Alimlər: "Veqanların uşaqları intellektual inkişafdan geri qalır"

    Tədqiqatçılar B12 vitamini çatışmayan uşaqların intellektual inkişafdan qaldığını aydınlaşdırıblar. Belə vəziyyət əsasən inkişaf etməmiş ölkələrin yeni nəsilləri və veqan ailələrində böyüyən uşaqlarla bağlıdır. Norveçli alimlərin 500 nepallı uşaqdan aldığı qan nümunələri analizi riskli nəticələr göstərib. Onlar bu yolla qandaki B12 vitamini miqdarını öyrənərək, beş il sonra uşaqlara intellekt inkişafı ilə bağlı testlər veriblər.

  Məlum olub ki, ana bətnindəki inkişaf mərhələsində, habelə doğuşdan sonraki illərdə B12 vitamini çatışmazlığı müşahidə olunduqda körpənin əqli bacarıqları xeyli inkişafdan qalır. Bu uşaqlar öz həmyaşıdları ilə müqayisədə hərflər və fiqurları daha pis tanıyır, başqalarının emosiyalarını daha çətin başa düşürdü. Bununla yanaşı onlar başsındıran intellekt testlərində də aşağı nəticələri göstərib. D vitamini, dəmir, kalsium və sinklə yanaşı B12 vitamini də körpələr üçün zəruri qida maddəsi hesab olunur. Daha əvvəllər aparılmış araşdırmada alimlər B12 vitamini çatışmazlığının bir çox problemlərə yol açdığını təsdiq etmişdilər. Bu vitaminin defisiti əsasən anemiyaya səbəb olur. B12 vitamini daha çox ət, süd məhsulları və yumurtanın tərkibində olur.

    Dolayısı ilə risk qrupuna ərzaq problemləri yaşanan kasıb ölkələrin uşaqları düşür. Lakin inkişaf etmiş ölkələrdə də bəzi valideynlər uşaqlarının intellektini təhlükə altına alır. Söhbət veqanlardan, yumurta və süd də daxil olmaqla heyvan mənşəli bütün qidaların qəbulunu istisna edən ən ağır vegetarianlıq formasının tərəfdaşlarından gedir. Mütəxəssislərin dediyinə görə, veqan ailələrində uşaqlar bəzən əlacsız olaraq valideynlərinin fikirlərinin qurbanına çevrilir, orqanizmin sağlam inkişafı üçünsə düzgün qidalanma zəruridir.

Rəvan Quluzadə