Want create site? Find Free WordPress Themes and plugins.

İnsan meymundanmı təkamülləşib və ya insan meymundan təkamülləşmişsə niyə də hələ meymunlar var?

Bu suallar təkamül nəzəriyyəsi Çarlz Darvin tərəfindən ortaya qoyulduğu gündən etibarən ətrafda yüz illər öncə yaşamış bir şeyin ruhu kimi gəzinir. Bu günə qədər bu suallara bəsit açıqlamalar verilsə də mövzu düşündüyümüzdən daha da qəlizdir. Çünki problemin kökünü təkamül nəzəriyyəsini anlamamaqda axtarmaq düşüncəsi daha yayğındır. Halbuki təkamül nəzəriyyəsi canlılığın yəni həyatın dəyişməsini öyrəndiyi üçün bioloji bir nəzəriyyə sayılır. Yəni təkamül nəzəriyyəsini anlamaq üçün biologiya barədə ən azından bəzi fundamental, bəzən isə bir qədər akademik səviyyədə anlayışlarımızın olması lazımdır. Bu sual müşahidə etdiyimiz qədəri ilə sosial mühitlərdə və ya digər yerlərdə akademik olmayan bir şəkildə müzakirə edilir və həm bu sualları, daha doğrusu bu mövzunu təkamül nəzəriyyəsi əleyhinə istifadə etməyə çalışanlar və təkamül nəzəriyyəsini müdafiə edənlər əksərən (hətta müşahidə etdiyimiz qədəri ilə hamısı) mövzudan və sualların dolğun və düzgün açıqlamasından uzaqlaşaraq müzakirələr edirlər. Bu yazımızda bacardığımız qədər sadə, amma çox da səthi olmayacaq bir şəkildə problemin qaynağına nəzər salıb yanlış təsəvvürləri aradan qaldırmağa çalışcağıq. Ən azında bu məqaləni oxuyanlar üçün.

İnsan və onun “yüksəkliyi”

19-cu əsrin ortalarında elm dünyasının ən böyük akademik mübahisələrindən biri baş verirdi. Böyük hipokampus sualı adlanan bu müzakirə iki böyük bioloq, müqayisəli anatomiyaçı olan Tomas Henri Haksli və Riçard Oven arasında idi. Müzakirənin əsas məğzi insanın unikal bir növ olub-olmamasıydı və bütün müzakirə insan beynində olan hipokampus minorunun üstündə qurulmuşdu. Riçard Ovenə görə hipokampus minoru sadəcə insan beynində (Homo sapiens) mövcud idi və digər insanabənzər meymunların (Hominoidea) heç birində bu struktura rast gəlinmirdi. Yəni insan bənzərsizdir. İnsanın təbiətdəki yeri ilə bağlı sübutlar adlı əsərini yazarkən bütün primatları kəsib öyrənən Haksli hipokampusun bütün insanabənzərlərdə və Prosimii (yarımmeymunlar və ya ön meymunlar) yarımdəstəsi ilə digər bütün primatlarda olduğunu göstərərək müzakirədə qələbə qazanmışdı.

Nə qədər də təkamül nəzəriyyəsi bütün canlı fərdlərin təbii mövqelərinin bir-birinə bərabər olduğunu desə də bizlər insan olaraq üstün olmadığımızı qəbul etməkdə çətinlik çəkirik. Digər bir deyişlə hələ də təkamül nəzəriyyəsi ilə barışa bilmirik və bu hipokampus müzakirəsi də bu barışın önündəki ən böyük maneəni bizə göstərir: təbiətlə iç-içə olmadığımız və bənzərsiz olmağımızı göstərəcək ölçü vahidi axtarmağa olan şiddətli istək. Böyük təbiətşünaslar canlılqla bağlı bir çox nəzəriyyə irəli sürsə də sadəcə insan üçün nəzəriyyələrində istisnalar etmişdilər. Məsələn: Çarlz Layel əbədi və sabit dünya təsəvvür etmişdi: bütün üzvi strukturlar əzəldən mövcud idi və zamanla dəyişmirdi. Yalnız insanın yaradılması qısa bir zaman öncə reallaşdı: pozulmaz anatomik dizayn və anidən yaranan əxlaqi dünya. Və ya təbii seçməni Darvindən daha şiddətlə müdafi edən və Darindən daha çox təbii seçməci olan Alfred Rassel Uolles tək istisnanı insan beyi üçün etmiş və həyatının qalan qismini ruhaniliklə keçirmişdi. Sadəcə Darvin bioloji qanunların və proseslərin insan daxil olmaqla vütün calılar üzərində eyni təsirə malik olduğunu dilə gətirəcək qədər cürətli olmuşdu.

