Want create site? Find Free WordPress Themes and plugins.
Müəlliflik hüququ ilə qorunan obyektlər hansılardır?

Müəlliflik hüququ ilə qorunan obyektlər – ədəbi əsərlər, məsələn, elmi nəşrlər, romanlar, poemalar, pyeslər, məlumat nəşrləri, qəzetlər və jurnallar, kompüter proqramları, məlumat topluları və multimedia məhsulları, filmlər və digər audiovizual əsərlər, musiqi və xoreoqrafiya əsərləri, təsviri sənət əsərləri, məsələn, rəsmlər, cizgilər, fotoşəkillər və heykəllər, memarlıq əsərləri, həmçinin reklam rəsmləri, coğrafi xəritələr və çertyojlar və s. ola bilər.

Müəlliflərin hansı əmlak hüquqları vardır?

Müəlliflik hüququ ilə qorunan əsərlərin müəlliflərinin şəxsi (qeyri-əmlak) hüquqlarla yanaşı, müstəsna əmlak hüquqları vardır. Onların əsərdən istifadə etməyə, yaxud razılaşdırılmış şərtlərlə əsərdən istifadə hüququnu digər şəxslərə verməyə müstəsna müəllif hüququ vardır. Əsərin müəllifi aşağıdakılara icazə verə və ya qadağa qoya bilər:

  • əsərin birbaşa və ya dolayısı yolla surətini çıxarmaq (surətçıxarma hüququ);
  • əsərin orijinalını və ya nüsxələrini satış, yaxud mülkiyyət hüququnun başqa cür verilməsi yolu ilə yaymaq (yaymaq hüququ);
  • əsərin orijinalını və ya nüsxələrini kirayəyə vermək (kirayə hüququ);
  • əsərin nüsxələrini (o cümlədən müəllifin, yaxud əsərə müstəsna müəlliflik hüquqlarının sahibinin razılığı əsasında istehsal edilmiş nüsxələri) yaymaq məqsədi ilə idxal etmək (idxal hüququ);
  • əsəri kütləvi nümayiş etdirmək (kütləvi nümayiş hüququ);
  • əsəri kütləvi ifa etmək (kütləvi ifa hüququ);
  • kütləyə çatdırılması məqsədi ilə əsərin kütləvi bildirişi (verilişin efirlə və ya kabellə kütləvi bildirişi daxil olmaqla (kütləvi bildiriş hüququ);
  • əsərin kütləyə çatdırılması üçün onun ilk və ya sonrakı bildirişləri də daxil olmaqla efirlə kütləvi bildirişi (efirlə kütləvi bildiriş hüququ);
  • kütləyə çatdırmaq üçün ilk və sonrakı bildirişlər də daxil olmaqla əsərin kabellə (kabel, naqil və ya digər oxşar vasitələrlə) bildirişi (kabellə kütləvi bildirişi hüququ);
  • əsəri interaktiv istifadə üçün kütləyə çatdırma (interaktiv kütləvi bildiriş hüququ);
  • əsəri tərcümə etmək (tərcümə hüququ);
  • dəyişdirmək, aranjeman etmək, yaxud başqa formada yenidən işləmək (yenidən işləmək hüququ) və s.

Əmlak hüquqları müəllifin istəyi ilə digər fiziki və ya hüquqi şəxsə keçə bilər. Müəlliflik hüququ ilə qorunan bir çox elm, ədəbiyyat və incəsənət əsərlərini (məsələn, çap nəşrlərini, səsyazmalarını, filmləri) kütləyə, o cümlədən, rabitə vasitələri ilə çatdırmaq lazım gəlir. Bunun üçün isə maliyyə vəsaitləri tələb olunur. Buna görə də müəlliflər çox vaxt öz əsərlərinə olan istifadə hüquqlarını, müəyyən mükafat müqabilində ayrı-ayrı şəxslərə və ya şirkətlərə satırlar. Belə mükafatın miqdarı çox vaxt əsərdən faktiki istifadənin həcmindən asılı olur, mükafatın özü isə bu halda royalti adlanır.

