Want create site? Find Free WordPress Themes and plugins.

Müasir biologiyada cavabsız qalmış beş əsas qəliz sual var ki, uzun illərdir alimlər bunlar üzərində baş sındırır. Hər birisini nə qədər böyük bir səylə cavablandırmağa cəhd etsələr də, suallar qaranlıq qalmağa davam edir.

Birinci sual: həyat necə yaranıb?

Yunancadan tərcümədə “həyat elmi” mənasını verən biologiya araşdırdığı mövzu olan həyatın necə meydana gəldiyini heç özü bilmir. Vəziyyət təkcə biologiya ilə məhdudlaşmır. Eləcə də fiziklər Plank sabiti və cazibə qüvvəsinin necə yarandığını yaxşı anlamırlar. Lakin “başlanğıcın başlanğıcı” ilə bağlı suallar yalnız biologiyada bu qədər iti məna daşıyır.

Sovet əsilli amerikalı genetik Feodosi Dobrjanski deyirdi ki, əgər təkamül nəzəriyyəsi vasitəsilə ötürülməsə, biologiya sahəsində heç bir şeyin əhəmiyyəti qalmayacaq. Biologiya elminin əsasında klassik, təsviri fənnlər yer alır: zoologiya, botanika, mikrobiologiya və s. Özlüyündə bu sahələrdən hər birisinin əsas vəzifəsi təkamül ağacının bu və ya digər budağının geniş təsvirini verməkdir.

Bununla belə son yüz il ərzində biologiyanın bir hissəsi sürətli inkişaf edərək və əvvəlki təsviri formasını dəyişdirərək, tibb kimi bir sahəyə qarışıb, nəticədə də vahid biotibb sahəsi yaranıb. Buraya analitik yanaşma daha uyğundur. Niyə bizi daha çox siçanlar, meymunlar və drozofillər maraqlandırır? Cavab sadədir: təkamül biologiyası sayəsində bilirik ki, siçan orqanizminin fəaliyyəti insan orqanizmi fəaliyyətindən prinsipcə heç nə ilə fərqlənmir. Nəticə etibarilə, analitik biologiya təsviri biologiyadan daha artıq praktiki fayda verir.

Biologiyanın üçüncü forması da mövcuddur ki, hələ indilərdə inkişaf mərhələsinə qədəm qoyur. Müasir “analitik” bioloq canlı orqanizmin necə fəaliyyət göstərdiyini anlamaq üçün onu modifikasiyaya məruz qoyursa, sintetik biologiya bunun üçün sabah-birisigün orqanizmi sıfırdan toplamağa başlayacaq.

Həqiqətəndə də bir mexanizmin işləmə konstruksiyasını anlamağın ən düzgün üsulu onu yenidən yaratmaqdır. Bu gün artıq alimlər sınaq şüşəsində bütöv genomu sintez edərək, canlı hüceyrə içərisində “işləməsini” təmin edə bilirlər. Bu təcrübə mövcudluğunu sürdürməsi üçün həyatın məhz hansı genlərə ehtiyac duyduğunu birmənalı olaraq göstərir, dolayısı ilə də onların modifikasiyası, dəyişdirilməsi və iradəmizə boyun əyməsi üçün yeni imkanlar ortaya qoyur. Analitik biologiyada tapıntılar “yuxarıdan aşağıya” edilir: orqanizmin təməl komponentləri mümkün ola biləcək qədər yerbəyer edilir. Sintetik biologiya isə əksinə olaraq canlını “aşığıdan yuxarıya” tədqiq edir: mümkün ola biləcək qədər çox xammal komponentlərdən bütöv orqanizm təşkil olunur.

Əgər həyatın mənşəyi mövzusunda bu qədər kasad məlumata sahibiksə, həyatın özünü sintezləməyə necə başlaya bilərik? Göstərilən süni genom misalında alimlər onu öz DNT-si silinmiş canlı hüceyrəyə yeridiblər. Beləliklə də canlılığın iki əsas komponenti olan hüceyrə və genlər arasında hələlik yalnız birini sintez etmək mümkün olub.

