Agressiv mimikriyadan ağıl oyunlarına kimi.....

Bu yazı hörümçəklərin heyrətamiz davranışından bir hissəyə həsr edilib. 

Öyrəşmişik qəbul etməyə ki, qurban heyvanlar özlərini komuflyaj yaxud uyğun model orqanizm seçərək onun ‘’donuna girərək’’ (sadə Bates mimikriyası) mühafizə edirlər. Hərçənd yırtıcılar da mimikriyadan yırtıcı hiyləsi məqsədi altında istifadə edir. Lakin burada termin artıq başqadır-aqressiv mimikriya! Aqressiv mimikriya haqqında həll edilməyən ən maraqlı cəhət bu mexanizmin istər qurbanda istərsə də yırtıcı hevanda sensor sistemində (və ya ‘’mərkəzi’’ sinir sistemində) baş qaldıran psixoneuroloji səviyyədə necə işləməsidir.

Şübhəsiz sensor sistem, davraniş manerası və koqnitiv profil bir-birilə əlaqəli işləyir. Dawkins-in də təsdqilədiyi kimi (1996) insan da daxil olmaqla heç bir heyvan müstəqil fiziki dünyaya sadə və birbaşa şəkildə daxil ola bilməz. Hörümçəklərin misalında təqdim edilən aqressiv mimikriya da bu disciplinin izahına yönələn problemlərdən biridir.

Sadə şəkildə desək, kim ki qarışqanı immitasiya edir bu qarıqşa-mimikriyası adlanır. Amma eksperimental nəticələr təsdiq edib ki, araneofaq yırtıcılar təbii halda qarışqalardan yayınan yırtıcıdılarsa onlar bir qayda olaraq qarışqa mimikriyasından istifadə edən həmcinslərindən də yayınırlar. Bu çox maraqlı bir hipotezi təsdiq edir: deməli qarışqa-mimikriyasından istifadə edənlər başqaları tərəfindən həqiqətən qarışqa kimi qavranılırlar və hətta ‘’non-human’’ heyvanlar üçün belə (yəni qavrayan təkcə insan deyil!). Bu fakt göstərir ki, qarışqa-mimikriyası tipik Bates (ingilis naturalisti Henry Walter Bates-in şərəfinə adlandırılıb) mimikriyası hesab edilə bilər, nə vaxt ki, təhlükəsiz amma yırtıcı üçün yaxşı potensial şikar ola biləcək heyvan yaxşı mühafizəsi olan təhlükəli başqa bir canlını yamsılayaraq (və yamsılayan tərəf ‘’anlayır’’ nə etdiyini və kimi yamsıladığını) düşməndən yayınır.

Bir az daha detallı baxaq. İstənilən halda qarışqa-mimikriyasından istifadə edən hər hansı hörümçək əgər qarışqanın özü ilə qidalanırsa bu maraqlıdır, amma bir hörümçəyin bu mimikriyadan istifadə etməsi onu göstərmir ki, hörümçək aqressiv mimikriyadadır. Adi bir misal. Gnaphosid hörümçəklər ailəsində olan bir cins-Micaria qarışqaya bənzəyir (Ayaqlarını saymasam mən belə onu səhv salıram). Amma Micaria qəti şəkildə qarışqa yemir (test etmişəm, qarışqa ilə bir yerə düşən kimi heyvan panikaya düşür).

Bilirik ki, qarışqaların dünyasında visual tanıma yox kimya əsasdır. Onların bu zəif nöqtəsindən daha kimlər istfadə etmir ki..... :D Cosmophasis bitaeniata –Avstralianın saltisid hörümçəyi olub, Oecophylla smaragdina adlanan bir qarışqanın yumurta və sürfələri ilə qidalanır. C. bitaeniata qarışqa kimi görünmür, lakin oğurluğa getdiyi qarışqaların koloniyasına spesifik olan kimyəvi qoxu ilə silahlanır. Bu ‘’canavar qoyun paltarında’’ misalına ekvivalent olan bir hadisədir. :D  Qarışqa yuvada bu hiyləgərlə qarşılaşır amma onu səhv müəyyən edir. Bu yırtıcının aqressiv mimikriyadan istifadəsinə misaldır.

İndi başqa daha maraqlı bir hala baxaq: Myrmarachne melanotarsa qarışqa-mimikriyasından istifadə edən daha bir saltisid hörümçək. Amma o özünün qarışqaya ona görə oxşatmır ki, tipik Bates mimikriyasındakı kimi qarışqaları sevməyən yırtıcılardan yayınsın, həm də yırtıcılıq strategiyasının kritik komponenti kimi istifadə edir hansı ilə ki, çox mahircəsinə digər saltisid hörümçəklərinin yumurta və gənc nəslini yeyir.

Məsələ əslində belədir: saltisidlər (digər əksər canlılar kimi) qarışqaları vizual olaraq sezir və onların təhlükəliliyindən də çox yaxşı xəbərdardırlar. Yaxinliqda bir qarışqanın olması saltisidi təşvişə salır, çünki bilir ki, bir qarışqa burdadısa yaxınlarda haralardasa onun bir ordusu yaşayır və bu dəqiqə tökülüşüb gələcəklər. Crematogaster M. melanotarsa hörümçəyinin yamsıladığı xüsusi bir model qarışadır. Odur ki, digər saltisid hörümçək dişisi yaxınlıqda bu qarışqadan birini yaxud hətta M. melanotarsa (hərçənd hörümçəkdir) görərsə evini tərk edir. Lakin yapışqanlı toruna bükülü şəkilə qalan yumurta və gənc balalar nəsli qarışqaların hücumundan qorumaq üçündür (qarışqa tora toxunmaqdan ehtiyat edir). Hərçənd M. melanotarsa hörümçək olduğu üçün tora toxunmaqdan və ya başqasının toruna dırmaşmaqdan qorxusu yoxdur. Odur ki, yenicə ana hörümçək tərəfindən tərk edilmiş yuvada qalan yumurta və gənc balaları qarışqa görkəmi ilə maskalalan M. melanotarsa çox rahat şəkildə əldə edir. Ana hörümçək bunu hesablamaışdır. O ağlına belə gətirmirdi ki, onun qorxub qaçdığı qarışqa paltarındakı, əslində hörümçək imiş.....

Bu misalda da biz aqressiv mimikriyanın şahidi olduq. Sadəcə birinci misalda (Cosmophasis bitaeniata) hörümçək hiyləşərliklə yamsıladığı heyvanın yuvasına girib yumurta və sürfələrini yeyir, ikinci halda isə (Myrmarachne melanotarsa) qarışqadan qorxan digər bir hörümçəyin nəsli ilə onun qorxduğu obyektlə aldadaraq qidalanır. Bu iki misalda istifadə edilən strategiyalar arasında incə bir fərq var: birinci-kəskin cavabdan (an overt response) yayınmaq üçün maskalanmadır, ikinci-reaksiyanı cəlb etmək üçün maskalanmadır (a particular overt response).  

 

Mənbə: Marie Elizabeth Herberstein "Spider Behavior" Cambidge University Press, 2011 

Nərmin Beydizadə

İxtisas zoologiya (araxnologiya), AMEA doktorantı. Hal-hazırda Visegrad Fund təqaüdü dəstəyi ilə Cexiya Respublikası, Masaryk Universitetində (Brno) davranış biologiyası (hörümçəklərin trofik davranışı, yırtıcılıq strategiyaları və onun təkamülü) dessiplinası üzrə tədqiqatçıdır.