Alkoqolizm üzərində genetik mutasiya sayəsində qələbə çalına bilər

    Amerikalı alimlərin dediyinə görə insanlarda baş verəcək genetik mutasiya sayəsində alkoqolu həzm etmə qabiliyyəti tədricən itiriləcək. Və nəticədə alkoqolizm üzərində qələbə qazanılacaq.

Alkoqolizm tarixi

    Öncələr əldə olan məlumatlara görə alkoqol istifadəsinin tarixi erkən əkinçiliyin inkişaf etməsi ilə pivə və şərab kimi spirtli içkilərin kəşf olunması dövrünə qədər uzanırdı. Bu sahədə daha sonralar əldə olunmuş məlumatlar isə göstərdi ki, insanlarda spirti həzm etmə qabiliyyətinin formalaşması daha qədim dövrlərə – əcdadların çürümüş meyvələrlə qidalanmağa başladığı vaxta qədər gedib çıxır.

Alkoqolizm üzərində genlərlə qələbə

    Pensilvaniya universitetindən olan Kelsi Elizabet Conson və Bencamin Voyt təbii seçmə nəticəsində insanların alkoqolu həzm edə bilməyəcəyi ilə bağlı bir hipotez irəli sürüblər. Proqnozlara əsasən, belə olduqda, təxminən min il sonra alkoqolizm üzərində birdəfəlik və qəti qələbə çalınacaq. Tədqiqatçılar təcrübə əsnasında 2500-dən çox insanın genomunu təhlil etdiklərini deyirlər. "Biz müasir insanlarda müşahidə olunan təkamül dəyişikliklərini izah edə biləcək bir neçə mutasiya aşkar etdik. Bunlar, əsasən malyariyaya qarşı müqaviməti artıran genetik mutasiyalar, o cümlədən ADH qrupuna aid edilən genlərdəki dəyişikliklərdir" - deyə doktor Conson qeyd edir. ADH geni spirtlərin oksidləşməsini başladan alkoholdehidrogenaz fermentini kodlaşdırır. İnsan orqanizmində alkoholdehidrogenazın aktivliyi yaş, cins, irqi mənsubiyyət və genetik xüsusiyyətdən asılıdır. Alkoqol istifadəsi tezliyi (hansı sıxlıqla alkoqol qəbul edilməsi) və müntəzəmliyi artdıqca alkoholdehidrogenaz aktivliyi azalaraq, alkoqolizm riskini də artırmış olur.

Alkoqolizm müdafiə mexanizmi

    Conson və Voyt belə qənaətə gəldilər ki, bu gendəki genetik mutasiya orqanizmin "antialkoqol müdafiəsini" aktivləşdirə bilər. Genetik variasiyalar spirtlərin parçalanmasını sürətləndirir, alkoqol qəbul etdikdən dərhal sonra insan özünü pis hiss etməyə başlayır. Və nəticədə spirtli içkilərə qarşı, dayanıqlı həzmsizlik meydana gəlir. Buna baxmayaraq deyilənlər hələ ki nəzəri əsasdadır, mexanizmin məhz necə işlədiyini aydınlaşdırmağa isə alimlər hələ yenicə başlayıblar. Daha əvvəlki araşdırmada Avstraliya və Almaniyadan olan mütəxəssislər alkoqol və təcavüzkarlıq arasındakı əlaqəyə toxunmuşdular. Fransız və kanadalı alimlər tərəfindən aparılmış tədqiqatda isə hədsiz dərəcədə alkoqol istifadəsinin Altshaymer və damar demensiyası kimi xəstəliklərin inkişafı riskini artırdığı da dəqiqləşdirilmişdi.

Rəvan Quluzadə