Seminarlarımız

   Yaşıl Elm  platforması olaraq bizlər toplumun maariflənməsində, aktual mövzulara alternativ baxış bucaqlarının gətirilməsində, məsələlərə rasional və analitik təfəkkürlə yaxınlaşan bir cəmiyyətin formalaşmasında maraqlıyıq. Toplumun ictimai təfəkkür səviyyəsinin yüksəldilməsi, elmin son nailiyyətlərindən xəbərdar olması və mühafizəkarlıq yaradan stereotiplərə alternativ baxış bucaqlarının gətirilməsi üçün istər dəqiq elmlər, istərsə də sosial elmlər üzrə mütəmadi olaraq müxtəlif mövzularda hər kəsə açıq, ödənişsiz elmi-kütləvi seminarlar təşkil edilir. Seminarlarda sahəsinin mütəxəssisi olan şəxslər insanlarla görüşür, müxtəlif mövzularda təqdimatlar edir və iştirakçılara maraqlı olan sualları cavablandırırlar. Seminar təlimçilərinin akademik-elmi fəaliyyəti və bilikləri nəzərə alınaraq seçilir və ictimayətə təqdim edəcəyi məlumatların müasir elmin təqdim etdiyi informasiyalarla üst-üstə düşməsinə xüsusi nəzarət edilir.

   Seminarlarla yanaşı, platforma müxtəlif sahədə ixtisaslaşan elm adamlarını və mütəxəssisləri bir masa arxasında toplayaraq elmi-kütləvi panellər, diskussiyalar və müzakirələr təşkil edir. Platforma icra etdiyi layihələr, nəşr etdirdiyi kitablar və s. digər fəaliyyətlər üçün müxtəlif konseptli tədbirlər, təqdimatlar keçirir və ictimayətə bu barədə hesabat verir, tənqid və təklifləri qəbul edir.

Astrofizika – Elmi-kütləvi Panel

    Yaşıl Elm platforması, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin və Elm Azərbaycan platformalarının birgə təşkilaçılığı ilə keçirilən ən böyük layihələrindən biri. Panel iki hissədən və fasilədən ibarət olmuşdur. Tədbir ADNSU, Eazi Startup və Yaşıl Elmin əməkdaşı olan Camal Ağayevin moderatorluğu ilə həyata keçirilmişdir. Panelin çıxışçıları Yaşıl Elmin (əvvəlki) əməkdaşları Fərid Rüstəmli və Aqil Heydərli, Şamaxı Astrofizika Rəsədxanasının aparıcı elmi işçisi Ədalət Ətayi, rəsədxananın elmi işçisi və Tusi-Bohm Planetariumun direktoru Famil Mustafa, Rəsədxananın Gənc Alim və Mütəxəssislər Şurasının sədr müavini Aynur Abdulkərimova olmuşdur.  Spikerlər çıxışlarında layihənin ölkəmizdə elmin kütləviləşməsi və astrofizika sahəsinə maraqğın artılması üçün zəruri olduğu vurğulamış, müasir fizika və astronomiya elmlərinin kainat və onun qanunları, formalaşması haqqında ən son bigilərini dinləyicilərə çatdırmışdırlar.

Sadə izahla Fizika

    Platformanın keçirdiyi maraqlı seminardan biri də fizik, elektrik mühəndisi Sadiq Şamilovun təlimçiliyində keçirilən “Sadə izahla Fizika” seminarı olmuşdur. Seminarda izləyicilər ümumi fizika barədə fikirlər əldə etmiş, fizikanı tam sadə və rahat dildə anlayaraq kainat, dünya və fizika qanunları əsasında baş verən təbiət proselərini, eləcə də fizika elminin özünü silsiləli şəkildə öyrənməyə çalışmışdırlar. Seminarda terminologiyadan çox az istifadə olunmuş və kütləvi dildə təqdimat edilmiş, əsasən slaydlar, animasiyalar sayəsində izah edilən (danışılan) mövzu tam şəkildə beyinlərdə canlanacaq formada keçirilmişdir. Seminarın sonunda Sual-Cavab hissəsinə keçid edilmiş və iştirakçılara maraqlı olan suallar ətraflı cavablandırılmışdır

 

XXI əsrin vəbası – Xərçəng

   Seminarın təlimçisi uroloq-həkim, tibb elmləri üzrə fəlsəfə doktoru. Azərbaycan Uroloqları Assosiasıyası, Avropa Uroloqları Cəmiyyəti, Türk Urologiya Cəmiyyəti, Türk Andrologiya Cəmiyyəti, Türk Qadın Urologiyası Cəmiyyətlərinin üzvü Vasif İsmayıl olmuşdur. Hədəf STEM Liseyinin akt zalında keçirilən tədbirdə iştirakçılara son zamanlar ölkədə və dünyada ciddi problemə çevrilən və getdikcə sürətlə artan xərçəng xəstəliyi və onun mənşəyi, növləri, təhlükəlilik dərəcələri, xərçəng yaradan səbəblər və buna qarşı necə qorunmaq lazım olduğu haqqında müasir tibb elminin son nailiyyətləri əsas alınaraq söhbət açılmışdır. İştirakçıların suallarına ətraflı cavablar verilmişdir.

 

3..2..1..Start! Kosmosa səhayət

   Platformanın uşaqlar üçün olan fəaliyyəti çərçivəsində Hədəf STEM Liseyinin akt zalında, 6-14 yaşlı uşaqlar üşün sadə dildə elmi-kütləvi seminar həyata keçirilmişdir. Seminarda kainatımız, onun qanunları, elmi nəzəriyyələr, planetlər, ulduzlar, qalaktikalar, Günəş sistemimiz, peyklər, müasir roket texnologiyaları, ilk insanların kosmosa və Aya uçuşu haqqında balacalara dolğun və sadə dildə məlumatlar verilmişdir. Seminarda valideynləri ilə iştirak edən balacalar təlimçi kosmik texnologiyalar mütəxəssisi Zəhra İmanovaya suallarını ünvanlamış və ətraflı cavab almışdırlar. Seminardan sonra Hədəf Liseyinin texnologiyalar muzeyinə ekskursiya keçirilmiş və balacalar burada bəzi fundamental fizika qanunlarının praktiki təzahürlərini izləmişlər.