Want create site? Find Free WordPress Themes and plugins.

Elmi-fantastika ideyası olmasaydı nə sualtı gəmilər, nə də kosmik raketlər yaranmayacaqdı. Gündəlik həyatımızın əvəzolunmaz hissəsini təşkil edən bütün texnikalar daha əvvəlki nəsillərin arzusu idi. Onlar, xəyalpərəst olmaqda ittiham olunurdular.

“Transformerlər” və “Nindza Tısbağalar” kimi blokbaster filmlərin də öz həvəskarları olsa da, bu filmlərin elmi-fantastika ilə elə də yaxın əlaqəsi olduğunu deyə bilməyəcəyik. Qrafika, aktyor oyunu, rejissor işi, musiqi və ideya baxımından dəyərləndirdiyimiz son iyirmi ilin “ən elmi” 25 fantastik filmini təqdim edirik. Ümidvarıq, seçimimiz sizi qane edəcək.

25. Artificial Intelligence: AI (2001)

Nəzarətdən çıxmış qlobal istilik hökm sürdüyü və qorxunc elmi kəşflər edildiyi gələcəkdə insanlar intellektli robotlarla yan-yana yaşayır. İnkişaf etdirilmiş uşaq-robot prototipi Devidə sevgi hissi proqramlaşdırılaraq yeni valideynlərinə verilir, onlar isə belə münasibətə hazır olmadıqlarını bildirirlər. Beləliklə Devid təhlükəli dünyada tək-tənha qalır. Tanış olduğu küçə robotu ilə uzun yola çıxaraq, öz mənşəyini və haradan gəldiyini axtarmağa başlayır.

24. Edge of Tomorrow (2014)

Yer planeti yadplanetlilərin hücumuna məruz qalıb. Mayor Uilyam Keys (Tom Kruz) səhvən sıravi əsgərlərin sırasına düşərək dəhşətli müharibənin ortasında həlak olur… Və yenidən keçmişdə dirilir. Proses periodik olaraq təkrarlanır, mayor isə bu qeyri-adi üstünlüyü işğalçılara müqavimət vermək üçün istifadə etməyə başlayır.

23. Children of Men (2006)

Yaxın gələcəkdə anarxiya hökm sürür. İnsanlar kütləvi sonsuzluqdan əziyyət çəkir və bəşəriyyət məhv olma astanasındadır. İnsanların son ümidi hamilə bir qadındır ki, onu xilas edib həkimlərin yanına çatdırmaq lazımdır. Bu vəzifəni isə Londondaki klanlararası ölüm-dirim mübarizəsindən çıxmış bir kəs öz üzərinə götürür.

22. Coherence (2013)

Səkkiz dostun bir yerə toplaşıb şam etməyi planlaşdırdığı bir axşam adi hadisə baş verir – Yerə komet düşür. Tezliklə dostlar bir çox dolaşıq və qeyri-adi hadisələrə şahidlik edirlər və beləliklə zamanda oyun başlayır. Qeyd: Filmin daha dəqiq anlaşılması üçün “Şrödingerin pişiyi” təcrübəsi və paradoksu ilə tanış olmaq tövsiyə olunur.

21. Solaris (2002)

Futuroloq və yazıçı Stanislav Lemin eyniadlı romanı əsasında çəkilmiş 1972 tarixli SSRİ istehsalı film sözsüz ki elmi-fantastika janrının şedevrlərindəndir. Əfsanəvi rejissor Andrey Tarkovskinin “Солярис”-indən geri qalsa da, yenə də Stiven Soderberqin amerikan “Solaris”-ini həmin gərgin atmosferi və kosmik mistikanı yenidən yaşamaq üçün izləməyə dəyər. Süjet: Eyniadlı planetin orbitilə hərəkət edən kosmik stansiyada müəmmalı hadisələr baş qaldırır. Psixoloq Kris Kelvin heyətin problemini aydınlaşdırmaq üçün oraya göndərilir, lakin tezliklə özü də stansiyada elə bir vəziyyətlə qarşılaşır ki, insan ağlı bunu həzm edə biləcək gücdə deyil.

20. Transcendence (2014)

Baş rolda Conni Deppin rol aydığı filmdə məşhur bir alimin bütün məlumatlara yiyələnə bilən süni intellekt kompüteri yaratması, bu səbəbdən də radikal antitexnoloji qruplaşma tərəfindən qarşısının alınmasından bəhs edilir. Ölüm ayağında olarkən həyat yoldaşı və həmkarı alimin beynini həmin kompüterə yükləyir və dünyanın yeni işğalı başlayır.