Müəlliflik hüququnun qorunma müddəti nə qədərdir?

“Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununun 25-ci maddəsinə əsasən, müəlliflik hüququ əsərin yaradılması ilə yaranır, müəllifin bütün həyatı boyu və bu Qanunun 26-cı maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, onun ölümündən sonra 70 il müddətində qüvvədə qalır. Bu cür qorunma müddətləri müəlliflərə və onların vərəsələrinə münasib vaxt ərzində iqtisadi fayda götürməyə imkan verir. Müəlliflik hüququnun tərkib hissəsi olan əmlak hüquqlarının qorunmasının müddətli olması müəllif və cəmiyyətin maraqları arasında balans axtarışının, yaradıcılığın stimullaşdırılması və cəmiyyətin biliklərə və mədəniyyətə sərbəst qovuşması tarazlığının nəticəsidir.
Müəlliflik hüququ çərçivəsində, həmçinin şəxsi (qeyri-əmlak) hüquqlarının qorunması, məsələn, əsərin müəllifi kimi tanınmaq hüququ, əsərdə müəllifin şərəf və ləyaqətinə xələl gətirən hər hansı bir dəyişikliklərin aparılmasına qarşı çıxmaq hüququ və s. nəzərdə tutulur. Bu hüquqların qorunmasına zaman məhdudiyyəti qoyulmur.

Müəlliflik hüququ necə tənzimlənir?

Müəlliflik hüququnun qorunması hər hansı bir rəsmiyyətçilikdən asılı deyildir. Yaradıcılıq məhsulunun qorunması əsərin yaranması anından başlanır. Azərbaycanın milli qanunvericiliyi müəyyən ölkələrdə olduğu kimi, əsərlərin rəsmi qeydiyyatının mümkünlüyünü nəzərdə tutur. Bu imkan müəlliflərin və hüquq sahiblərinin maraqlarını müdafiə etmək məqsədi ilə dövlət tərəfindən təşkil olunur və əsərini qeydiyyatdan keçirən şəxslər üçün əlverişli şərait yaradır. Müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin könüllü qeydiyyat mexanizminin mahiyyəti və onların inkişafına tələbat ilk növbədə onunla diqtə olunur ki, qeydiyyat icra və məhkəmə hakimiyyəti orqanları tərəfindən həyata keçirilən hüquqların qorunması və hüquqların müdafiəsi arasında çox vacib körpü yaradır.

Törəmə əsərlərə müəlliflik hüququ

Tərcüməçinin və digər törəmə əsər müəlliflərinin etdikləri tərcüməyə, dəyişməyə, aranjemana edilən, yaxud başqa cür yenidən əsərlərin müəlliflərinin hüquqları saxlanılmaqla, tərcüməçi və digər törəmə əsər müəllifi öz yaratdığı əsərə müəlliflik hüququndan istifadə edir.

Tərcüməçilərin və digər törəmə əsər müəlliflərinin müəlliflik hüququ həmin əsərlərin başqa şəxslər tərəfindən tərcüməsinə və yenidən işləməsinə mane olmur.

