Elmi fantastikaMaraqlıTexnologiya

Nostradamusdan daha az məşhur Azimov…

Want create site? Find Free WordPress Themes and plugins.

XX əsrin ən məşhur fantast-yazıçılarından biri Ayzek Azimovun sözlərinə inansaq, bir neçə həftə əvvəl geridə qoyduğumuz 2014-cü ildə artıq hər birimiz psixiatrlara müraciət etməyə başlamalıydıq. Eyni zamanda biokimyaçı olan Azimov, 1964-cü ildə dərc etdiyi essedə gələcəyin, daha doğrusu məhz 2014-cü ilin nəyə oxşadığını proqnoz etməyə çalışmışdı.

Buna səbəb isə Kvins, Nyu-Yorkda təşkil olunmuş “Anlaşma dünyası” adlı ilk beynəlxalq sərgi idi. Həmin sərgi hələ də yaddaşlardadırsa, bu, sadəcə, onun gələcəklə bağlı proqnozlarından qaynaqlanmalıdır. Orada təqdim edilmiş futuristik texnologiyaların bəziləri hələ geniş istifadədə deyil. Heç uçan avtomobillər və sualtı evlərlə rastlaşmaq imkanına sahib olmusuzmu? Azimovun 50 illik proqnozlarına nəzər yetirək.

1. “Kommunikasiyalar video-eşitməli olacaq və siz, zəng edən adamı eşitməklə bərabər, onu həm də görmüş olacaqsınız”

İki abonent arasında ilk transkontinental videozəng 20 aprel 1964 tarixində, Bell Systems (daha sonralarsa Bell Laboratories) şirkətinin hazırladığı texnologiya köməyilə baş tutmuşdu. Fantast Azimov, çox güman ki, SkypeApple FaceTime kimi proqramların bu gün mövcudluğundan çox, onların ucuzluğuna heyran qalardı. 1964-cü ildə Vaşinqtondan Nyu-Yorka edilmiş 3 dəqiqəlik videozəng 16 dollar dəyərində idi, indiki kursla isə bu, 118 dollara bərabərdir.

2. “Antarktikada yerləşən meteoroloji stansiya da daxil olmaqla, Yerin istənilən nöqtəsinə bilavasitə zəng edə biləcəksiniz”

Əlavə şərhə ehtiyac yoxdur. Sadəcə telefonunuza istədiyiniz ölkənin kodunu yığın. Antarktikanınkı 672 olsa da, bəzi regionlarının kodu Yeni Zelandiya ilə eynidir (+64).

3. “2014-cü ildə robotlar hər yerə yayılmayacaq və çox da keyfiyyətli olmayacaqlar, lakin mövcud olacaqlar”

Robotics (robot texnikası) sözü ingilis dilinə məhz cənab Azimovun səyilə daxil olub. Hələlik intellektual robotlar hazırlamağa nail olmamışıq ki, xidmətçilərin işini lazımi qədərilə əvəz edə bilsinlər. Lakin bu gün, maraqlıdır ki, Azimovun qeyd etdiyi hadisələr baş verməkdədir – bəzi layihələr var ki, imtahan vermə qabiliyyəti olacaq dəmir-tələbələri təkmilləşdirmək, həkimləri əvəz edəcək robot-cərrahlar üzərində işlər aparmaq və dəmir əllərdən kulinar şedevrlər yaratmaq hədəfləri güdür.

Azimovun mövzu ilə bağlı başqa bir zamanı qabaqlamış açıqlaması isə “miniatür kompüterlərdir”. Bu gün smartfon adı ilə tanınan bu kompüterlər müasir həyatımızın əvəzolunmaz hissəsinə çevriliblər. Azimov hesab edirdi ki, bu minikomplar robotların beyni olacaq. Lakin şəhərdə azdıqda və ya yeni bir şəhəri öyrənmək üçün xəritədən yardım istədikdə, smartfon bizim də beynimiz kimi fəaliyyət göstərmiş olmurmu? Bəlkə “peyğəmbər” robot dedikdə elə bizləri nəzərdə tutub?..

4. “Televiziyanın vəziyyətində isə divar ekranları adi teleradioaparatları əvəz edəcək, habelə 3D görüntülər göstərə bilən şəffaf kublar yaranacaq”

Azimovun proqnozlarının ən diqqətəlayiq aspekti budur ki, o, tez-tez hər hansı bir texnologiyanı qeyd edir, lakin bu texnologiyanın səbəb olacağı entuziazmı həddindən artıq şişirdirdi.

