Want create site? Find Free WordPress Themes and plugins.

Fridrix Nitsşenin Zərdüştü üzünü kütləyə tutub, onları “fövqəlinsan” olmağa dəvət edirdi. Filosofun fövqəlinsanı nəyə oxşaya bilər deyə düşünməyə başladıqda, gələcəyin texnologiyalarına xüsusi yer ayırın.

XX əsrin ikinci yarısında tibb insan orqanlarının əvəz olunması üçün müxtəlif maraqlı üsullar kəşf etdi. Müasir dövrdə artıq adiləşmış kardiostimulyator sözü 50-ci illərdə inqilaba səbəb olmuşdu. Hazırki innovasiyalar sayəsində karların eşitmə bacarığı bərpa edilir və görmə əngəllilərin gözləri müalicə olunur. Əgər bir gün kardiostimulyator daha dəbdən düşsə, onu başqa bir şeylə dəyişdirə biləcəyik.

Bir neçə onillik əvvəl hazırlanma prosesində olan bu texnologiyalar gündəlik həyatımıza o dərəcədə oturuşub ki, daha heç kəsdə təəccüb doğurmur. Hələ də elmi fantastika kimi dəyərləndirilən tibbi texnologiyalar var ki, tezliklə kardiostimulyator kimi həyatımıza daxil olub, orada özünə yer tutacaq – yaxın keçmişin tarixi bunu təsdiqləyir. Bu texnikalardan bəziləri bədənimizə qoşulan tətbiqetmələr olacaq, digərli isə fəaliyyətimizi daha da artırmaq üçün nəzərdə tutulacaq.

“Beyin-kompüter” interfeysi

ETH Cybathlon rehearsal at the Swiss Arena in Kloten, Switzerland, July 14th 2015. (ETH/Alessandro Della Bella)
“Beyin-kompüter” interfeysi olan neyrokompüter interfeysi, elə düşündüyümüz kimi insan beyni və kənar qurğu arasında əlaqə yaradır. İllərdir bu ideya elmi fantastika olaraq qalırdı – bəlkə hələ də bəziləri bundan xəbərsizdir, amma bu tip qurğular artıq 90-cı illərin ortalarından başlayaraq insanlar üzərində test edilir. Qeyd etmək vacibdir ki, araşdırmalar bu günədək davam edir.

1920-ci illərdən bəri məlumdur ki, beyin elektrik siqnallar istehsal edir. Bu siqnalları mexaniki avadanlığı idarə etmək üçün (və ya əksinə) ötürməyin mümkün ola biləcəyi ilə bağlı hipotez təklif edilmişdi. Meymunlar kimi canlılar üzərində neyrokompüter interfeysi sahəsində aparılan tədqiqatlar 60-cı illərdən bəri davam edir və xüsusilə son 15 ildə bu sferada ciddi sıçrayışlar baş verir.

Müasir üsullarla görmə və eşitmə çətinliyi olanların təbii bacarıqları, habelə fiziki əngəlli pasientlərin hərəkəti bərpa olunur. 2013-cü ildə buraxılan qeyri-invaziv prototip sayəsində iflic vəziyyətində olan şəxs kompüterdən istifadə edib. Pasientin nə izlədiyini və kursorun haraya çevrilməsi lazım olduğunu anlamaq üçün bu qurğu beynin arxa hissəsindən ötürülən və müxtəlif tezlikləri təhlil edən görmə siqnallarını müvəffəqiyyətlə tuta bilib.

Ekzoskeletlər

ekzoskeletler

Gələcəyin müharibə səhnələrini göstərən fantastik filmlərdən bildiyimiz ekzoskeletlər (xarici skeletlər) artıq mühəndis və alimlərin böyük səyilə hazırlanmaqdadır. Lakin inkişaf etdirilməsinin əsas məqsədi heç də iri robotlar və yadelli işğalçılarla döyüşmək deyil – bu texnologiya sayəsində əlillər ayağa qalxa biləcək və ağır fiziki güc tələb edən sahələrdə işləyən insanlar daha dözümlü olacaqlar.

