Want create site? Find Free WordPress Themes and plugins.
Yevgenika insan populyasiyalarının genetik tezliklərinin idarəli istiqamәtlәndirmә ilә yaxşılaşdırılması deməkdir. Tәkamülün bir təbiət hәqiqәti olduğunun başa düşülməsilə birlikdə bәzi azğın fikirli şəxslər hər nə qədər tamamilə elmi olsa da, etik dəyərləri və əxlaqi mühakimələri görməzdən gələrək və əslində elmi olmasına baxmayaraq təbiətə zidd olan bir formada fərdlərin həyatda qalma mübarizəsi və cütləşmə bacarıqlarına müdaxilə edərək “üstün insan irqlərinin” yaradıla bilәcәyini irəli sürdülər.
Yevgenika və təkamül nəzəriyyəsi arasında əslində çox gözəl bir bənzətmә mövcuddur: Atomun parçalanması. Atomun parçalanması rentgenoqrafiya və nüvə stansiyaları kimi çox əhəmiyyətli elmi vasitələrin ortaya çıxmasını təmin etdiyi kimi nüvə silahlarının da yaranmasına səbəb olmuşdur. Buradan elmin necə tərəfsiz olduğunu, onun yaxşılıq və pislik dəyərlərinə, elm insanlarının fərdi olaraq qərar verdiyini görürük. Buna görə elmin günahlandırılması tamamilə axmaqlıqdır. Müzakirə edilməli, günahlandırılmalı və ya təriflənməli olan elm insanlarının elm adlı metodu nə istiqamətdə istifadә etdiklәridir. Üstəlik, yevgenika atom bombalarının əksinə daha çox sosiopolitik bir düşüncədir.
Әslinə baxsaq, yevgenikanın çox qәdim bir tarixi var. Platon dövlətin vətəndaşların reproduktiv fəaliyyətlərini nəzarət etməsi lazım olduğunu irəli sürən ilk filosofdur. Platona görə dövlət insanların törəməsini idarəli bir lotereya oyunu ilə qәrarlaşdırmalıdır. Hər bir cütün bir “evlilik nömrəsi” olmalı və bu nömrə fərdlərin sağlamlıq, bacarıqlar və s. kimi dәyişәnlәrә görə xarakterizә edilmәli idi. Bu lotereyada yüksək dəyərlərə sahib olanların nəsil artırma şansının çox olması lazım idi. Bu səbəblə Platonun fikirləri Mendeldən öncə ilk genetik varislik tənzimləməsi olaraq görülür.
Sonrakı bəzi antik cəmiyyətlər də bu tip yevgenik tətbiqlərdən istifadə etmişdilәr. Spartalılarda doğulan körpəyә yaşlılar tәrәfindәn nəzarət edilir və həyatını davam etdirib-etdirmәyəcәyinә onlar qərar verərdi. Ölməsi lazım olduğu düşünüləndən biri Taygetus dağına aparılırvə orada öldürülürdü. Bu üsulla daha çox kişilər öldürülürdü, çünki kişilərin həyatda qalması üçün gözlənilən xüsusiyyətlər daha çox idi və onlara görə yalnız güclü kişilər həyatda qalmalıydı. Adolf Hitler bu seçmə üsullarına görə Spartalıları tərifləmiş və zirvələrə qaldırmışdı. Romalılar da bənzər bir formada yevgenika tәtbiq edirdilәr. Yaralı hesab etmәdiklәri körpələri Tiber çayında boğaraq öldürürdülər.
Frensis Qalton
Frensis Qalton

Bütün bunlar bir yana, yevgenikanı ilk dəfə elmi bir əsasa oturdub, sistematikləşdirən adam Çarlz Robert Darvinin qohumu Frensis Qaltondur. Qalton fikirlərinin əsasını Darvinin Təkamül nəzəriyyəsinə әsaslandırırdı. Qalton daha ağıllı insanların daha az ağıllı insanlardan daha az uşaq doğduqlarını düşünürdü. Buna görə də insan populyasiyaları çox yavaş bir sürətlə artırdı. Qaltona görə bu doğumlar nəzarət altına alınarsa, yalnız ağıllı insanların daha çox uşaq sahibi olmasına icazə verilə bilər, beləcə insanlar daim daha ağıllı cəmiyyətlərə doğru tәkamüllәşә bilәrdi.

