Want create site? Find Free WordPress Themes and plugins.

Marsla birlikdə Günəş ətrafında dövrə vuran troyan asteroidlər sistemin erkən mərhələlərində formalaşmağa başlamış, lakin işini yekunlaşdıra bilməyərək parçalanmış digər bir planetə aid qalıqlardır, alimlər deyir.

Günəş sistemi qədim dövrlərdə daha dağınıq formada idi. Ulduz öz stabilliyini qoruyub saxlaya bilməyir, ətrafında daha çox sayda komet və asteroid, habelə toz dumanı və planetezimal (hələ formalaşmaqda olan erkən planet) dövrə vururdu. Dağılmış kiçik bir planetə aid qalıqlar Şimali İrlandiya planetarisi astronomları Apostolos Xristo və Qalin Borisov tərəfindən aşkar olunub.

Alimlərin yazdığı məqalədə Marsın troyan asteroidləri populyasiyasından bəhs edilir. Onlar, cazibə qüvvəsi köməyilə planetlə birlikdə orbitlə Günəş ətrafında fırlanaraq, Marsla Günəşin qarşılıqlı qravitasiya tarazlığı meydana gətirdiyi mövqelərdəki yerlərini qoruyurlar. Troyan asteroidlərə əsasən Yupiter, Yer və digər planetlər ətrafında rast gəlinir, Marsda isə onların sayının bir qədər az olduğu məlumdur.

Xristo və Borisov araşdırmada Çilidə quraşdırılmış VLT teleskopuna əlavə edilmiş X-SHOOTER spektroqrafı, həmçinin müşahidə məqsədli bolqar teleskopu Rozhen-in imkanlarından faydalanıblar. Araşdırılan obyektlər Mars troyanları (385250) 2001 DH47 və (311999) 2007 NS2 olub. Daha sonra isə alimlər onları bu qrupa aid digər bir böyük obyekt – (5261) Evrika ilə müqayisə ediblər.

Evrika – L5 nöqtəsində mövqeyini qoruyan və orbitlə planetin bir az gerisində hərəkət edən yeganə Marsa aid troyan asteroiddir; digər 7-8 asteroid L4 mövqeyində yerləşir və Marsın önündə hərəkət edir. Bir-birindən milyonlarla kilometr ayrı düşdüklərinə baxmayaraq, hər üç cismin tərkibi kifayət qədər oxşardır. Yaxın infraqırmızı və ultrabənövşəyi diapazonlarda əldə edilmiş spektr köməyilə alimlər obyektləri olduqca nadir hesab olunan və olivinlə (sarımtıl-yaşıl mineral) zəngin A sinfi asteroidlərinə aid edə biliblər.

Məqalənin müəllifləri bu oxşarlığın mümkün səbəbini aydınlaşdırmağa çalışıblar. Görünən budur ki, hər üç asteroid ortaq keçmişə və mənşəyə malikdir. Bu kosmik cismlər yalnız bir vaxtlar Günəş sisteminin daxili bölgələrində yaranmış planetezimal, yəni erkən planetin qalıqları ola bilər ki, yekunda da bunlar bütöv planetə çevrilə bilməyərək, hələ Mars formalaşmazdan əvvəl hissələrə dağılaraq məhvə sürüklənib. Bu fraqmentlərdən bəziləri isə eynən nəsil kəsilməsinə tab gətirməyərək, daşlaşmış qalığa çevrilən canlılar kimi bugünədək mövcudluğunu davam etdirə bilib.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Did you find apk for android? You can find new Free Android Games and apps.

Rəy yazın