Bir şirkət alüminium və titandan 15 kilo ağırlığında Ekso kostyumu hazırlayıb və artıq ABŞ tibb mərkəzlərindən bir neçəsində istifadəyə verilib. Üstünlüyü bundan ibarətdir ki, onurğa beyində iflic travmaları olan pasientlər daha yeriyə bilir.

Lokhed Martin öz dəfələrlə yoxlanılmış Human Universal Load Carrier adlı oxşar “geyimini” hərbiçilər üçün təchiz edəcək. Bu ekzoskelet adi insana 90 kq ağırlıqdaki yükü saatda 15 km sürətlə daşımaq imkanı yaradır – nə yorulma, nə də tərləmə kimi təsirlərə məruz qalmadan.

Tibb sahəsində istifadəyə verilən daha bir maraqlı qurğu yaponların hazırladığı Cyberdine‘dir. Bu ekzoskelet də iflic halıda olan insanlara yerimə şansı təklif edir.

Neyron implantlar

neyron-implantlar

Neyron implantlar beynin boz maddəsinə yeridilən istənilən cihaza verilən addır. Neyron implantatı neyrokompüter interfeysi və ya əksinə də ola bilər, amma bu terminlər sinonim deyil. Ekzoskeletlərin bədən üçün etdiklərini implantlar beyin üçün edir, yəni bunların əksəriyyəti beynin pozulmuş və ya zədələnmiş mürəkkəb bölgələrinin funksiyasını və əqli bacarıqları bərpa edir.

Neyron implantatların dərin beyin stimulyasiyası üçün istifadəyə verilməsi hələ 1997-ci ildə təsdiqlənib. Effektivlikləri aşkar edildikdən sonra Parkinson, həmçinin xroniki ağrılar və depressiyanın müalicəsində tətbiq olunmağa başlayıb.

Lakin ən çox istifadə olunan neyron implantatlar 60-cı illərdə inkişaf etdirilmiş və itirilmiş görmə və eşitmə kimi bacarıqların qismən bərpa edilməsini təmin edən koxlear və tor qişa implantlarıdır.

Kiber-üzvlər

kibe

İtirilmiş üzvlərin əvəz olunması üçün protezlərdən yararlanmaq olar, bunların müasir analoqu isə təkcə estetik baxımdan deyil, həm də funksiya baxımından unikal hesab edilən kiber-üzvlərdir. Belə üzvlərin əsas vəzifəsi itirilmiş üzvün tam funksionallığının və xarici görünüşünün bərpası və əvəz olunmasıdır. Protezlərin hazırlanmasında əsasən neyrokompüter intefeysi tətbiq edilirsə belə, bu sferada məhdudiyyətləri aradan qaldıran digər araşdırmalar da aktiv olaraq aparılır.

Mövcud bir çox qurğular qeyri-invaziv interfeys istifadə edir ki, bunlar da yüngül əzələ hərəkətləri olduğunu aşkar edir. Müasir aparatlar isə daha effektiv hərəkətlilik nümayiş etdirir. Bununla yanaşı sahə üzrə ikitərəfli interfeys təmin etməyə çalışan tədqiqatçılar var ki, robotlaşdırılmış protez hazırlamaq hədəfindədirlər. Bunun köməyilə pasient süni əliylə toxunduğu obyekti hiss etmiş olacaq. Bu hələ harasıdır…

Harvardda yaradılan toxuma mühəndisliyi və nanotexnologiya sahələri “kibernetik toxuma” istehsal etmək üçün birləşiblər. Söhbət insan toxuması içərisinə yeridilən funksional elektronikadan gedir. Layihəyə başçılıq edən Çarlz Liberin dediyinə görə, bu nailiyyət sayəsində insanlar bioloji sistemin fəaliyyətini tam əvəzləmiş olacaqlar. Kibernetik toxumanın istehsalı işi dayanmadan davam etdirilir.