Darvin ömrü boyunca qohumunun bu fikirlərini “axmaqlıq” olaraq qiymətləndirdi və şiddətli bir şəkildə qarşı çıxdı. Darvinə görə insani dəyərlər də elm qədər əhəmiyyətli idi və heç biri digərinin önünə keçmәmәli idi. Qohumu Qaltonun fikirləri isə açıq bir şəkildə insani dəyərlərin pozulması idi. Kimsə bir digərinin nәsil artırma davranışlarına qarışmamalı, ailəvi həyatına müdaxilə etmәmәli idi. Qalton Darvinə duyduğu sonsuz hörmətdən dolayı səsini çıxartmadı və Darvinin həyatı boyunca fikirlərini öz içərisində yaşatdı. Ancaq Qalton Darvinin 1882-ci il 19 apreldə ölümündən 1 il sonra, 1883-cü ildə yazdığı İnsan Fakültəsi və İnkişafı Üzərinə Araşdırmalar adlı kitabında “yevgenika” (Yunanca: eu-genes: yaxşı-doğulan) sözünü ortaya atdı ( Inquiries into Human Faculty and its Development. London:Macmillan Publishers. p. 199). 1904-ci ildə isə yevgenikanı “insanın doğum keyfiyyətini artırma və ən yüksək üstünlüyün təmini elmi” olaraq xarakterizə etdi. Qalton düşüncələrinin çoxunu Adolf Queteletin statistik hesablarına әsaslandırmışdı.
Çarlz Davenport
Çarlz Davenport
Daha sonra bu düşüncələr Çarlz Davenport tərəfindən ələ alındı. Amerikalı bir elm insanı olan Davenport indiki vaxtda da dünyaca məşhur bir yevgenikaçı olaraq bilinməkdədir. Davenport 1904-ci ildə Bioloji Təcrübə Stansiyasını qurdu və 1910-cu ildә Yevgenik Qeydlәr Ofisini yaratdı.
Yevgenika bütün dünyada sürətlə yayıldı və 20-ci əsrin ortalarında pik nöqtəsinə çatdı. Yevgenika Amerika Birləşmiş Ştatları, Birləşmiş Krallıq, Avstraliya, Braziliya, Kanada, Almaniya, Yaponiya, Çin, İsveç, Danimarka, Estoniya, Finlandiya, Fransa, İslandiya, Norveç və İsveçrədə müxtəlif yollarla həyata keçirildi və bir növ tətbiq olundu. Bu ölkələrdə müəyyən dövrlərdə dövlətin hansı uşaqların sağlam, hansılarının sağlam olmadığını təyin etmə səlahiyyəti olduğu elan edildi. Bunların hamısı təməldə eyni məntiqi paylaşırdı: Müəyyən qruplar müəyyən digər qrupların törәmә fəaliyyətlərinə müdaxilə edə bilməli beləcə üstün insan növləri tәkamüllәşә bilmәli idi.
Yevgenika elmi ola bilərmi? Təbii bir şeydirmi?