Şəxsi (qeyri-əmlak) hüquqlar 
  1. Əsərin müəllifinin aşağıdakı şəxsi (qeyri-əmlak) hüquqları vardır:
    a) əsərin müəllifi kimi tanınmaq hüququ (müəlliflik hüququ);
    b) əsərdən öz adı ilə, təxəllüslə, yaxud adsız (anonim) istifadə etmək və ya bu cür istifadəyə icazə vermək hüququ (ad hüququ);
    c) əsərinin mənasının dəyişdirilməsinə, təhrif olunmasına və ya hər hansı digər formada yenidən işlənməsinə, həmçinin müəllifin şərəf və ləyaqətinə xələl gətirən hər hansı başqa hərəkətlərə qarşı çıxmaq hüququ (şöhrətinə hörmət edilməsi hüququ);
    d) istifadədən götürmək də daxil olmaqla əsərini istənilən formada açıqlamaq və ya acıqlanmasına icazə vermək hüququ (açıqlama hüququ).
  2.  Şəxsi hüquqlar bölünməz və özgəninkiləşdirilməz olub əmlak hüquqlarından asılı olmayaraq müəllifə məxsusdur və əmlak hüququnun başqasına verildiyi hallarda da müəllifdə qalır.
  3. Müəllif, istifadəçiyə dəyən zərəri və qazanacağı gəliri ödəmək şərti ilə, əsərin acıqlanması haqqında əvvəllər qəbul edilmiş qərardan imtina edə bilər (imtina hüququ). Əgər əsər acıqlanmışdırsa, müəllif imtina barədə acıq çıxış etməlidir. Belə halda müəllifin həmin ana qədər hazırlanmış əsər nüsxələrini öz vəsaiti hesabına almaq ixtiyarı vardır.Xidməti əsərlər yaradılarkən bu bəndin müddəaları tətbiq olunmur.

Əmlak (iqtisadi) hüquqları

  1. Müəllifin və ya əsərə müəlliflik hüququnun digər sahibinin bu Qanunda nəzərdə tutulan hallar istisna olmaqla, əsərdən hər hansı formada və üsulla istifadə etməyə müstəsna hüququ vardır.
  2. Əsərdən istifadəyə müstəsna hüquqlar aşağıdakıları həyata keçirməyi, həyata keçirilməsinə icazə verməyi, yaxud qadağan etməyi bildirir:
  • əsərin surətini çıxarmaq (surətçıxarma hüququ);
  • əsərin nüsxələrini hər hansı üsulla yaymaq, satmaq, kirayəyə vermək və s. (yaymaq hüququ);
  • əsərin nüsxələrini (o cümlədən müəllifin, yaxud əsərə müstəsna müəlliflik hüquqlarının sahibinin razılığı əsasında istehsal edilmiş nüsxələri) yaymaq məqsədi ilə idxal etmək (idxal hüququ);
  • əsəri kütləvi nümayiş etdirmək (kütləvi nümayiş hüququ);
  • əsəri kütləvi ifa etmək (kütləvi ifa hüququ);
  • kütləyə çatdırılması məqsədilə əsərin kütləvi bildirişi (verilişin efirlə və ya kabellə kütləvi bildirişi daxil olmaqla) (kütləvi bildiriş hüququ);
  • əsərin kütləyə çatdırılması üçün onun ilk və ya sonrakı bildirişləri də daxil olmaqla efirlə kütləvi bildirişi (efirlə bildiriş hüququ);
  • kütləyə çatdırmaq üçün ilk və sonrakı bildirişlər də daxil olmaqla əsərin kabellə (kabel, naqil və ya digər oxşar vasitələrlə) bildirişi (kütləyə çatdırmaq üçün kabellə kütləvi bildiriş hüququ);
  • əsəri tərcümə etmək (tərcümə hüququ);
  • dəyişdirmək, aranjeman etmək, yaxud başqa formada yenidən işləmək (yenidən işləmək hüququ).
  • Arxitektura, şəhərsalma və bağ-park layihələrindən istifadə üzrə müstəsna hüquqlara həm də belə layihələrdən praktik istifadə etmə halları daxildir. Qəbul edilmiş arxitektura layihəsinin müəllifinin, müqavilədə başqa hal nəzərdə tutulmadıqda, sifarişçidən öz layihəsinin tikinti üçün sənədlərinin hazırlanmasında və binanın tikintisində (tikilidə) iştirakını tələb etmək hüququ vardır.
  1. Əsərin qanuni dərc edilmiş nüsxələri satılma yolu ilə mülki dövriyyəyə buraxılmamışdırsa, sonradan həmin nüsxələrin müəllifin razılığı olmadan və müəllif qonorarı verilmədən yayılmasına yol verilir.

