Amerikalı neyrobioloqlar şüurun necə meydana gəldiyini cavablayıblar

   Amerikalı tədqiqatçıların gəldiyi qənaətə görə, insan beyninin özəlliyi olan şüuru klaustrum meydana gətirir. Sübut kimi beynin bu nahiyəsində aşkar edilmiş "nəhəng" neyronu qeyd etmək olar. İnsan beyninin bəzi xüsusiyyətləri sirr olaraq qalır. Ələxsus da insanda şüurun necə yarandığına birmənalı cavab tapılmır. Nature jurnalının verdiyi xəbərə əsasən, həmkarları ilə birlikdə neyrobioloq Kristof Kox hesab edir ki, şüuru klaustrum meydana gətirir. Klaustrum (hasar) - boz maddədən ibarət və baş beynin böyük yarımkürələri qabığı altında ağ maddənin dərinliyində yerləşən nazik (2 mm qalınlıqda) qeyri-müntəzəm lövhəcikdir.

   Bir sıra mütəxəssisə görə, oxşar beyin strukturu bütün məməlilərə xarakterikdir. Klaustrum çox kiçik ölçüyə sahib olduğu üçün və yerləşdiyi nahiyədən dolayı funksiyaları yaxşı öyrənilməyib. Bu sahədə sistematik tədqiqatlar çox nadir vaxtlar aparılır. Hesab edilir ki, klaustrum seksual hisslərə nəzarət edir. Kristof Kox və həmkarları "quyunu daha dərin qazmağa" başlayıblar. Bu strukturun mahiyyətini anlamaq üçün onlar, təcrübədə genetik olaraq modifikə edilmiş siçanlardan faydalanıblar. Xüsusi preparat köməyilə gəmiricilərin klaustrumundaki sinir hüceyrələrinin yaşıl fluoresens zülalı kodlaşdıran genlərini aktivləşdiriblər. Nəticədə zülalın neyrona yayılması ilə bu neyronun mövqeyi müəyyən olunub. Ardındansa mütəxəssislər klaustrumun üç neyronuna aid 3D-model hazırlayıblar. 

   Neyronlardan birinin digərlərilə müqayisədə həddindən artıq uzun olduğu məlum olub. Bu neyron öz çıxıntıları ilə beynin xarici qatını bütünlüklə börüyərək, onun müxtəlif nahiyələri arasında qarşılıqlı əlaqənin yaranmasına səbəb olurdu. Alimlərin fikrincə, bütün bunlar klaustrumun mərkəzi sinir sisteminin müxtəlif şöbələri arasında əlaqəni mümkün edərək, yekunda şüuru meydana gətirdiyini göstərir. Buna baxmayaraq son qərarı vermək üçün hələlik tezdir. Qeyd etmək vacibdir ki, Kristof Koxun gəldiyi qənaətlə razılaşmayan alimlərin sayı az deyil, ancaq onlar da əldə edilmiş nəticələrin beyinlə bağlı gələcək tədqiqatlarda vacib əhəmiyyət daşıyacağını etiraf etməkdən çəkinmirlər.

Rəvan Quluzadə