Ekzokorteks

ekzokorteks

Yuxarıda qeyd edilən ideyaları gələcəyə şamil edərək ekzokorteksi təsəvvür etməyə çalışın. Bu nəzəri informasiya təkmilləşdirilməsi sistemi bioloji beynin imkanlarını genişləndirmək üçün düşünülüb. Kompüterlə ağlın qarışması necə səslənir?

Bu təkcə beynin ən yaxşı informasiya saxlama anbarı olacağı mənasını vermir, həm də informasiyanın daha sürətli emal ediləcəyini vəd edir. Ekzokorteks yüksək səviyyəli düşünmə və dərk etmə üçün nəzərtə tutulub. Təsəvvür etmək çətindirsə düşünün ki, insan artıq uzun müddətdir xarici sistemləri bunun üçün istifadə edir. Qədim yazı və hesablama texnologiyaları olmasaydı müasir riyaziyyat və fizika sahələri yaranmazdı və kompüterlər uzun texniki proqres yolundaki dayanacaqlardan biridir.

Bundan başqa unutmayın ki, insanlar artıq kompüterləri öz davamçıları kimi istifadə etməyə başlayıb. İnterneti özlüyündə bu texnologiyanın prototipi kimi görmək olar, çünki bizə böyük informasiya bazasına giriş təqdim edir; kompüterlər kimi giriş üçün istifadə etdiyimiz qurğular isə bizə beynimizin hökmən bilmək məcburiyyətində olmadığı informasiyaların emalı üçün vasitələr verir. İki sistemin qarışması nəzəri olaraq insanlara elə bir vasitə təmin edəcək ki, onun sayəsində insan intellekti “fövqəlyüksək” və əlçatmaz səviyyəyə qalxacaq.

Gen mühəndisliyi

gen-muhendisliyi

Gen terapiyası və gen mühəndisliyi tarixdəki istənilən elmi nailiyyətlər arasında ən güclü potensiala malikdir. Təkamülü anlamaq və genetik komponentləri dəyişdirmək ideyaları elmdə olduqca gənc sahələr olduğu üçün dəqiqiliklə vurğulanmalıdır ki, bu kəşflərin təsirləri axıracan öyrənilməyib. Məsələ burasındadır ki, bu iki sahə ilə bağlı aparılan araşdırmalar və onların tətbiqi insanları qorxudur – insanlar qorxur ki, günlərin bir günü elm onları da laboratoriya siçanları kimi görməyə başlayacaq.

Əlbəttə ki, gen mühəndisliyin ən əsas məqsədi genetik xəstəlikləri aradan qaldırmaqdır. Yetkin insanlarda bəzi genetik çatışmazlıqları artıq müalicə etmək mümkündür, lakin üsulun ən vacib potensialı embrionlar üzərində aparılacaq təcrübələrdən sonra aydın olacaq ki, hələlik bu fikir “qeyri-etik” səslənir. Yaxın gələcəkdə təkcə genetik xəstəlik və pozuntuları müalicə etməklə kifayətlənməyib, həm də doğulacaq uşağın göz rəngi və cinsi kimi özəlliklərini əvvəldən seçə bilərik. Texnologiya kifayət qədər baha başa gəlir və dəqiq olaraq nə vaxt qanuniləşdiriləcəyi ilə bağlı konkret heç bir şey demək olmur. Müasir dövrün insanları hələ sivil yaşamağa vərdiş etməyib, bir-birini irqi, cinsi və ictimai statusuna görə bölürsə və hətta bu müxtəlifliklər siyasi plana qədər böyüdülüb, təbliğat obyekti kimi çatdırılırsa, əminliklə demək olar ki, gen mühəndisliyi gələcəkdə mürəkkəb sosial münaqişələrə gətirib çıxaracaq.