Yerdə həyatın yaranması təxminən 3,5-4 milyard il əvvəlinə söykənir: geoloji ölçülərlə hesablasaq, planetin 4,5 milyard il əvvəl yaranmasından “dərhal” sonra meydana gəlib. Nümayəndələri heyvanlar olan müasir biologiya tarixinin başlamasına qədər isə hüceyrələr artıq oksigenlə nəfəs alıb və minlərlə zülal sintezləyə bilməkdən savayı hələ aralarında bir çoxu çoxhüceyrəli orqanizmlərə də çevrilməyi bacarırdı ki, bunlar da öz növbəsində birləşir, aktiv olaraq qida axtarır və hətta informasiyanı yaddaşda saxlaya bilirdilər.

Sintetik bioloq üçün ən vacib olanı qədim, əsrlər arasında itkin düşmüş təkamül mərhələləridir. Canlılığın əsas prinsipləri məhz bu mərhələlərdə dövrəyə girib. Məsələn, niyə zülallar ancaq sol əlli aminturşulardan təşkil olunub? Bu zülal zəncirləri “muncuğunun” kimyəvi strukturu belə qurulub ki, sol- və sağ- əlli olaraq adlanan iki bir-birinə əks olunan formada mövcud ola bilərlər. Görünən budur ki, bu molekulların kimyəvi xüsusiyyətləri fərqlənmir: onların bir-birilə arasındaki məsafə eynidir və eyni atomlardan təşkil olunublar, lakin niyəsə bütün canlılıq ancaq sol əlli aminturşuları istifadə edir.

Bunun “ilkin” hüceyrədən irsən ötürülmüş təsadüf olduğu, yoxsa hər hansı bir xüsusi əhəmiyyət daşıdığı sualı qaranlıq qalır. “Sağ əlli zülal” yaratmaq olarmı? Bəs “sağ əlli orqanizm”? Mümkün olacaqsa, gidər canlılardan nə ilə fərqlənəcəklər? Bu tapmacalar birbaşa olaraq həyatın mənşəyi ilə əlaqəlidir. Siyahını bir az da uzatmaq olar: DNT-də fosfor mütləqdir? Hüceyrəsiz həyat mümkündür? Özünü-yenidən istehsal üçün hansı kimyəvi maddələr zəruridir? Bu suallar ardında gizlənən praktiki imkanların bir həddi-hüdudu görünmür.

Hətta deyək ki, bir çoxlarının düşündüyü kimi həyat Yerə kosmosan düşübsə belə, bu yenə də təkamül və sintetik biologiyalarının gələcəkdəki suallarını geri götürmək üçün səbəb deyil. Əgər həyat Yerdə yaranmayıbsa, harada və ən əsası necə yaranıb? Xeyli mümkündür ki, bu sual heç vaxt cavabını tapmasın, digər yandansa ertəsi gün hansı elmi kəşfi eşidəcəyimizi heç kim bilə bilməz.

İkinci sual: biz necə yaranmışıq?

Həyatın hansı formada və necə yarandığı sualı nə qədər qaranlıq qalsa da, əminliklə vurğulaya bilərik ki, bu müəmmalı başlanğıc hadisəsindən 3,5 milyard il sonra təkamül Homo sapiens növünün birbaşa əcdadlarını meydana gətirib. Bu nadir meymunun mənşəyi digər növlərin əksəriyyətinin təkamülündən daha yaxşı öyrənilib. Kəklik quşları və çöl siçanlarının əcdadlarının qitələrarası miqrasiyası bizə elə də maraqlı deyil. Məsələ yaxın qohum növlərlə bağlı olduqda isə onların köç prosesi və yaşayış tərzi əsl tarixi detektivə çevrilir.