19. I, Robot (2004)

Ayzek Azimovun romanı əsasında çəkilən filmi bəlkə də izləməyən qalmayıb. 2035-ci ildə süni intellektli robotlar artıq gündəlik insan həyatının vacib hissəsidir. Baş qəhrəman polisin (Uill Smit) robotlara qarşı “allergiyası” var. O hesab edir ki, robotlar cinayət törətməyə qadirdir – hər nə qədər mütəxəssislər bu fikirlə razı olmasalar belə. Stiven Hokinqin son illərdəki süni intellektlə bağlı ürəkaçmayan rəyləri bunu deməyə əsas verir ki, “I, Robot”filmini dəfələrlə izləyib.

18. Ex Machina (2015)

Ən yaxşı vizual effektlərə görə Oskar mükafatı qazandıran elmi-fantastik “Ex Machina”filmində bir gənc proqramistin şəhərdən kənar mühitdə süni intellektlə zənginləşdirilmiş robotla keçirdiyi bir həftəsindən bəhs edilir. Onun vəzifəsi bu müddət ərzində qadın-robotu sınaqdan keçirməkdir. Film azadlıq mövzusunda vacib fəlsəfi suallara toxunur.

17. The Martian (2015)

Aktyor Mett Deymon filmdə “Ares-3” missiyası çərçivəsində Marsa göndərilmiş astronavtlardan birinin rolunu oynayır. Dəhşətli qum fırtınasından sonra həmkarları Markın ölü olduğunu düşünüb, onu Marsda atır və qırmızı planeti dərhal tərk edirlər. Sağ qalan Mark Marsda tənha və köməksiz olduğunu anladıqda, yaşamaq üçün mübarizə aparmağa başlayır. Film Endi Uirin eyniadlı romanı əsasında çəkilib.

16. eXistenZ (1999)

Dahi rejissor Devid Kronenberqin bu filmini bəlkə də çoxları tanımır. Virtual reallıqla bağlı oyunun təqdimatında onun yaradıcısı Alleqraya atəş açılır. Oranı tərk etmək məcburiyyətində qalan Alleqra, “Ekzistensiya” oyununun xarab olub-olmadığını yoxlamaq üçün öz həmkarını (Cud Lou) virtual aləmə qoşur. Hadisələr belə gətirir ki, real dünyada üzləşdiyi təhlükələr virtual reallıqda da onları izləyir. Filmin adından da bəlli olduğu kimi, rejissor ekzistensialist fəlsəfəsi mövzusuna müraciət edir.

15. Twelve Monkeys (1995)

Yenə 2035-ci il. Dəhşətli bir virus yerüzünün 99%-ini məhv edib. Sağ qalanlar isə yeraltında gizlənməyə məhkumdurlar. Cinayətkar Ceyms Koul könüllü olaraq zaman maşını ilə keçmişə qayıdır. Ona verilmiş əmr bundan ibarətdir ki, keçmişdə virusun yaranma səbəblərini araşdırmaqda alimlərə kömək etməli və müəmmalı “on iki meymun” sirrini açmalıdır. Bəzi film tənqidçilərinin rəyinə görə aktyor Brüs Uillisin rol aldığı ən yaxşı filmdir.

14. Donnie Darko (2001)

Aktyor Ceyk Cillenholun, həmin vaxt gənc olsa belə, ən məşhur rollarından biri. Vaxtından əvvəl klassikaya çevrilmiş sürrealistik film – “Donnie Darko”. 16 yaşlı Donni ölümün nə olduğunu təxmini olaraq bilir. Bədbəxt hadisədən sonra ölümün yarısından dönən məktəbli özündə qəribə özəlliklər olduğunu aşkar edir – zaman və taleyə nəzarət edə bilir. Dəyişikliklərdən sonra ailəsi, dostları, bacıları, müəllimləri və sevdiyi qız ondan ehtiyatlanmağa başlayır. Donniyə nə olub?

13. Gravity (2013)

Film tibb mühəndisliyi doktorunun ilk kosmik missiyasından bəhs edir. Həmkarı Kovalski üçünsə bu missiya sonuncudur. Baş verən toqquşma nəticəsində şatl darmadağın olur, kosmonavtlar bu şərtlərdə sağ qalmağa çalışırlar. Film nə az, nə çox – yeddi Oskar mükafatı qazandırıb ki, bu da elmi-fantastika janrı üçün çox böyük nailiyyətdir. Bəzi mütəxəssislərin rəyinə əsasən, filmdə fantastik hesab edilə biləcək heç bir səhnə yoxdur. Baş rollarda Sandra Bullok və Corc Kluni oynayır.