Alimlərin genetik modifikasiya üsulları ilə siçanları daha da gücləndirməyə və dözümlü etməyə nail olduğu bir vaxtda insanlar suiqəsd nəzəriyyələri hazırlayır. İnsan ömrünün uzadılması potensialını da məhz gen mühəndisliyi təklif edir. Hərçənd əgər hələ də bəşəriyyəti qıtlıq və aclıqdan xilas etmə şansı bəxş edən GMO orqanizmlərə güvənilmirsə, biz ümumiyyətlə nədən bəhs edirik?!

Nanotibb

nanotibb

Genetik mühəndisliyinin potensialları sizi heyran qoydusa, bir də nanotibbin vəd etdiyi imkanlara nəzər yetirin. Nanotexnologiyalar hələlik ictimai şüur üçün yaddır, çünki metodika sayəsində bəşəriyyət tarixindəki bütün xəstəliklərin kökünü kəsməyə qadir ola bilərik ki, burada ölüm də istisna edilmir.

Müasir nanotibb hər hansı bir nano ölçüsündəki texnika köməyilə bədənin müəyyən hissəsinə dərman dozaları çatdırılması fikrinə əsaslanır və innovasion molekulyar müalicə üsulları təqdim edir. Məsələn, ağ ciyər xərçənginin təcrübi müalicələrində orqanizmə yeridildikdən sonra aerozolla parçalanan və zədələnmiş ağ ciyər nahiyələrinə daxi olan nanohissəciklərdən istifadə olunur. Ardından xarici maqnit köməyilə hissəciklər isinir və xəstə hüceyrələri məhv edir. Orqanizmin təbii prosesləri isə ölü hüceyrələri və nanohissəcikləri aradan qaldırır. Bu üsul siçanlar üzərində uğurla test edilib, lakin hələlik zədələnmə baş vermiş nahiyədəki xəstə hüceyrələrin 100%-i zərərsizləşdirilə bilinmir.

Özünüistehsal bacarığına malik mikroskopik nanobotları xəstəlik müşahidə olunan hüceyrələrin məhv edilməsi, dərman çatdırması və hüceyrələrin əvəz edilməsi üçün proqramlaşdırmaq mümkündür. Nəzəri olaraq onları təkcə xəstə yox, həm də travmadan sonra sürətli bərpa prosesi təmin etmək üçün zədələnmiş hüceyrələrə tətbiq etmək olar. Ən əsası isə yaşlanma prosesini geri çevirib, insanı gəncləşdirmək belə mümkün ola bilər. Bu texnologiyaların məntiqi davamı inanılmaz dərəcədə uzunömürlü və dözümlü insan bədənləri olmalıdır. Lakin əgər buna nail olmasaq belə, alimlərin əlində ölümü elmi yolla aldatmağın daha bir yolu var.

Beynin qorunub saxlanması

beyin-saxlanmasi

Nəhayət “transhumanizm” mərhələsinə gəlib çatdıq. Bu anlayış bizə çox böyük ümidlər verir – fiziki məhdudiyyətlərdən bir dəfəlik qurtula bilərik, amma bunun üçün bədənimizin müəyyən hissələrindən və ya bir hissəsindən imtina etməliyik. İlk dəfə termin “Ölümsüzlüyün Perspektivi” adlı kitabın müəllifi olan və həmçinin krionikanın atası hesab olunan Robert Ettinqer tərəfindən irəli sürülüb. Firidun İsfəndiyari ilə birlikdə transhumanizm sferasının pionerlərindəndir.

Ettinqer kitabını yazdığı vaxt insan və heyvanların (və ya beyin kimi müxtəlif orqanların) 150 dərəcədən aşağı temperaturlarda konservasiyası ideyası orqanizmin qorunub saxlanmasının yeganə və ən uğurlu yolu idi. Müasir dövrdə beyin konservasiyası araşdırmaları daha çox kimyəvi konservasiya ilə bağlıdır və krionikadan fərqli olaraq dəhşətli temperatur tələbləri yoxdur.