Alimlər insan nəslinin bütün genealogiyasını skeletlərlə sıraya düzür. Dünyanın müxtəlif hissələrində tapılmış skeletlər diş quruluşu və kəllə sümüyü həcmi kimi əlamətlərlə təhlil edilir. Onlar, bu məlumatlardan yararlanaraq skeletləri növlərə bölür, oxşarlıqları və fərqlilikləri əsasında isə ağılsız meymunlardan intellektual insanlara qədər uzanan yolun mənzərəsini canlandırmağa çalışırlar.

Son illərdə məlum oldu ki, belə mənzərə heç də reallığı əks etdirmir. İnsanın ən yaxın qohum növlərinin təkamülünü bir növün digərinə çevrilməsi kimi yox, çoxlu sayda budaqlara şaxələnmiş ağac formasında təsəvvür etmək lazımdır. Bu budaqların bir-birinə necə bağlandığını anlamaq isə bəzən olduqca mürəkkəb iş halını alır. Qazıntılarla aşkara çıxarılmış qalıqlardan alınan DNT-lərin müasir analiz üsulları köməyilə bu çətinliyin öhdəsindən gəlmək mümkün olur. Nəticədə əcdadlarımız olan qədim Homo sapiens, neandertallar və denisova adamları arasındaki qarşılıqlı əlaqələrdən bəhs edən iti süjetli elmi dram gözümüz qarşısında baş verir.

XX əsrə qədər arxeologiya hər tapılmış skeletdə insanın qüdrətinə dair sübutlar görməyə vərdiş etmiş, olduqca etibarsız elm sahəsi idi. Primitiv arxeologiyaya aid məntiqli, amma bir o qədər də əsassız hipotezlər arasında əmək aləti mənimsənməsi ideyası mövcuddur ki, guya təbiətdə başqa heç bir canlıda rast gəlinməyən bu hadisə də insanların təkamülündə əsas faktorlardan birinin rolunu oynayıb.

Bu gün artıq bilirik ki, alət istifadəsi təkcə insanların bacara bildiyi nadir hadisə deyil. Qədim meymunlar olan panantroplar da daş və çubuq istifadə edə bilirdi. Müasir heyvanlar arasında da alətləri mənimsəmişlərə rast gəlirik: qarğalar, delfinlər, fillər və əksər primatlar. İnsanın romantizasiyaya məruz qoyulmuş “fövqəl qabiliyyətliliyi” ideyası artıq köhnəlib və niyə insanın ayaqları üzərinə duraraq ağır beyin təkamülləşdirdiyi sualı üzərində alimlər hələ də baş sındırmağa davam edirlər.

2010-cu ildə neandertal genomu oxunduqdan sonra əldə olunmuş məlumatların təhlili əsasında belə qənaətə gəlinmişdi: əvvəl müstəqil yaşadığı güman olunan bu növ əslində aktiv olaraq insanın əcdadları ilə cütləşirdi, nəticədə isə müasir avropalıların DNT-sinə 1-4% arası neandertal genetik informasiyası ötürülüb. Bu hadisədən bir qədər əvvəl, 2008-ci ildə isə müasir insanın daha bir yaxın qohumu olan denisovalar tapılmışdı. Sonunculara aid genetik informasiya isə cənub-şərqi Asiya regionlarında yaşayan müasir əhalidə 3-5% olaraq qiymətləndirilmişdi.

Afrikada ortaq əcdaddan üç Homo qolu ayrılır. Neandertallar Avropaya köç edir, denisovalar isə Asiyaya. Üçüncü qol Afrikada qalır. O, tədricən ağıllı insana çevrilir və dünya səyahətinə çıxır. Yol boyu gah qərbdə, gah da şərqdə artıq məskunlaşmış oxşarlarından müvafiq genlər “oğurlayaraq”, bir müddət sonra onların özlərini təcrid etməyə başlayır (hansı üsulla – bu da başqa bir qaranlıq məsələdir). Lakin Homo sapiens həm qərbli neandertallara, həm də şərqli denisovalara aid genləri qoruyub saxlamağı bacarır.