12. Moon (2009)

Ayda üç illik müqavilə ilə işlər aparan kosmonavt Semin evə qayıtma vaxtı yaxınlaşır. Üç illik kosmik tənhalığı süni intellektli robot pozur. Yerə qayıtmağına iki həftə qalmış Sem öz əvəzedicisi ilə qarşılaşır və hər şey bundan sonra başlayır. Gərgin atmosfer, realistik aktyor oyunu, möhtəşəm kompozisiya – bu fantastik filmi yaddaşlardan silmək mümkün deyil. Həm filmin reytinqi, həm də tənqidçilərin rəyi kifayət qədər yüksəkdir.

11. Dark City (1998)

Bu şəhərdə nə Günəş doğur, nə də qaranlıq düşür. Burada hər gün zülmətdir. İnsanların taleyi cəmi bir günlük yazılır, ertəsi gün isə heç nə baş verməyibmiş kimi tam başqa ad və şəxsiyyətlə həyatlarına davam edirlər. Heç kim bu qəribəliklərin fərqinə varmır, adını və keçmişini xatırlamayan bir qatili isə polis müfəttişi güdür. Baş qəhrəman şəhərdə nələrin baş verdiyini anlamağa çalışır, həyat yoldaşı onu axtarır, “yadlar” ona ov elan edir… Bəlkə də həyatınızda heç vaxt “Dark City” kimi orijinal film izləməyəcəksiniz.

10. K-PAX (2001)

Psixiatriya institutuna qara eynəkli qəribə bir adam (Kevin Speysi) gətirilir. O, özünü Prot adlandırır və vətəninin uzaq Ka-Peks planeti olduğunu, Yerə isə işıq şüası köməyilə düşdüyünü iddia edir. Pasient Ka-Peks planetinə geri qayıdacağı günü təyin etdikdə təcrübəli həkim pasientin belə üsulla başqa bir hadisəni izah etmək istədiyini düşünür, dediklərinin sirrini isə aça bilmir. Protla müntəzəm görüş və söhbətlərdən sonra həkim inandıqlarına şübhə etməyə başlayır: bəlkə Protun dedikləri həqiqətdir?

9. Inception (2010)

Kob (Leonardo Dikaprio) – istedadlı oğrudur. O, xüsusi texnologiya köməyilə insanların yuxularına girərək şüuraltından zəngin informasiyalar götürür. Öz bacarıqlarının qurbanına çevrilən və hər şeyini itirən Kob tezliklə səhvini düzəltmək üçün yeni bir şans əldə edir. Fərq burasındadır ki, bu dəfə beyindən informasiya oğurlamaq yox, oraya başqa bir informasiya yerləşdirmək lazımdır.

8. Mr. Nobody (2009)

Nemo səhərlərin birində oyandıqda özünü gələcəkdə və əldən tamamilə düşmüş qoca olaraq tapır. O, indi yerüzünün son ölümlü insanıdır. İndi bütün insanlar ölümsüzdür və realiti şouda ağlını itirmiş qocanın son dramatik anlarını seyr edirlər. Ölməsindən əvvəl qocanı bir jurnalist ziyarət edir və həyatını əhatə edəcək müsahibə verməsini təkid edir. Nemo isə ona bir neçə biri digərinə zidd həyat əhvalatı nəql etməyə başlayır. Bunların hansı doğrudur və “Cənab Heç Kim” kimdir?

7. The Congress (2013)

Kinematoqrafiya sahəsi kökündən dəyişir və indi aktyorları əvəz edən onların mimikalarından ibarət kompüter simulyasiyalarıdır. Artıq yaşlanmaqda olan işsiz aktrisa biçarə qalaraq, son müqaviləsini imzalayır. Bir neçə il sonra isə kinoya edilmiş dəyişiklik bütün bəşəriyyətin yaşayışını dəyişdirir. Art-haus hesab edilən bu yarı film, yarı cizgi filmi Stanislav Lemin “Gələcəyin Konqresi” adlı elmi-fantastik romanı əsasında çəkilib.

6. Arrival (2016)

Ötən ilin ən yaxşı elmi-fantastik filmi olduğuna şübhə yoxdur. Məsələ burasındadır ki, tezliklə ən yaxşı filmi də ola bilər. Bir neçə ölkəyə naməlum obyektlər eniş etdikdən sonra, hökümət yadplanetlilərin hansı məqsədlə gəldiklərinin aydınlaşdırılması üçün dilşünas alimlərə müraciət edir. Bir tərəfdə şübhəli qonaqlara atəş açmağa hazır güclü ordu, digər yanda isə müharibənin qarşısını almaq üçün səy göstərən alimlər. Film səkkiz nominasiya ilə bu ilki Oskar mükafatlandırılması mərasimində iştirak edəcək.