Bununla birlikdə, əsərin orijinalının və ya nüsxələrinin bu nüsxələrə mülkiyyət hüququndan asılı olmayaraq kirayəyə verilməklə yayılması hüquqi müəllifdə və müəlliflik hüququnun digər sahibində qalır.

  1. Əsərlərdən istifadənin hər növünə görə müəllif qonorarının həcmi və hesablanması qaydası əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlarla istifadəçilər arasında bağlanmış müqavilələrlə müəyyən edilir.
  2. Əmlak hüquqları üçün bu maddənin ikinci bəndində nəzərdə tutulan məhdudiyyətlər bu Qanunun 17-25-ci maddələri ilə o şərtlə müəyyən edilir ki, belə məhdudiyyətlər əsərdən normal istifadəyə əsassız ziyan vurmasın və müəllifin qanuni maraqlarını lüzumsuz məhdudlaşdırmasın.

Əsərlərdən informasiya, elmi, tədris və digər məqsədlər üçün istifadə

Müəllifin və ya müəlliflik hüquqlarının digər sahibinin razılığı olmadan və müəllif qonorarı verilmədən, lakin istifadə olunan əsərin müəllifinin adını və götürülmə mənbəyini mütləq göstərməklə aşağıdakı hallara yol verilir:

1) elmi, tədqiqat, polemika, tənqidi və informasiya məqsədi ilə qanuni dərc edilmiş əsərdən, həmçinin qəzet və jurnallardan, sitatın məqsədinə müvafiq həcmdə çap icmalı formasında qısa parçaların orijinalda və ya tərcümədə sitat kimi verilməsinə;

2) qanuni dərc edilmiş əsərlərdən qısa parçaları müəyyən məqsəd üçün lazım olan həcmdə tədris xarakterli nəşrlərdə, radio və televerilişlərdə, səs və videoyazmalarda istifadə etməyə;

3) müəllif və ya müəlliflik hüquqlarının digər sahibinin qadağan etdiyi hallar istisna olmaqla, qanuni əsasda dərc edilmiş cari iqtisadi, siyasi, sosial və dini məsələlər üzrə məqalələrin, yaxud efirlə verilmiş eyni xarakterli əsərlərin qəzetlərdə, jurnallarda və digər dövri nəşrlərdə çap edilməsinə və ya kütləvi bildirişinə;

4) fotoqrafiya, kinematoqrafiya, efir və ya kabel televiziyası vasitələri ilə cari hadisələr haqqında icmalda hadisələrin gedişində görülənlərin və eşidilənlərin informasiya məqsədi üçün lazım olan həcmdə surətinin çıxarılmasına və ya kütləvi bildirişinə; bununla birlikdə, müəllifin belə əsərləri toplularda dərc etdirmək hüququ saxlanılır;

5) acıq siyasi nitqlərin, mülahizələrin, müraciətlərin, təbliğat xarakterli fikirlərin və məhkəmənin gedişində söylənən nitqlər də daxil olmaqla digər oxşar əsərlərin qəzetlərdə, jurnallarda və digər dövri nəşrlərdə çap edilməsinə və ya kütləvi bildirişinə; bununla birlikdə, müəllifin belə əsərləri toplularda dərc etdirmək hüququ saxlanılır;

6) qanuni dərc edilmiş əsərlərin gəlir götürmədən qabarıq-nöqtəli şriftlə və ya digər xüsusi üsullarla korlar üçün surətinin çıxarılmasına (xüsusi olaraq belə üsullarla dərc etmək məqsədi ilə yaradılmış əsərlərdən başqa).

Sərbəst giriş üçün daim açıq olan yerlərdə əsərlərdən istifadə

Müəllifin və ya müəlliflik hüquqlarının digər sahibinin razılığı  olmadan və müəllif haqqı vermədən, əsərin təsvirinin surətçıxarma və ya kütləvi bildiriş üçün əsas obyekt olduğu və ya əsərin surətinin kommersiya məqsədi ilə istifadə olunduğu hallar istisna olmaqla, sərbəst giriş üçün daim acıq olan yerlərdə qoyulmuş arxitektura, fotoqrafiya, təsviri sənət əsərlərinin surətinin çıxarılmasına və ya kütləvi bildirişinə yol  verilir.