Bu yaxınlarda isə Leypsiqdə yerləşən Təkamül Antropologiyası İnstitutundan olan alimlər insan təkamülündəki hər üç budağın ortaq əcdadına aid genomun bir hissəsini oxumağa nail olublar. Baxmayaraq ki bu əcdad hələ nə neandertal, nə də denisova idi, qalıqları İspaniyada aşkar edilmişdi. Qəbul edilmiş ümumi modelə əsasən o, Afrikanı tərk edərək “neandertalizasiya” cığırına keçməli idi. Genetik analiz nəticələri isə bütün versiyaları alt-üst etdi: “İspaniya” adamının genomu Avropada yaşamadıqları hesab edilən denisovalara daha yaxın idi! Belə çıxır ki, denisova və neandertallarla münasibətimizi əks etdirən qənaət heç də şübhəsiz fakt hesab olunmamalıdır.

Bu nümunə müasir paleoantropologiyanın ortaya çıxardığı suallardan yalnız biridir. İnsanın əcdadının meymun olduğuna mövhümatçılardan başqa heç kəs şübhə etmir. İki milyon il əvvəl əcdadlarımızın başına nələrin gəldiyi və niyə ağaclardan yerə endikləri isə cavabı bu günədək tapılmayan suallardandır.

Üçüncü sual: virus nədir?

İnsan, heyvanlar və bitkilərin təkamül qohumluğunu axtarıb tapmaq nə qədər əziyyətli iş olsa da, heç olmasa mümkün bir işdir. Virusoloqların dərdi bir başqadır. Sözün qısası, elm hələ də virusun nə olduğunu anlaya bilmir.

Bu mikroskopik hüceyrəsiz parazitlər ümumiyyətlə canlı aləmin sisteminə uyğun gəlmir. Məlum olan bütün canlılar hüceyrədən ibarətdir və hüceyrə mənşəlidir. Elə virus da hüceyrələr köməyilə mövcudluğunu sürdürür: özünü yenidən yaratmaq üçün sahibinin hüceyrəsinə ehtiyacı var. Fərz edin ki, yer üzünün bütün hüceyrələri (canlıları) anidən yox oldu. Belə olduqda təhlükəli hesab etdiyimiz viruslar heç bir bioloji funksiyaya malik olmayan mənasız zülal və DNT köpüklərinə çevrilmiş olacaqlar.

Belə bir qəribə “materiyanın mövcudluq forması” necə yaranmış ola bilər? İki versiya var.

Birinci versiya: viruslar – qaçaq genlərdir. Bu ssenarini təsəvvür etmək elə də çətin deyil. Genomumuzda transpozonlar adlanan elementlər var ki, özlərini genomun bir hissəsindən qopararaq digər bir hissəyə yerləşdirə bilirlər. Bu “hərəkətli genlər” bəzən özlərilə birlikdə yaxınlarında olan digər DNT fraqmentlərini də qoparır. Hesab edilir ki, milyard illər əvvəl bu “hərəkətli genlərdən” biri təsadüfi olaraq bir komplektə müstəqil mövcudluq üçün lazımi minimal dəsti toplaya bilib: fərz edək ki, solda DNT istehsal etmək üçün lazımi kopiya maşını, sağda isə yeni hüceyrəyə nüfuz etməyi mümkün edəcək “cib bıçağı” yer alıb. Bu andan etibarən gen virusa çevrilərək, valideyn orqanizmdən müstəqil öz təkamül cığırını açıb.