Yevgenikanın əsası olan süni seçmә əlbəttə ki, son dərəcə elmi və təkamül üzərində təsirli olan bir mexanizmdir. İnsan da bir heyvan növü olduğu üçün bütün təbiət qanunlarına, bu səbəbdən də tәkamül prosesinə tabedir. Yəni insan populyasiyalarına da eynilə digər heyvan və bitki növləri kimi müəyyən istiqamətlərdə seçilməsi və törəmələrinə məhdudlaşdıran istədiyiniz xüsusiyyətlərə sahib insanlar əldə etməyə çalışa bilərsiniz. İndi bunun arxasındakı məntiqə tərəfsiz olaraq baxaq:
İlk olaraq, insanı seçәbilәcәk olan tək növ yenə insandır. Bu səbəbdən elm insanları ilə tәcrübәdә istifadә edilənlәrin ömürləri bir-birinə demәk olar ki, bərabərdir. Bu da çox uzun davamlı məşğuliyyətlər deməkdir. Çünki təkamül yavaş dəyişmə qanunudur. Bu qanunu tətbiq etmək üçün də çox uzun zaman lazımdır. Təcrübə prosesi elm insanlarının ömürləri hər hansı bir dəyişiklik gözləməyə çatmayacaq. Bu səbəbdən çox idarəli və yəqin ki dövlət tərəfindən dəstəklənməsi lazım olan, uzun müddәtli təcrübələr planlanmalıdır. Məsələn: bir təşkilata bu vəzifə verilməli, subyektləri üçün (insanlar) çox geniş bir yaşayış bölgəsi (mümkünsə, hәyat yoldaşı bir ada ya da әtrafla əlaqəsi kəsiləcək olan bir şəhər) hazırlanmalı və təşkilat əsrlər, hətta min illər boyunca bu təcrübəni davam etdirməlidir.
Burada bir digər əhəmiyyətli nöqtə genetik müdaxilәlәrdir. Genetika elminin irəliləməsi sayəsində bu proseslər müəyyən nisbətlərdə sürәtlәndirilә bilir. Ancaq yenə də bir heyvana (insan) genetik müdaxilə etdiyimizdә nə tip yan təsir meydana gətirəcəyini qabaqcadan müәyyәn etmәk mümkün deyil. Buna görə hər hansı bir genetik müdaxilə olmayan bir təcrübə çox daha müvәffәqiyyәtli olacaq.
Yaxşı, bütün bu təcrübələr və düşüncələr təbiidirmi?
Bu, iki uclu bir mızraqdır. Bir baxış bucağına görə bu təbii ola bilər. Bir digərinə görə isə qәtiyyәn təbii deyil:
Bir sıra elm insanları bu tip fikirləri azğınlıq olaraq qiymətləndirir və qәtiyyәn qəbul etmirlər. Әsaslandıqları nöqtə bu tip anlayışların təbiətdə əsla müşahidә edilmәmәsidir. Heç bir heyvan öz növünün həyatda qalma və ya nәsil artırma mübarizəsinә maneə törədə bilməz ya da dәstәklәmәz. Təbiətdə bu proseslər normal və sakit bir şəkildə baş verir.
Bir digər qrup elm insanına görə isə bu çox təbii bir düşüncədir (bu, tətbiq olunması tələb olunur deməklə eyni şey deyil, yalnız təbii bir düşüncə olduğu ifadə edilir). Çünki insan da bir növ heyvandır və  tәkamüllәşәn orqanı zəka olduğu üçün bu zəkadan yaranan hər cür məhsul də təbii sayılmalıdır. Təbiət nəticələrini öncədən bilərək addım atmır. Tamamilə təsadüfi olaraq, müəyyən parametrlərə bağlı olaraq irəliləyir. Canlılar da bu təbiət şərtlərinə görə təkamül keçirirlər. İnsan da təkamülünü bu istiqamətdə keçirmiş olan bir heyvan növüdür.