Rəsmi və digər mərasimlər zamanı əsərlərin kütləvi bildirişi

Müəllifin və ya müəlliflik hüquqlarının digər sahibinin razılığı olmadan və müəllif haqqı verilmədən rəsmi və dini mərasimlərdə, həmçinin dəfn mərasimlərində qanuni dərc edilmiş musiqili əsərlərin belə mərasimlərin xarakterinə uyğun həcmdə kütləvi ifasına yol verilir.

MÜƏLLİFLİK HÜQUQUNUN VƏ ƏLAQƏLİ HÜQUQLARIN QORUNMASI

 

Müəlliflik hüququnun və əlaqəli hüquqların qorunması. əsərlərin və ya fonoqramların kontrafakt nüsxələri 
  1. Müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri, habelə səlahiyyətli dövlət orqanları və həmin hüquqları kollektiv əsasda idarə edən təşkilatlar müəlliflik hüquqlarını və əlaqəli hüquqları pozan və ya pozmaq təhlükəsi yaradan hərəkətlərin dayandırılmasını tələb etmək hüququna malikdirlər.
  2. İstehsalı (hazırlanması) və ya yayılması müəlliflik hüququnun və ya əlaqəli hüquqların pozulmasına səbəb olan əsər və ya fonoqram nüsxələri kontrafakt nüsxələr sayılır.

Gətirildiyi ölkədə heç vaxt qorunmamış və ya qorunma müddəti keçmiş, lakin bu Qanuna müvafiq surətdə qorunan əsərlərin və fonoqramların müəlliflik hüququnun və əlaqəli hüquqların sahiblərinin icazəsi olmadan Azərbaycan Respublikasına idxal edilən nüsxələri də kontrafakt nüsxələr hesab olunur.

 

Müəlliflik hüququnun və əlaqəli hüquqların qorunması vasitələri (üsulları)

Müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri öz hüquqlarının qorunması üçün məhkəməyə müraciət edə bilərlər.

Məhkəmə müəlliflik hüququ və əlaqəli hüquqlar ilə əlaqədar mübahisələrə baxarkən mülki-hüquqi müdafiənin ümumi vasitələrindən başqa; iddiaçının tələbi ilə aşağıdakıları da tətbiq edə bilər:

a) zərərin ödənilməsi əvəzinə pozuntuya yol verən şəxsdən müəlliflik hüququnun və əlaqəli hüquqların pozulması nəticəsində əldə etdiyi gəlirin tutulması;
b) zərərin ödənilməsi və ya gəlirin tutulması əvəzinə minimum əmək haqqının 100 mislindən 50 min mislinədək məbləğdə kompensasiya ödənilməsi.

Pozulmuş müəlliflik hüququnun və əlaqəli hüquqların bərpasının təminatı
  1. Azərbaycan Respublikasının müəlliflik hüquqları sahəsində fəaliyyət göstərən müvafiq icra hakimiyyəti orqanı müəlliflik hüququnun və əlaqəli hüquqların müdafiəsi üçün iddia ərizəsi verdiyi hallarda dövlət rüsumu ödəmir.
  2. Pozulmuş müəlliflik hüququnun və əlaqəli hüquqların bərpasının təminatı üçün səlahiyyətli vəzifəli şəxslər və orqanlar Azərbaycan Respublikasının mülki-prosessual və cinayət prosessual məcəllələrinə və digər qanunvericilik aktlarına uyğun lazımi tədbirləri görməlidirlər.
Qanunun pozulmasına görə məsuliyyət

Bu Qanunla nəzərdə tutulmuş müəlliflik hüququnun və əlaqəli hüquqların pozulmasına görə Azərbaycan Respublikası qanunvericiliyinə uyğun mülki, inzibati və cinayət məsuliyyəti nəzərdə tutulur.

Did you find apk for android? You can find new Free Android Games and apps.