Bu gün artıq məlumdur ki, ağılla birlikdə insan beynini qoruyub saxlamaq mümkün deyil. Bu səbəbdən sahə yalnız bədənin maksimal qədər keyfiyyətli qorunub saxlanması üçün imkanlar axtarışındadır.

Süni bədənlər

suni-bedenler

Bədən hissələrimizi laboratoriyalarda yetişdirilmiş versiyaları ilə əvəz etməyə başlasaq proses o mərhələyə qədər inkişaf edəcək ki, beyin də daxil olmaqla insan orqanizminin hər bir orqanını yenidən yaratmaq mümkün olacaq. Hal-hazırda 15 tədqiqat institutu insan beyninin müxtəlif nahiyələrini təqlid edən aparat təminatını yaratmağa çalışır. Hazırladıqları ilk prototip 51 milyon süni sinaps təşkil edən 10 santimetrlik lövhəcikdir.

İsveçrənin Blue Brain layihəsi beyin funksiyalarının yenidən yaradılması üçün superkompüterdən yararlanır. Layihəyə başçılıq edən Henri Markram on ilə süni beyin yaradacağına əminliyini bildirir.

Əzələlərimiz, qanımız və orqanlarımızın süni analoqları hazırlanma etapındadır və günlərin bir günü tamfunksional insan bədəninin yığılması haqda eşitsəniz, təəccüblənməyin. Bütün bu maraqlı ideyalarla yanaşı tükürpədən başqa bir texnologiya da var ki, öz bədənlərimizi tərk etmək imkanı verir.

Şüurun kompüterə yüklənilməsi

suur-yuklenmesi

Ən məşhur futuroloqlardan olan Rey Kurtsvel hesab edir ki, artıq 2045-ci ildə insanlar şüurlarını və beyinlərində olan informasiyanı kompüterə yükləyə biləcəklər. Con Lennonun “Imagine” musiqisində deyildiyi kimi, Kurtsvel “xəyalpərəst olsa da, tək deyil”.

Sözsüz ki bir çoxları mürəkkəb beyin funksiyalarını sadə hesablamalara çevirməyin ağılsızlıq olduğunu və şüurun, elmin heç vaxt sirrini tapmacağı bir problem təqdim etdiyini bildirir. Başqa bir vacib sual da budur ki, yüklənmiş və ya “rezerv” şüur orijinaldan fərqlənəcək mi? Yoxsa tam başqa bir “şəxsiyyətə” çevriləcək? Bundan sonra əsas məsuliyyət nevroloqaların üzərindədir. Uzun-uzadı düşünə bilərlər.

Lakin əgər bir gün beyindəki bütün informasiyanı həqiqətən rəqəmsal dünyaya yükləyə bilsək, bu, ölümsüzlük erasının rəsmi olaraq başladığı mənasını verəcək. Biz, sonsuz zaman çərçivəsində, hard diskdəki proqram kimi fantastik rəqəmsal dünyada “yaşaya”, bioloji əcdadlarımızın əlçatmaz hesab etdiyi elmi kəşfləri edə və qalaktikaları ələ keçirə bilərik. Sonumuzu isə kainatın məhvindən başqa nə gətirə bilər?

Bizdən daha ağıllı insanlar ölməzdən əvvəl bunları həyata keçirəcək. Bəhs edilən üsullardan heç olmasa biri reallaşsa ən azından daha uzun ömür sürüb, gələcəyin necə qurulacağının canlı şahidi olacağıq. Bunun nəyi qorxuludur ki?

Material Hi-News və Listverse portallarının məlumatları əsasında hazırlanıb

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Did you find apk for android? You can find new Free Android Games and apps.

Rəy yazın