Fantast-yazıçı buna layiqdir: düz ekranlı televizorlar ənənəvi televiziya radioaparatlarını əvəz edib, 3D texnologiyalar isə kub formasında olmasa da, elektronikanın müxtəlif sərgilərinə artıq bir neçə ildir ki, əlavə edilib.

Lakin 3D texnologiya publikanı gözlənildiyi kimi heyran qoya bilmədi. 2014-cü ilin iyul ayında BBC, cəmiyyətdə olan az marağı nəzərə alaraq, 3D proqramların buraxılmasını dayandırdı.

5. “Ay ilə əlaqə saxlamaq bir qədər narahat olacaq. 2014-cü ilədək Marsa pilotsuz gəmilər endiriləcək”

Əlbəttə ki, Azimov gələcəyi dəqiqliklə görməli deyildi. Görünür ki, kosmik eranın inkişafı dövrü ona, Ayda quracağımız bazalarla bağlı optimistik proqnozlar verməyə əsas yaradırdı. Düşünürdü ki, peykimizlə əlaqə qurduqda, cəmi 2,5 saniyəlik siqnal gecikməsi baş verəcək.

Lakin Azimovun “2014-cü ilədək Marsa aparatlar göndərəcəyimiz” proqnozu özünü necə lazımdır doğruldub. Heyf ki, fantast marsoxod Cuiosity-nin tvitter səhifəsini görə bilmədi…

6. “Avto-yeməklər hazırlayan və suyu isidərək, qəhvəyə çevirən mətbəx qurğuları inkişaf etdiriləcək”

Avtomat qəhvə aparatları artıq mövcuddur.

kofe-hazirlayan

Azimovun maya və yosunlardan hazırlanan geniş və müxtəlif dadlı məhsullarla (“saxta hind quşu əti” və ya “psevdo-steyk”) bağlı proqnozu isə iki il əvvəl reallaşıb. Alimlər laboratoriyada yetişdirdikləri ilk kotleti təqdim ediblər. İnsanların bu qidaları bəyənəcəklərini düşünən Azimov yanıla da bilərdi, çünki laboratoriya kotletinin dadını yoxlayanlar, onun “kafi miqdarda yağı olmadığını” deyirdilər.

7. “Robotlaşdırılmış beyinli avtomobillərin hazırlanması üçün çoxlu səylər göstəriləcək”

Elə bu yaxınlarda Mercedes-Benz öz pilotsuz (sürücüsüz) avtomobilinin konseptini təqdim etdi. Hər il səylər göstərilir. Amma, hər halda fantastın “robotlaşdırılmış beyinləri”, “avtomatik idarə olunan maşınlardan” daha təhlükəsiz səslənir.

8. “Dünya əhalisinin hamısı bütün ölçülərdə gələcəyin texniki yeniliklərindən zövq ala bilməyəcək. Bu texnikalar bu günlə müqayisədə insanların daha az hissəsi üçün əlçatan olacaq. Maddi olaraq onlar indikindən daha yaxşı yaşasalar da, ümumiyyətlə daha böyük ölçülərdə geri qalacaqlar”

Ayzek Azimovun bu proqnozla zamanı qabaqladığını vurğulamaq olar. Fantastın proqnozlarının sayı daha çoxdur, onların bəziləri tam, digərləri isə müəyyən qədər həyata keçib. Onun, əhali sayının artması və doğum üzərində nəzarətlə bağlı xəbərdarlıqları isə başqa bir məqalənin mövzusu olsa yaxşıdır.

Texnologiyaların hamı üçün bərabər istifadəyə verilməyəcəyi təqdirdə, faydası kimi, eyni zamanda daha artıq zərərinin də ola biləcəyini peyğəmbərcəsinə proqnoz etmiş Azimov, bəlkə də psixoloji problemləri olmuş Nostradamusdan, nədənsə, daha az məşhurdur.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Did you find apk for android? You can find new Free Android Games and apps.
Davamını oxu

Rəvan Quluzadə

Yaşıl Elm platformasının yazarı və Həyatın Təkamülü bloqunun qurucusuyam. “Bakı Slavyan Universiteti”nin Tərcümə fakültəsini bitirmişəm.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Buna da nəzər salın

Close
Close

Spelling error report

The following text will be sent to our editors: