Beynəlxalq kosmos hüququ

Beynəlxalq hüququn müstəqil sahəsi kimi beynəlxalq kosmos hüququnun yaranması kosmik məkanın praktik olaraq tədqiqatı və məimsənilməyə başlanması ilə sıx bağlıdır. 4 oktyabr 1957-ci ildə Yerin ilk süni peykinin buraxılmasından sonra bir neçə gün ərzində BMT Baş Assambleyası 1148 (XII) saylı qətnaməsində „kosmik məkana predmetlərin buraxılmasının, müstəsna olaraq, sülh və elmi məqsədlərlə həyata keçirilməsini təmin etmək məqsədi daşıyan tədqiqatlar sistemi“nin birgə öyrənilməsinə çağırış etdi. 1958-ci ildə BMT Baş Assambleyası kosmik məkanın sülh məqsədləri ilə istifadəsi üzrə Komitə (KOPUOS) yaradır və ona „kosmik məkanın tədqiq edilməsi proqramlarının həyata keçirilməsi zamanı yarana biləcək hüquqi xarakterli problemlər“in öyrənilməsini tapşırır. Adı çəkilən qətnamələr Baş Assambleyanın digər bir neçə qətnamələrilə birlikdə kosmik fəaliyyət məsələlərini tənzimləyən beynəlxalq hüququn əsasını qoymuş və onun ümumi xarakter və formasını müəyyənləşdirmişdir.


Kosmik məkan – insan fəaliyyətinin unikal və mahiyyətcə yeni sahəsidir. Kosmik məkanın təbiəti və fiziki xarakteristikası elədir ki, fəaliyyət özlüyündə beynəlxalq xarakter daşıyır. Beynəlxalq münasibətlər beynəlxalq hüquqla tənzimləndiyi kimi, dövlətlərin kosmik məkanda, həmçinin Ay və digər göy cisimlərində fəaliyyətini tənzimləyən spesifik norma və prinsiplər müəyyənləşdirilmişdir.
Qeyd olunduğu kimi, beynəlxalq kosmik hüququn işlənməsində BMT Baş Assambleyanın qətnamələri vasitəsilə birinci dərəcəli rol oynamış və oynamaqdadır. Bu qətnamələrin məcburi xarakter daşıması, yoxsa çoxtərəfli müzakirələrə açıq olan sadə tövsiyələr olması xüsusi əhəmiyyət kəsb etmir.


İrəlidə haqqında daha ətraflı danışılacaq Kosmos üzrə Müqavilə kosmik məkan üçün dövlətlərin suverenliyi altındakı ərazi üzərində yerləşmiş hava məkanından fərqli beynəlxalq-hüquqi rejim müəyyənləşdirir. Lakin hava məkanının harada bitməsi və kosmik məkanın harada başlaması barədə razılıq hələ də əldə edilməmişdir.1979-cu ildə Sovet İttifaqı KOPUOS-a işçi sənəd təqdim edir və burada dəniz səviyyəsindən 100 km (110 km) hündürlüyü kosmik məkan hesab etmənin zəruriliyi vurğulanır. ABŞ və Böyük Britaniya da daxil olmaqla, bir neçə dövlət bu təşəbbüsə qarşı çıxır və demarkasiya xəttinin lazım olmadığı və bunun hazırki və gələcək kosmik fəaliyyətə yalnız mane olacağı bildirilir. Delimitasiya və onun zəruriliyi məsələsi ətrafında müzakirələr davam etməkdədir və onun həlli tezliklə gözlənilmir.

 


Beynəlxalq kosmos hüququnun prinsipləri 1962-ci ildə „Kosmik məkanın tədqiq edilməsi və istifadəsi üzrə dövlətlərin fəaliyyətini tənzimləyən hüquqi prinsiplərin Bəyannaməsi“ başlığı altında, yekdilliklə qəbul olunan Qətnamədə aşağıdakı prinsiplər təntənəli surətdə bəyan olunmuşdur:


1. Kosmik məkanın tədqiqi və istifadəsi bütün bəşəriyyətin mənafeyi naminə və maraqlarına uyğun həyata keçirilir;
2. Kosmik məkan və göy cisimləri bütün dövlətlər tərəfindən bərabərlik əsasında və beynəlxalq hüquqa uyğun qaydada tədqiq edilmək və istifadə olunmaq üçün açıqdır;
3. Kosmik məkan və göy cisimləri milli mənimsənilməyə məruz qala bilməz.
4. Kosmik məkanın tədqiqi və istifadəsi üzrə dövlətlərin fəaliyyəti beynəlxalq hüquq, həmçinin BMT Nizamnaməsinə müvafiq qaydada həyata keçirilməlidir.
5. Dövlətlər kosmik məkanda aparılan milli fəaliyyətə görə beynəlxalq məsuliyyət daşıyırlar, məsuliyyət ya dövlətin üzərinə, ya da beynəlxalq təşkilatın və həmin təşkilatda iştirakçı olan dövlətlərin üzərinə düşür. Milli orqanların kosmik məkandakı fəaliyyəti müvafiq dövlətin daimi nəzarəti altında aparılmalıdır.
6. Kosmik məkanın tədqiqi və istifadəsi zamanı dövlətlər özlərinin bütün fəaliyyətini digər dövlətlərin müvafiq maraqlarını nəzərə almaqla həyata keçirirlər. Əgər kosmosdakı fəaliyyət və ya planlaşdırılan təcrübə, potensial olaraq, digər dövlətlərə zərər vura bilərsə, əvvəlcədən beynəlxalq məsləhətləşmə aparmaq zəruridir.
7. Kosmik məkana buraxılmış obyekt hansı dövlətin reyestrinə daxildirsə, həmin dövlət o obyekt və istənilən ekipaj kosmik məkanda olduğu müddətdə onlar üzərində yurisdiksiyasını saxlayır.
8. Kosmik məkana predmet buraxan hər bir dövlət həmin predmet və yaxud onun tərkib hissələri ilə hava və ya kosmik məkanda xarici dövlətə vurduğu zərərə görə məsuliyyət daşıyır.
9. Dövlətlər kosmonavtları bəşəriyyətin kosmosa elçiləri hesab edir və onlara hərtərəfli yardım edir. Xarici dövlətin ərazisinə məcburi eniş edən kosmonavtlar təxirəsalmadan onların kosmik gəmilərinin qeydiyyatda olduğu dövlətə qaytarılır.


Beynəlxalq kosmos hüququnun hazırki hüquqi bazası beş beynəlxalq müqavilədən ibarətdir:


KOSMOS üzrə MÜQAVİLƏ
19 dekabr 1966-cı ildə qəbul edilmiş bu Müqavilə tam olaraq „Ay və digər göy cisimləri daxil olmaqla, kosmik məkanın tədqiqi və istifadəsi üzrə dövlətlərin fəaliyyətlərinin prinsipləri haqqında Müqavilə“ adlanır və beynəlxalq kosmik hüququn ən mühüm mənbəyi hesab olunur. Kosmik məkanın tədqiqi və istifadəsi üzrə dövlətlərin bütün fəaliyyətləri bu Müqavilənin geniş parametrlərinə tabe olur.


XİLASETMƏ VƏ GERİ QAYTARMA haqqında SAZİŞ
22 aprel 1968-ci ildə qəbul edilmiş „Kosmik məkana göndərilmiş kosmonavtların və obyektlərin geri qaytarılması, kosmonavtların xilas edilməsi haqqında Saziş, adından göründüyü kimi, məcburi və ya nəzərdə tutulmayan eniş, qəza, fəlakət zamanı kosmonavtların xials edilməsi və onlara lazımi yardımın göstərilməsi üzrə bütün tədbirlərin təxirəsalmadan görülməsini nəzərdə tutur. Kosmonavtlara belə münasibət kosmosun mənimsənilməsi kimi mürəkkəb bir işdə beynəlxalq əməkdaşlığın və qarşılıqlı yardımlaşmanın ruhunu ifadə edir.


MƏSULİYYƏT haqqında KONVENSİYA
29 mart 1972-ci ildə qəbul edilmiş „Kosmik obyekt ilə vurulmuş zərərə görə beynəlxalq məsuliyyət haqqında“ Konvensiya dövlətlərin kosmik məkandakı milli fəaliyyətinə görə beynəlxalq məsuliyyətini və kosmik aparat, yaxud tərkib elementi ilə başqa dövlətə, onun fiziki və ya hüquqi şəxsinə vurulmuş zərərə görə məsuliyyəti nəzərdə tutur.

 

QEYDİYYAT haqqında KONVENSİYA
„Kosmik məkana buraxılan obyektlərin qeydiyyatı haqqında“ Konvensiya Yerin orbitinə və ya onun sərhədlərindən kənara çıxarılan kosmik obyektlərin məcburi qeydiyyat sistemini müəyyənləşdirir. Belə publik reyestr BMT Siyasi məsələləri üzrə Departamenti çərçivəsində Kosmik məkan məsələləri üzrə İdarə tərəfindən aparılır.

