaşıb. Adi şərtlərdə bunu fərq etmək çətindir, uzun məsafələrdə isə bəlli olmaya bilmir.

Treyderlər üçünsə birjada hətta bir neçə millisaniyəlik ləngimə belə kritik sayıla bilər. Ən məşhur nümunə Çikaqo və Nyu-York birjaları arasındaki məktubdur. 1980-ci ildə çəkilmiş opto-simli kabel siqnalı bir tərəfdən digər tərəfə 14 millisaniyəyə daşıyırdı. Hal-hazırda həmin siqnalı mikrodalğa şüaları ilə 8 millisaniyəyə ötürmək mümkün hal alıb.

Eynən bu cür bizim reallığı dərketmə bacarığımız da məhduddur: elə bir məlumat yoxdur ki, ani olaraq beynə yerləşdirilsin. Sinir impulsları ötürülməsi kimi daha əhəmiyyətli bir faktor isə bizi götürüb, çox keçmişə atır. İşıqla müqayisədə siqnal neyronla ilbiz sürətilə irəliləyir: 0,5- 100 m/s. Nəticədə, fərqi yoxdur, istəyir bu torlu qişadan, qulaqdan, dəridən, dildən, burundan ya da əzələdən olsun, istənilən siqnal kifayət qədər gözə dəyəcək zaman gecikməsi meydana gətirir – 0,1 s. Şüurumuz keçmişdə yaşayır. Heç özü də bunun fərqində deyil.

Fakt 4. Riyaziyyat hesab ediləndən daha qəlizdir

Beyin vasitəsilə reallığın sadələşdirilməsi hökmən fiziki olmaq məcburiyyətində deyil. İnsan abstrakt düşünmək üçün özündə unikal bacarıqlar inkişaf etdirib. Riyazi hesablamaları da qeyd etmək lazımdır. “Bioloji arifmetika” isə heç də hər vaxt dəqiq olmur. Buradan da elm nöqteyi-nəzərindən ciddi, gündəlik məntiq nöqteyi-nəzərdən isə “ağlasığmaz” faktlar meydana gəlir.

Bitkilər də “hesablamağı” bacarır. Onlar, əsasən gündüzləri enerji toplayır, gecələri isə onu artım və maddələr mübadiləsinə xərcləyir. Toplanmış enerji miqdarını ölçərək, onu havanın açılmasına qədər qalan vaxta bölüb, optimal ehtiyat istehlakı sürətini “hesablayıb”, ortaya çıxarır.

Bizim beynimizsə hesab işlərilə dayanmadan məşğul olur – ehtimal hesablamaları aparır, sürət, qüvvə, balans ölçür və s. Lakin son əsrlər ərzində “mədəni” riyaziyyat öz rəqəm və formulları ilə “bioloji” riyaziyyatı xeyli qabaqlayıb. Klassik misal statik paradokslardır. Təsəvvür edin ki, bir teleşou gedir. Oyunçunun qarşısında üç qapı var, bunların birində avtomobil mükafatı gizlənir, digər ikisində isə onu ot gövşəyən keçilər gözləyir. Aparıcı oyunçuya qapılardan birini seçməyi təklif edir. O, məsələn, birinci qapını seçir. Amma daha təcrübəli aparıcı studiyadakı həyəcanı və ehtirası bir az da qızdırmaq üçün, anidən üçüncü qapını açaraq, içəridə keçi olduğunu hamıya bəlli edir. Bu anda o, oyunçudan soruşur: “Qərarınızı dəyişmək istəmirsiniz ki?”

“İndi bununla nə dəyişdi?” deyə bilərsiniz. Həqiqətən də, avtomobil hələ də ya oyunçunun seçdiyi birinci qapıda, ya da ikincisində durmağa davam edir. “Qərarımı axı niyə dəyişim?” – oyunçu ürəyində deyir. O, özündə sarsılmaz əminlik və qərarlılıq hiss edir ki, bunu da təkamül prosesində beynimiz istənilən çətin situasiyada aktivləşdirmək üçün öyrənib. Əksər oyunçular aparıcının təklifindən imtina edəcək.

Lakin elə də çətin olmayan bir riyazi hesablama göstərir ki, bir qədər paradoksal görünsə də, əgər belə vəziyyətdə ikinci qapı seçilsə avtomobil qazanmaq şansı iki dəfə artır! Monti Hollun paradokslarının səbəbləri bu məqalənin mövzusu deyil, amma özünüz təcrübi yollarla buna əmin ola bilərsiniz – həmin oyunu sadəcə bir neçə dəfə təkrarlamağınız və hər variantların qələbə tezliyini hesablamağınız kifayətdir.

Oxşar misallar çoxdur. Məsələn, riyazi sadəlövh beynimizə başa salmaq çətindir ki, əgər iki fərqli məlumat qrupunu bir yerdə cəmləşdirsək, bu məlumatların izahı əksə doğru dəyişə bilər. Fərz edək ki, filologiya və riyaziyyat fakültələrinə qəbul prosesi gedir. Filfaka 80 qadın və 20 kişi qəbul ərizəsi göndərib ki, qadınlardan 30-u, kişilərdənsə cəmi 5-i qəbul olub. Riyaziyyat fakültəsinə isə 20 qadından 15-i, 80 kişidən 50-si qəbul ola bilib. Əgər bütün abiturientləri bir yerdə hesablasaq görərik ki, qəbul olunanların 45%-i qadın, 55%-i isə kişilərdir. Bu ki cinsi əlamətə görə diskriminasiyadır! Sözün qısası, belə bir problemlə 1973-cü ildə Berklidə yerləşən Kaliforniya universiteti üzləşib – məsələ hətta məhkəməyə qədər çatıb.

Məhkəmə, xoşbəxtlikdən, işi həll edib: məlumatlara ayrı-ayrılıqda baxmaq kifayət edir ki, vəziyyət anidən dəyişilsin. Filologiya misalımızda 25% kişiyə qarşı 37,5% qadın, riyaziyyatda isə 62,5% kişiyə qarşı 75% qadın qəbul olub. Qadınlar kişilərlə müqayisədə hər sahədə daha uğurlu nəticə göstərib, hərçənd fakültələrə bölmədikdə əks mənzərə ilə qarşılaşırıq.

Biz, ətraf mühiti hər saniyə təhlil edir, hesablayır və interpretasiya edirik. Əgər hətta nə isə bir şey bizə olduqca aşkar görünürsə belə, unutmamaq lazımdır ki, bütün öz ləyaqətlərilə beynimiz elə də mükəmməl deyil.

Fakt 5. Ən yaxın qohumumuz təkhüceyrəli mikrobdur

Nəhayət ki “ağlasığmaz faktların” öz mədəniyyətimizin məhsullarını təqdim edən ayrı bir qrupuna gəlib çatdıq.

Yüzillərdir ki, bioloqlar növ sözünün hansı mənanı verdiyi sualı üzərində baş yorur. Ali orqanizmlərin vəziyyəti nisbətən yüngüldür: cinsi artımda növlərin bir-birilə cütləşə və nəsil təmin edə bilib-bilmədiyini yoxlamaq asandır. Elə isə öz hüceyrələrinin sadə yolla bölünməsi ilə artan bakteriya və digər təkhüceyrəlilər necə?

Bu sual heç vaxt cavablandırılmayacaq, əmin olun, çünki bizim növü tərif etmə cəhdlərimiz təbiətin maraqları dairəsində deyil. Tərifləri özümüz müəyyən edirik, ardındansa reallıq onların çərçivələrinə sığmadıqda bu haqda özümüzlə mübahisə etməyə başlayırıq.

1951-ci ildə afroamerikalı Henrietta Laksdan uşaqlıq boynu şişi hüceyrələri probu götürülmüşdü. Pasient bir neçə ay sonra xərçəngdən vəfat etdi, hüceyrələri isə eksperiment şüşəsi içərisində yaşamağa davam edirdi – ilk dəfə idi ki, alimlər oxşar sınaq keçirmişdilər.

O vaxtdan bəri saysız qədər ölümsüz hüceyrə nümunələri götürülüb, HeLa-nın hüceyrələri isə hələ də minlərlə laboratoriyada elmi təcrübə məqsədilə istifadə olunur. 60 ildən artıq müddət keçib və hüceyrələrin miqdarı kifayət qədər artıb, onlar artıq saysız mutasiya və xromosom pozuntusuna (insanın 46 xromosomundan fərqli olaraq HeLa-nın 76-80 xromosomu var) uğrayıb və adi insan hüceyrəsindən çox uzağa gediblər.

Bir çox bioloqlar belə qənaətdədir ki, HeLa hüceyrələri və ona oxşar hüceyrələr artıq Homo sapiens növünü təmsil etmir, tam başqa təkhüceyrəli növə çevriliblər – genetik olaraq bizə çox yaxın olsalar da, insandan ayrı və müstəqil olaraq mövcudluqlarını sürdürürlər. Digər alimlərsə bu fikirlə razı deyil. Məsələ burasındadır ki, belə bir növ (qeyd edək ki, alimlər HeLa-ya elmi ad da veriblər – Helacyton gartleri) təkamül ağacına uyğun gəlmir, çünki burada təkhüceyrəli mikroblar milyard illər əvvəl heyvanlardan ayrılaraq, fərqli qolu meydana gətirib. Əgər HeLa-nı ayrı növ qismində qiymətləndirsək, onda hər bir xərçəng şişini təkamül hadisəsi hesab etməli olacağıq.

Burası da var ki, niyə də yox? Xərçəng hüceyrələri, onlara sürətli bölünmə üstünlüyü qazandıran mutasiyalar nəticəsində meydana gəlir. Əksər hallarda immun sistemi tərəfindən qarşısı alınır. Lakin yenə də bəzi hüceyrələr “sağ qala” bilib, inkişaf edir. Bunu, günlərin bir günü çoxhüceyrəli həyatdan imtina idərək baş qaldırmış xüsusi hüceyrələrin təbii seçməsi hesab etməmək üçün səbəb nədir?

Elmi reallıq anlaşılmaz, qəribə, ziddiyyətli qala bilər. Burada günahkar yalnız beynimizdir; onun məhdudiyyətləri, şərtləri, vərdişləri və “bioloji standartlarıdır”. Fərqli aspektdən baxaq – elmi daha da maraqlı edən elə bu deyil? Özündə məhdudiyyətlər olduğunu anlamaq həmişə dəhşətli dərəcədə maraqlı bir müəmmaya aparan yolda atılan ilk addımdır.

Material Naked Science portalının məlumatı əsasında hazırlanıb

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Did you find apk for android? You can find new Free Android Games and apps.

Leave a Reply