Want create site? Find Free WordPress Themes and plugins.

Astronomların dediyinə görə, Balina bürcündə (Cetus) yerləşən ekzoplanet həyatın yaranması və inkişaf etməsi üçün zəruri hesab olunan maye su, qalın atmosfer və qlobal maqnit sahəyə malik ola bilər.

Yeni planet Çilidə yerləşən Avropa cənub rəsədxanası teleskoplarının köməyilə tapılıb. “Bu, son on ildə rast gəldiyim ekzoplanetlər arasında ən maraqlısıdır”, – tapıntıya imza atan harvardlı astrofizik Ceyson Dittman qeyd edir. – “Elmin əsas suallarından biri olan Yerdən kənarda həyat axtarışı üçün bundan daha yaxşı cavab tapmağa ümid edə bilməzdik”.

Dərc etdikləri materialda Dittman və həmkarları Yerdən 40 işıq ili uzaqlıqda yerləşən planetdən bəhs edirlər. Superyer kateqoriyasına aid LHS 1140b planeti Yerdən cəmi 1,4 dəfə böyükdür, qalın və sıx nüvəsi səbəbindənsə planetimizdən yeddi dəfə ağırdır ki, bu da onu kosmosdan düşə biləcək “xoşagəlməzliklərdən” qoruyan qlobal maqnit sahəyə malik olduğundan xəbər verir.

Ana ulduzu qırmızı cırtdan LHS 1140 Balina bürcündə (Cetus) yerləşir, Günəşdən daha kiçik, zəif və soyuqdur. Lakin ekzoplanet özü solğun ulduza daha yaxın mövqedə dövrə vurduğu üçün astronomlar LHS 1140b-nin lazımi enerji payını aldığı və dolayısıyla da həyat zonasına düşdüyü qənaətindədirlər. Mütəxəssislər deyir ki, bizim Günəşdən aldığımız enerjidən iki dəfə az şüa alaraq ekzoplanet səth temperaturunu mülayim saxlaya və maye suyun mövcudluğu üçün şərait formalaşdıra bilir.

LHS 1140 ulduzunun Balina bürcündəki (Cetus) yeri / ©ESO

Ekzoplanetin yaşı təxminən 5 milyard il olaraq qiymətləndirilsə də, alimlərin hesablamasına əsasən planet güman olunan həyat üçün əlverişli şərtlərini təzəlikcə qazanmış olmalıdır. Məsələ burasındadır ki, qırmızı cırtdan ulduzlar erkən inkişaf mərhələlərində daha aktiv olurlar. Digər yandansa qızğın maqma ilə örtülmüş yanar planet lazımi ilkin atmosferi elə vulkanik mənşədən də almış ola bilər.

Alimlərin rəyinə əsasən, LHS 1140b ekzoplanetini Yerdən uzaqda yerləşən həyatın yaranması və inkişafı üçün ən uğurlu namizəd planetlər siyahısına daxil etmək olar. Həmin siyahıda TRAPPIST-1 sistemi və Proksima b kimi məşhurlar da yer alır.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Did you find apk for android? You can find new Free Android Games and apps.

Leave a Reply