Nәticә olaraq:
Bəli, yevgenika təbii bir haldır, insan zehninin sadə bir məhsuludur. Ancaq eyni şəkildə əxlaqi mühakimələr və etika da insan ağlının digər məhsullarıdır. Buna görə bunlar arasında bir tarazlıq müәyyәn edilmәlidir. İnsan hər nə qədər elmi olaraq yevgenika ilə “üstün irq” yaratmaq istəsə belə, hər hansı bir insanın digərinə görə bioloji bir üstünlüyü olmadığı üçün heç bir insanın digərinin nәsil artırma fəaliyyətini mәhdudlaşdırma səlahiyyəti də yoxdur. Dövlət insanların üzərində strukturlaşmış bir təşkilat deyil, insanlara xidmət etmək üçün var olan bir şeydir. Buna görə heç bir zaman dövlət nәsil artırma fəaliyyətlərinin, ən azından yevgenik baxımdan nəzarət edә bilməz. Dövlət kimi vəziyyətlərdədə (baxın: Çin) nәsil artırma məhdudlaşdırması tәtbiq edә və ya nәsil artırmağı təşviq edə bilər (baxın: İsveç). Ancaq bu, bütün vətəndaşlara bərabər olaraq tətbiq olunmalıdır və heç bir ayrı-seçkilik tәtbiq edilmәmәlidir.
Yevgenika indiki vaxtda təsirini itirmiş və irqçilik ilə qarışmış bir saxta-elm növü olaraq görülür. Biz də bu düşüncəyə belə yaxınlaşmaq tərəfdarıyıq. İnsan ictimai bir heyvan növüdür və insan populyasiyalarını bir arada tutan bəzi anlayışlar var: Din bunlardan biridir. Ayrıca dinin öz sərhədləri içinə almağa çalışdığı, halbuki mənşələri dinlərdən çox daha qәdimә uzanan əxlaqi mühakimə və etik dəyərlər insan cəmiyyətlərini tənzimləyici faktlardır. Bunları qulaq ardı etmək insani ictimai dəyərləri qulaq ardı etməyə bənzəyir və ictimai nizamın təhlükə altında qalması demək ola bilәr. Dinin əxlaqi dəyərlərlə əlaqədar sahiblәnmәsinin rəddi birlikdə, əsla əxlaqi dəyərlərin əhəmiyyətsizliyini irəli sürmürük. Digər tərəfdən, hər hansı bir dinə sahib olmayan birinin qatı bir dindardan çox daha əxlaqlı biri ola bilir və bu tip azad düşüncəli şəxsləri dəstəkləyirik.
Çox böyük bir ehtimalla insanın sonu hər hansı bir təbiət hadisəsindən deyil, öz-özünü yox etməsi şəklində olacaq (təbiət hadisəsi səbəbiylə olsa da, bu hadisədən insanlar məsul olacaq). Bu səbəbl, insanların bir an əvvəl o çox öyündükləri “zəkalarını” istifadə başlayıb, bir-birləriylə boğuşmaq və üstünlük qazanmaq yerinə, ortaq “düşmənimiz” olan xəstəliklərə, göy cisimlərinə və s. faktlara qarşı elmi inkişaf etdirməli və gücləndirməlidir. İnsan kainatın çox kiçik bir qisimini görə bilir, öz təbiətini hələ yeni kəşf etmәyә başlayır. Buna baxmayaraq bir-birinə olan üstünlük mübarizəsi minlərlə illik bir keçmişə malikdir.
Unutmamalıyıq ki, olabiləcək və statistik olaraq yaxın bir gələcəkdə (neçə min ya da on min il içərisində) Yerlә toqquşacaq bir meteorit bütün insan növünü yox edә bilәr. O zaman bu tip genetik üstünlüklərin və ya ölkələr arası müharibələrin heç bir mənası qalmayacaq. 65 milyon il əvvəl Yerin hakimi dinozavrları xəritədən silən meteoritin diametri 10 km idi. Günümüzdəki texnologiya ilə əlimizdəki bütün nüvə silahları da səfərbər etsək, bu meteoriti nәinki orbitindən çıxarmağımız, üzərindən kiçik bir parça qoparmağımız belə qeyri-mümkün olaraq qiymətləndirildir. Buna görə ağlımızı başımıza toplamalıyıq.

Əgər məqalələrimizdə qrammatik və orfoqrafik xətalar varsa, lütfən, xətalı qismi işarələyib Ctrl+Enter klaviş kombinasiyasından istifadə edərək bizə bildirin.

Did you find apk for android? You can find new Free Android Games and apps.

Leave a Reply