5. Eternal Sunshine of the Spotless Mind (2004)

İstənilən xatirəni beyindən silən texnikanın mövcud olduğu bir dünya. Coel (Cim Kerri) və Klementina (Keyt Uinslet) bir-birini həyatlarından və beyinlərindən silmək qərarına gəlirlər. Lakin Coel bəzi xatirələri yaşatmağa davam edir. Nə qədər az xatırlayırsa, o qədər çox sevir. Coel Klementinasız yaşaya bilməyəcəyini nəhayət anladıqdan sonra sevdiyi qadının keçmiş xatirələrini, nə qədər ki gec deyil ona geri qaytarmağın yollarını axtarmağa başlayır… Elmi-fantastika həvəskarısınızsa və sevirsinizsə “Əbədi Parıltı” lap yerinə düşər.

4. The Matrix (1999)

Vaçovski qardaşlarının Matrix-i haqda nə qədər çox danışsaq, yenə də azdır. Trilogiyanı bəziləri adi fantastika hesab etsə də, mütəxəssislər filmin dərin fəlsəfi mənası olduğunu və hətta müasir siyasi sistemi tənqid etdiyini düşünür. Tomas Andersonun (Kianu Rivz) həyatı ikiyə bölünüb: gündüzləri o adi ofis işçisidir, gecələri isə istənilən gizli məlumata yiyələnə bilən Neo ləqəbli xaker. Günlərin bir günü isə hər şey alt-üst olur: Neo anlayır ki, onu əhatə edən hər bir şey illüziyadır, insanlar isə onları işğal edən süni intellektin köləsi. Kölələrin həyatda kim olduğunu başa düşdünüz, işğalçı süni intellektin kimi təmsil etdiyinə isə filmi izlədikdən sonra qərar verərsiniz.

3. Interstellar (2014)

İqlim dəyişikliyi Yerdə bir sıra problemlərə yol açdığından tədqiqatçı və alimlərdən ibarət kollektiv yeni yaşayış üçün planet tapmaq məqsədilə kosmosun köstəbək dəlikləri içərisindən uzaq səfərə çıxırlar. Rejissor Kristofer Nolanın “Ulduzlararası” filmi xeyli müzakirə olundu və şübhəsiz ki son illərin ən keyfiyyətli elmi-fantastik ekran əsərləri sırasında ön yerlərdə durmalıdır. Filmin ən böyük üstünlüyü elmiliyindən qaynaqlanır. Zamanda səyahət, qara dəliyə daxil olma, fərqli boyutlar, çoxölçülü sfera, zamanın nisbiliyi – filmin ssenarisini təşkil edən bu ideyalar fantastika deyil, elmi nəzəriyyələrdir.

2. Gattaca (1997)

Qattakaya xoş gəlmisiniz! Gələcəyin dünyasında xoşbəxt o kəslərdir ki, genetik olaraq proqramlaşdırılıblar. Vay onların halına ki, laboratoriyada yox, təbii yolla, məhəbbətin nəticəsi olaraq doğulublar… Vinsent Frimenin (İtan Houk) taleyi belə gətirib ki, dünyaya göz açdıqda sinəsinə “yararsız” yazısı asılıb. Vinsent emosionaldır, zəifdir və özünə güvənmir. Elə bu səbəbdən başqa bir “süni” insanın şəxsiyyətini satın alaraq, hökümət strukturunu aldadıb, Gələcəyin Qattaka Korporasiyasına üzv olur. Frimenin məqsədi heç də prestij və qazanc deyil, uşaqlıqdan görmək istədiyi kosmosdur. Arzusu o dərəcədə böyükdür ki, bunun üçün cinayətə belə əl atmağa razıdır.

1. Contact (1997)

Radioastronom doktor Elli Errouey (Codi Foster) hələ uşaqlıq vaxtlarından ulduzları arzulayırdı. Çox erkən yaşlarda itirdiyi atasının ona aldığı radioqurğu ilə efirə çıxaraq, həvəskar işlə özünə məşğuliyyət tapırdı. İndi isə doktor Erroueyin vəzifəsi müxtəlif kosmik obyektlər və yerdənkənar sivilizasiyalardan göndərilə biləcək siqnalların dinlənilməsi və qeydə alınmasından ibarətdir. Lakin yadplanetlilər, alimləri maliyyə dəstəyilə təmin edən qurumların maraq dairəsində deyil. Çətinliklərin davam etdiyi vaxtda doktor Errouey bir gün qəribə kosmik siqnal qeydə alır. Rejissor Robert Zemekis “Kontakt” filmini sevilən və unudulmaz astronom və elm populyarizatoru Karl Saqanın eyniadlı romanı əsasında çəkib. Film alimin ölümündən sonra (1996) onun xatirəsinə həsr edilib.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Did you find apk for android? You can find new Free Android Games and apps.

Leave a Reply