İkinci versiya: viruslar – sadələşmiş hüceyrələrdir. Bir sıra alimin bu fikri dəstəkləməsi, ölçüsü baxımından hüceyrələrlə müqayisə olunan biləcək iri virusların tapılması faktı əsasındadır. Bu versiyaya görə, viruslar bir vaxtlar hüceyrəli orqanizmlər idi – deyək ki, bakteriyalar kimi. Bu bakteriyalar daha böyük hüceyrələrdə parazit kimi yaşamaq tərzinə keçid aldılar. Zamanla “hüceyrə aparaturası” da daxil olmaqla, ehtiyac duymadıqları hər şeyi ixtisar edərək və bir neçə geni və yoluxdurma “alətlərini” qorumaqla, viruslara çevrilmiş oldular.

Bu hipotez tarixi misalla əsaslandırılır. Oxşar vəziyyətə mitoxondrilərdə də rast gəlirik. Bir vaxtlar bakteriya idilər, daha sonra böyük hüceyrələrlə “müqavilə imzalayaraq”, müstəqilliklərini itirmiş oldular. Bu gün onların müstəmləkəsidirlər.

Eynilə həyatın mənşəyi sualında olduğu kimi, virusların tarixi də əsrlərdə ilişib qalır. Virusların nə sümüyü var, nə də məhv olduqda özlərinə aid qalıq buraxırlar. Virusların həyatdan ayrı, özü də dəfələrlə, cürbəcür yollarla yarandığı fikri istisna deyil. Böyük bir əminliklə dilə gətirmək olar ki, bütün canlı orqanizmlər bir ortaq hüceyrədən yaranıb. Viruslar da buraya aiddir ya yox – hələlik bilmirik.

Dördüncü sual: yuxu nə üçündür?

Həyatınızın üçdə birini yuxuda keçirdiyinizi bilirdiniz? Bilsəniz belə niyə bunu etdiyinizi qəti anlamırsınız. Yuxunun nəyə görə meydana gəldiyi və yuxuda olarkən nələrin baş verdiyi barədə az-çox məlumat sahibiyik. Lakin elm hələ də bu sualı cavablandıra bilmir: axı niyə yuxu bu qədər vacibdir?

Məlumdur ki, sutka və yuxu Yerin Günəş ətrafındaki dövrü ilə əlaqəlidir. Hansı xarakteristikalarla fərqlənsələr də, sutka ərzində hər bir heyvan üçün heç nə ilə məşğul olmamağın, sakitcə oturub heç nəyə burnunu soxmamağın daha təhlükəsiz olduğu konkret vaxt var. Yuxunun belə “gözləmə rejimində” enerjiyə qənaət üsulu kimi təkamülləşdiyi fikri olduqca məntiqlidir, bərpa və yaddaş təmizlənməsi işləri kimi digər funksiyalar isə daha sonralar yaranmış olmalıdır.

Əfsuslar olsun ki, bu nəzəriyyə yuxunun niyə belə əhəmiyyətli olduğunu izah edə bilmir. Yuxunun könüllü qarşısı alınması üzrə aparılmış tədqiqatlarda alınan mütləq rekord 11 günə bərabərdir, rekordçu isə amerikalı Rendi Qardnerdir. 2012-ci ildə isə yuxusuzluq marafonuna start verərək, hər gecə AVRO-2012 matçlarını izləmiş çinli futbol azarkeşi durduq yerdə vəfat edib. Yuxu mexanizmlərini zədələyən xəstəliklər xüsusilə təhlükəlidir. “Ölümcül ailə yuxusuzluğu” adlı müalicəsi olmayan irsi xəstəlik daşıyıcıları isə simptomlar aşkar olunduqdan sonra adətən heç bir il yaşaya bilmirlər.

Elə isə yatmayan heyvanlar var? Bu sualla Viskonsin Universitetindən olan alimlər maraqlanıblar. Əldə olan məlumatları gözdən keçirərək, belə qənaətə gəliblər: heyvanlar arasında yuxu almayanları yoxdur və belə bir hadisə indiyəcən qeydə alınmayıb. Lakin yenə də istisna olunmur: müəlliflər qeyd edir ki, əksər növlərə aid yuxu məlumatları lazım olduğundan dəfələrlə azdır.