Bəlkə də təkamül nəzəriyyəsinin qarşılaşdığı böyük problemlərdən biri min illərdir böyük eqolu və özünü üstünn yaradılmış olaraq görən bizlərin anidən digər canlılardan heç bir fərqimizin olmadığını görərək təəccüblənməmiz və buna görə də inanclarımız və digər şəxsi görüşlərimizə görə elmi həqiqətləri qəbul etməməmizdir. Lakin nə düşündüyümüzdən fərqli olmayaraq elmi həqiqətlər və ya digər ifadə ilə təbiətin həqiqətləri dəyişilməzdir və bizim istəklərimizə görə formalaşmır və dəyişmirlər.

Növlərdən necə bəhs edilməli?

Pişik nədir? Bəs qartal, maral? Öz növümüzdən bəhs edərkən istifadə etdiyimiz insan sözünün mənası əslində nədir? Əgər bu suallara elmi olaraq cavab tapmağa çalışsanız, məsələnin həllini də tapmış olacaqsınız. Hər nə qədər elm (bu mövzuda biologiya, xüsusilə də taksonomiya) biz sadə görünsə də əslində düşündüyümüzdən daha da qamaqarışıq, mürəkkəb və çətindir. Bizim üçün gördüyümüz bütün dovşanlar “dovşan” olsa da bir bioloq üçün bu fərqlidir. Bütün problem də məhz bundadır. Biz elmdən uzaq və elmi metodları tamamilə anlamayan insanlar olaraq mövzuları elmdən uzaq bir şəkildə analiz etməyə çalışırıq. Buna görə həlli mümkünsüz və paradoksal görünən mövzularla qarşılaşırıq. Aşağıdakı şəkildə sadə dillə desək, dovşanlar görürsünüz, əgər sadə bir sosial və ya ictimai mühitdə dovşan desəniz, təsəvvür edilən şey boz və ya ağ rəngli, tüklü, uzun qulaqlı, balaca gəmirici olacaq. Lakin elmi bir mühitdə “dovşan” dediyiniz anda heç bir şey anlaşılmayacaq. Səbəb isə bioloji olaraq, daha dəqiq şəkildə isə taksonomik olaraq canlı növlərinin Azərbaycanca, Rusca, İngiliscə, Farsa, Türkcə deyil, sadəcə latınca adlandırılmasıdır. Dovşan sözü sizə görə əlinizdəki tutduğunuz canlını ifadə edə bilər. Amma bu ifadə bir bioloq görə hansı canlı növündən bəhs etdiyinizi anlamaq üçün kifayət deyil. Bu canlı DeilenaarOryctolagusBrachylagus idahoensis və s. latınca adlanan dovşan növlərindən biri ola bilər. Buna görə bir növdən bəhs edərkən onun latınca adını istifadə etməliyik.

Bəzi dovşan növləri

Eyni şəkildə insan növü dediyimiz zaman bioloji mənada bir çox insan növünü – Homo cinsinə aid olan növləri nəzərdə tutmuş oluruq. Bu növlər H. habilisH. erectusH. heidelbergensis,  H. neanderthalensis və s. növlər ola bilər.

Yəni əgər növlərdən bəhs ediriksə, xüsusilə də təkamül nəzəriyyəsindən bəhs ediriksə, təkamül nəzəriyyəsi ilə birlikdə formalaşan taksonomiyanı bilməli və taksonomiyaya uyğun olaraq növləri düzgün adlandırmalıyıq. Məsələn, Kanadada yaşayan bir maraldan bəhs ediriksə, ondan bəsit şəkildə maral olaraq yox, Cervus canadensis olaraq bəhs etməliyik. Və ya maral cinsindən danışırıqsa, bu cinsin Muntiacus, Elaphodus, Cervus, Axis, Elaphurus, Dama, Megaloceros, Hydropotes, Capreolus və ya digər 8 cinsdən biri olduğunu mütləq vurğulamalıyıq.

Taksonomiya nədir?

Taksonomiya və ya Taksonomik kateqoriyalar sadədən mürəkkəbə doğru zəncirvari, ierarxiya üzrə inkişafı əks etdirən anlayışlar sistemidir. Sistematikada bir ərazinin orqanizmləri öyrənilərkən ümumi əlamətləri olan oxşar fərdlər toplusu rast gəlir. Növü təşkil edən belə fərdlər toplusu başqa əlamətlərə malik fərdlər toplusundan aşkar fərqlənir. Məlumdur ki, yalnız eyni növdən olan və cinsi yolla çoxalan fərdlər bir-biri ilə cütləşir, ayrı-ayrı növ fərdləri arasında cütləşmə getmir. Bir çox ümumi əlamətlərə malik növləri taksonun daha yüksək dərəcəsi olan cinsə daxil edirlər. Cinslər isə fəsilədə birləşdirilir və i.a. Taksonların bir-birinə tabe olan formalarının bu qayda ilə yüksəlməsi təsnifatda iyerarxiya sistemi adlanır. Bu sistem əsasında fərdlər, onun zirvəsnndə isə bu sistemin bütün dərəcələrinin tabe olduğu takson durur. İyerarxiyanın əsası ilə zirvəsi arasında müxtəlif taksonlar yerləşir ki, bunların hər birinin tərkibinə özündən aşağı səviyyədə duran bir və ya bir neçə takson daxildir və o özündən yüksəkdə duran mərtəbəyə tabedir. Belə düzülüş taksonomik iyerarxiya, onun ayrı-ayrı mərtəbələri isə taksonomik dərəcələr adlanır. Hər bir ranqın taksonları həmin taksonomik kateqoriyalara aiddir. Taksonomik kateqoriyaların iyerarxiyasını ilk dəfə Karl Liniey yaratmışdır.

Yeni növlər yarandıqca və bu növlər arasında qohumluq əlaqələri barədə bilgilər artdıqca növlərin taksonomik vəziyyətini (yerini) daha dəqiq göstərməynn zəruriliyi meydana çıxdı. Bu, göstərilən yeddi kateqoriyanın bölünməsi və əvvəlki kateqoriyaların adlarına “üstü” (super), yaxud “yarım” (sub) sözlərinin əlavə olunması və yeni kateqoriyaların yaranması ilə əldə edilmişdir. Beləliklə, dəstəüstü, yarımdəstə, fəsiləüstü, yarımfəsilə, triba və s. kateqoriyalar yaranmışdır. Əlavə bölgü kimi infrasinif, infradəstə terminlərindən də istifadə edilir. Paleontoloqlar dəstə və sinif arasında kaqorta kateqoriyası işlədirlər.

Müasir təsnifatda müxtəlif əhəmiyyətli 20-dən artıq kateqoriya var. Onlar 3 qrupa bölünür: növ kateqoriyası, növ daxilində populyasiyaları göstərən kateqoriyalar və yüksək taksonların kateqoriyası.

Taksonomiya dərəcələri
Üst aləm (domen) — Aləm — Alt aləm — Tipüstü/Şöbəüstü — Tip/Şöbə — Yarımtip/Yarımşöbə — Sinifüstü — Sinif — Yarımsinif — İnfrasinif — Dəstəüstü/Sıraüstü — Dəstə/Sıra — Yarımdəstə/Yarımsıra — İnfradəstə — Fəsiləüstü — Fəsilə — Yarımfəsilə — Tribaüstü — Triba — Yarımtriba — Cins — Yarımcins — Üst seksiya — Seksiya — Yarımseksiya — Cərgə — Yarımcərgə — Növ — Yarımnöv — Varitet/Müxtəliflik — Yarım müxtəliflik — Forma — Yarımforma
TaksonomiyaBinominal nomenklatura

 

Meymun nədir? İnsan meymundanmı təkamülləşdi?

Əgər çox qısa cavab gözləyirsinizsə, bu cavab “Bəli, insan meymundan təkamülləşib” olacaq. Lakin cavab sizin fikirlərinizi qarışdırmasın deyə olduqca detallı və uzun cavabımız da aşağıda sizi gözləyir.

Yuxarıda dediyimiz kimi, hər hansı bir növdən bəhs ediriksə, onu düzgün və elmi bir şəkildə adlandırmalıyıq. Xalqa arasında fərq qoyulmadan şimpanze, oranqutan və ya qorilla bir növ kimi meymun olaraq adlandırılsa da bu yanlışdır. Meymun biologiyada taksonomik olaraq bir növ adı deyil.  İnsan (Homo sapiens) təkamülünə taksonomiya çərçivəsində baxdıqda insanın bütün atalarını, onların aid olduğu dərəcələri  və xüsusilə də meymun məvhumunun nə olduğunu görə bilərik:

İnsan taksonomiyası
Domen: Eukaryota (Nüvəlilər)
(dərəcələndirilməmiş): Unikonta (Təkqamçılılar)
(dərəcələndirilməmiş): Opisthokonta (Qamçılılar, heyvanlar və göbələklər)
Aləm: Animalia (Heyvanlar)
Alt aləm: Eumetazoa (Əsl çoxhüceyrəlilər)
Tipüstü/Şöbəüstü: Deuterostomia (Sonağızlılar)
Tip/Şöbə: Chordata (Xordalılar)
Yarımtip/Yarımşöbə: Vertebrata (Onurğalılar)
İnfratip/İnfraşöbə: Gnathostomata (Ağızçənəlilər)
(dərəcələndirilməmiş): Amniota (Amniotlar)
(dərəcələndirilməmiş): Synapsida (Sinapsidlər)
Sinif: Mammalia (Məməlilər)
Yarımsınıf: Theriiformes (Doğan məməlilər)
İnfrasinif: Eutheria (Plasentalılar)
Böyükdəstə/Böyüksıra: Boreoeutheria (Böyük plasentalılar)
Dəstəüstü/Sıraüstü: Euarchontoglires (Euarxontoqlireslər)
(dərəcələndirilməmiş): Primatomorpha (Primatkimilər)
Dəstə/Sıra: Primates (Primatlar)
Yarımdəstə/Yarımsıra: Haplorrhini (Quru burunlu meymunlar)
İnfradəstə: Simiiformes (Meymunlar)
Kiçikdəstə: Catarrhini (Qədim Dünya Meymunları)
Fəsiləüstü: Hominoidea (İnsanabənzərlər)
Fəsilə: Hominidae (Hominidlər: Böyük İnsanabənzərlər)
Yarımfəsilə: Homininae (İnsanlar, şimpanzelər, qorillalar və əcdadları)
Triba: Hominini (İnsanlar, şimpanzelər və əcdadları)
Yarımtriba: Hominina (İnsan və əcdadları)
Cins: Homo (İnsan)
Növ: Homo sapiens (Düşünən insan)
Yarımnöv: Homo sapiens sapiens (Müasir düşünən insan)
Binomial nomenklatura
Homo sapiens
Linnaeus, 1758
Trinomial (yarımnöv) nomenklatura
Homo sapiens sapiens

 

Taksonomik sıra ilə gəldikdə insanın canlılıq aləmdə aid olduğu yer və təkamül tarixi bariz şəkildə görünür. Bizlər insan olaraq nüvəlilər (eukariot) domeninə aidik. Bu da o deməkdir ki, orqanizmimizi təşkil edən hüceyrələr nüvəyə sahibdir (prokariotlardan fərqli olaraq). Hər birimiz bir heyvanıq, bitki deyilik. Əsl çoxhüceyrəli alt aləminə aidik, yalançı orqanlarımız yoxdur. Xordalılardan onurğalılara təkamülləşib onurğaya sahib olmuşuq. Bir məməli olduğumuz üçün döş nahiyəmizdə məmələrə sahibik. Ördəkburun və yexidnadan fərqli olaraq doğaraq nəsil artırırıq, yəni doğan məməlilərik. Hamiləlik dövründə embrionlar plasenta (cift) üzvünə sahib olur. Bir primatıq. Sadəcə biz deyil, xalq arasında meymun adlanan bütün canlı növləri primatdır. Primatlardan ayrılan quru burunlu meymunlar, sonrasında meymunlar və qədim dünya meymunları qollarına aidik. Qədim dünya meymunlarından təkamülləşərək insanabənzərlər, böyük insanabənzərlərə, daha sonra isə Homininae fəsiləsinə, yəni şimpanze, qorilla və bizim ortaq əcdadlarımıza qədər varlığımız davam edib. Sonra Hominini adlanan və qorillaları artıq ehtiva etməyən şimpanze və insanın ortaq əcdadları təkamülləşib. Hominini tribası Hominina yarımtribasına, yəni bütün insan növlərinin ortaq atasına təkamülləşib. Daha sonra Homo, yəni insan cinsi və bundan Homo sapiensHomo sapiens sapiens, yəni bizlər təkamülləşmişdir.

Primatların təkamül ağacı

Təkamül keçmişimizi göz önünə aldıqda “İnsan meymundanmı təkamülləşib?” sualına verilən və tez-tez eşitdiyimiz “Biz meymundan təkamülləşməmişik” cavabının əksinə biz meymunlardan təkamülləşmişik. Sadəcə biz deyil, şimpaznelər, oranqutanlar, qorillalar və bizlə onların ortaq əcdadları da meymundan təkamülləşib. Yəni bir nöqtədə bizim atalarımız meymun idi. Əgər təkamül keçmişimizdə geri səyahət etsək, qarşımıza sıra ilə insan və şimpazenin əcdadı Hominini, sonra insan, şimpanze və qorillanın əcdadı Homininae, daha sonra sıra ilə Böyük insanabənzərlər, İnsani insanabənzərlər, İnsanabənzərlər, Qədim Dünya Meymunları, Meymunabənzərlər, Quru Burunlu MeymunlarMeymunlar çıxacaq. Yəni təkamül prosesində uzun zaman öncə əcdadlarımız qəti bir şəkildə meymun idi.

İstinadlar və əlavə oxu materialı:

  1. Taksonomiya
  2. Monkeys All the Way Down
  3. Are humans, apes, monkeys, primates, or hominoids?
  4. Are we descended from monkeys?

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Did you find apk for android? You can find new Free Android Games and apps.

Bir cavab yazın