Want create site? Find Free WordPress Themes and plugins.

Dövrümüzün ağrılı tərəflərindən biri əminlik hissi duyanların axmaq, istənilən təsəvvürü və anlayışı olanların isə şübhə və tərəddüdlə dolu olmalarıdır.
B. Russel.

1995-ci ildə Pittsburq sakini 44 yaşlı Mc.Artur Uiller bank soymağı planlayır və bunun üçün lazımi bilik və bacarıqlara sahib olduğunu sanır. O, limon suyu ilə məktub yazıldığını və sonra gözlə görünməyən mətni  istiyə yaxınlaşdıraraq oxumağın mümkünlüyünü bilirdi. Bu məntiqdən yola çıxaraq həmin üsulu sifətinə də tətbiq edərsə eyni effekti alacağını və təhlükəsizlik kameralarına qarşı da işə yarayacağını düşünür, bunun üçün öncə limon suyunu üzünə yaxır, hətta planının həyata keçib-keçməyəcəyini yoxlamaq üçün polaroid fotoaparatla şəklini çəkir, uğursuz təsadüf nəticəsində  şəkilçəkən defektli şəkil çıxarır və Uillerin üzü fotoda aydın görünmür.

Hiyləsinin baş tutacağından sevinən şanssız soyğunçu cəsarətlə bank soymağa yollanır. İki bank soyduqdan bir neçə saat sonra tutulan Uillerə “Mən ki üzümə limon suyu çəkmişdim” deyərək “fəryad qoparması” kömək etmir. Hadisə gülüşə səbəb olur və daha sonralar Kornel Universiteti, Psixologiya kafedrasından Devid Daninq və Castin Krüqerin araşdırma üçün materialına çevrilir. Onlar “Uiller uğur qazanacağına nə üçün bu qədər əmin idi?” sualına cavab axtarmaq üçün Kornel Universiteti tələbələri arasında eksperiment aparırlar (1999). Tələbələrin yumor hissini, İngilis dilinin qrammatik qaydalarını  bilmə və məntiqi düşüncə səviyyəsini öyrənməklə onlardakı üstidrakı ( ing. metacognition) tədqiq etmək istəyirdilər.

 

Daninq və Krüqen tələbələrdən öz ümumi bilik səviyyələrini başqalarınınkı ilə müqayisə edərək  nə düşündüklərini soruşurlar.  Bütün sorğuların nəticələri demək olar ki eyni olur. Sonda sorğuda iştirak edənlər  söylədikləri fikir və göstərdikləri müvəffəqiyyət nəticələrinə görə dörd hissəyə bölünür: məlum olur ki, ən pis nəticə göstərmiş  tələbələr özlərini ən çox tərifləyənlər olub. Ortaq müvəffəqiyyət dərəcələri 12% olanlar özlərini təxminən 62% dərəcədən daha çox qiymətləndiriblər. Yaxşı nəticələrə malik tələbələr isə özlərini daha az tərifləyənlər olub. Eksperimentin sonrakı mərhələsində  isə onların reallıqla üzləşməsi və buna reaksiyaları nəzərdə tutulur, bunun üçün bu iki qrup bir-birlərinin esselərini yoxlamalı və qiymətləndirməli idilər.

Zəif müvəffəqiyyət nəticələri olan tələbələrlə müqayisədə yüksək göstəricili  tələbələr reallıqla üzləşmiş və öz qiymətlərini artıra bilmişlər. Eksperimentin nəticəsinə görə, reallıqla üzləşə bilmə səriştəli tələbələrin üstidrakına daha çox kömək edir. Bu tip eksperimentlər növbəti illərdə də davam etdirilir, iştirakçılardan bəziləri qoyulmuş məsələnin mahiyyətini kiçildir və ya etibarlılığına şübhə edirlər. Daninq bunu “əgər sən səriştəsizsənsə, səriştəsiz olduğunu bilə bilməzsən” deyərək ifadə edir. Yəni, müəyyən məsələ ilə kifayət qədər tanışlığı olmayan insanlar nə qədər böyük sərhədlər arasında olduqlarının fərqinə vara bilmirlər. Onların yalnışı bilik və xarakterlərinin perspektivlərini düzgün dəyərləndirə bilməmələridir. Biliyinin sərhədlərindən xəbərdar olan insanlar digərlərinin də həmin səviyyədə ola biləcəkləri şübhəsinə düşərək özlərini lazımınca dəyərləndirə bilmədikləri halda, səriştəsizlər  özlərini qeyri-rasional nikbinliklə “silahlandıraraq” rahat şəkildə fikir yürüdə bilirlər.

Eksperiment psixologiyada “Daninq-Krüqer effekti” adı ilə tanınır və İqnobel mükafatına layiq görülür. Daninq məlumatsızlığından xəbərdar olmayan insanları “səriştəsiz insanları öz bacarıqsızlıqlarından agah etməyin yolu onları bilgiləndirməkdir” deyərək aydınlatmağa üstünlük verir. Yəni, insan nə qədər çox bilgilənərsə, bir o qədər öz məlumatsızlığının fərqinə varar; onları daha çox məlumatla əhatə edərək  nə qədər az bildiklərini göstərmək cəhalətdən çıxış yolu kimi görünür.

 

Müəllif: Aygün Qurbanlı

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Did you find apk for android? You can find new Free Android Games and apps.

Bir cavab yazın