Bununla belə əminliklə vurğulamaq olar ki, yuxusuz nə insanlar, nə də digər heyvanlar yaşaya bilməz. Hər şey buna işarə edir ki, yuxu eynilə tənəffüs və irsiyyət kimi canlılığın universal özəlliklərindən biridir. Amma burası da var ki, həm tənəffüsün, həm də irsiyyətin mənası və əhəmiyyəti elmə məlumdur, yuxu mövzusu üzərində isə görünür hələ uzun illər baş sındırmaq lazım gələcək.

Beşinci sual: “Mən” nədir?

Müasir biologiyanın ortaq dil tapa bilmədiyi son tapmaca sinir fəaliyyəti ilə bağlıdır. Şüur – o dərəcədə mürəkkəb və qəliz prosesdir ki, uzun illər onu insan böyük bir təkəbbürlə sırf özünə aid edib. Bu gün isə insan şüurunun unikallığı biologiyadan kənara çıxmış, daha çox fəlsəfəni maraqlandıran mövzudur. Heç şübhəsiz, intellektinin inkişafında insan xeyli yüksəklərə qalxıb. Beynimizin quruluşu və fəaliyyətində yeni nə isə meydana gəlibmi? Yəqin ki, yox. İtlərdə emosiyalar var, meymunlar hesablamağı bacarır, delfinlər isə öz qrammatikası olan dilə oxşar ünsiyyət vasitəsinə və dünyanın müxtəlif hissələrində bir-birindən fərqlənən mədəni özəlliklərə sahibdirlər. Heyvanları öyrənərək intuitiv olaraq anlayırıq ki, onların bir qismi öz mövcudluqlarını az-çox dərk edə bilirlər. Biz isə bu günədək bu “başa düşülmənin” ardında nəyin durduğunu qətiyyən anlamırıq. Asan dillə desək, şüur nədir, bilmirik.

Xüsusilə son illərdə neyrobiologiyada vacib nailiyyətlər əldə edilib.  Sinir hüceyrələrinin necə işlədiyini, aktivləşdiyini, onların necə yatırıldığını və qarşılıqlı əlaqələrini anlamaqda daha çətinlik çəkmirik. Yaddaş formalaşdıqda bu hüceyrələrin tərkibində nə kimi proseslərin baş verdiyi elmə məlumdur. Bu və ya digər bir davranışa hansı beyin nahiyələrinin səbəb olduğu da sirr deyil.

Beyin qabığının prefrontal hissəsinin sosial təsirlərlə hər necəsə əlaqəli olduğu, neyronlarınsa xüsusi molekullar və elektrik sahələri köməyilə biri digərini gülləməsi – bir şeydən başqa bir şeyin necə yarandığının anlaşılması mənasını vermir. Bu gün alimlər ən sadə neyron şəbəkələrinin fəaliyyətini modelləşdirmək üçün ilk cəhdlərini edirlər. Maraqlıdır ki, əldə olunmuş məlumatlar yalnız meduzaların şüurunu izah etməyə kifayət edir. Elmi-fantastika həvəskarları bunu nə qədər arzulasalar da, fakt faktlığında qalır ki insan şüurunu “sındırmağın” yolları elmin imkanlarından xeyli uzaqdır.

Material Naked Science portalının məlumatı əsasında hazırlanıb

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Did you find apk for android? You can find new Free Android Games and apps.

2 RƏY

  1. Demək olar bütün suallara “hələ bilmirik” “baş sındırırıq” “tapılmayan sualdır” tipli cavablar verildi) İndi deyəcəksiz ki, “nə olsun gələcəkdə tapıla bilər” “elm inkişaf eliyir”.Düzdür başa düşürəm,demık istəyirəm ki,cavab konkret deyilsə lütfən onu sayta yerləşdirməyin

Bir cavab yazın