 

AY haqqında SAZİŞ
5 dekabr 1979-cu ildə qəbul edilmiş və 11 iyul 1984-cü ildə qüvvəyə minmiş „Ayda və digər göy cisimlərində dövlətlərin fəaliyyəti haqqında“ Saziş beynəlxalq kosmik hüququn ümumi müqaviləsidir. Ay haqqında Saziş həm Ayda, həm də günəş sisteminə daxil olan digər göy cisimlərində yol verilən fəaliyyət növlərini müəyyənləşdirən konkret müddəa və ümumi prinsiplərdən ibarətdir. Sazişin ən mühüm müddəası olan 11-ci maddədə qeyd olunur ki, Ay və onun təbii resursları bəşəriyyətin ümumi mirası kimi nəzərdə tutulmalıdır. Bununla belə, nə ABŞ, nə də Rusiya bu Sazişi ratifikasiya etməyiblər.


ELEKTRORABİTƏ üzrə BEYNƏLXALQ KONVENSİYA
6 noyabr 1982-ci ildə qəbul edilmiş „Elektrorabitə üzrə Beynəlxalq Konvensiya“ (EBK) radiotezlik spektri və geostasionar orbitin beynəlxalq istifadəsi məsələlərini reqlamentləşdirir. EBK-in əsas məqsədi elektrorabitənin bütün növlərinin rasional istifadəsi və təkmilləşdirilməsi məqsədilə beynəlxalq əməkdaşlığın təmin edilməsindən və genişləndirilməsindən ibarətdir.


KOSMİK MÜHİTİN MÜDAFİƏSİ
Kosmosda 15 mindən artıq obyekt izlənilir. Kosmik məkanın artmaqda olan istifadəsi ilə əlaqədar əsas risklər Yerətrafı məkanın yüklənməsi, kosmik tullantılar, atmosferə və ionosferə raket yanacağı ilə edilən zərərli təsir və radioaktiv çirklənmə təhlükəsidir. Kosmik məkanın açıq xarakteri, habelə Yer səthinin çirklənməsi ilə bağlı mövcud problemlər kosmik mühitin müdafiəsi üzrə effektib hüquqi tədbirlərin işlənməsi zərurətini yaradır. Kosmik ekologiya hüququ həm kosmik tullantılar, həm də kosmik çirklənmə ilə mübarizə aparmalıdır. Aktiv olmayan peyklərin götürülməsi və ümumiyyətlə kosmik tullantıların azaldılması istiqamətində normalar hazırlanmalıdır.
Beynəlxalq birliyin narahatlığına səbəb olan digər problem kosmik məkanda nüvə enerjisi mənbələrindən (NEM) istifadə olunması ilə əlaqədar risklərdir. 1978-ci ildə Kanadanın arktik ərazisində dənizdən izlənən sovet peyki „Kosmos-954“-ün düşməsindən sonra bu məsələyə xüsusi diqqət ayrılmışdır. Bu hal kosmik nəhənglərin hər hansı beynəlxalq nəzarət olmadan radioaktiv materiallar daşıyan nəqliyyat vasitələrinin buraxılması üzrə çoxillik təcrübəsinə diqqəti çəkdi. Qiymətləndirmələrə görə, NEM ilə təchiz edilmiş 25-100 arasında peyklər ABŞ, Rusiya və digər dövlətlər tərəfindən Yer orbitində yerləşdirilmişdir.

 


ÇELLENCER“ FACİƏSİ
„Çellencer“ – NASA-nın çoxdəfəlik nəqliyyat üzrə kosmik gəmisi, ikici speys şatldır (space shuttle). 28 yanvar 1979-cu ildə tikintisinə başlanmış və 5 iyul 1982-ci ildə NASA-nın istismarına verilmişdir. 1870-ci illərdə okeanı tədqiq edən su gəmisinin şərəfinə „Çellencer“ adı verilmişdir. İlk dəfə 4 aprel 1982-cil ildə buraxılmış, 9 uğurlu uçuşdan sonra 10-cu buraxılış zamanı 28 yanvar 1986-cı ildə qəzaya uğramışdır. Onun şərəfinə Plutonda təpələr „Çellencer“ adlandırılmışdır. Qəzanın baş verdiyi son uçuş Kanaveral burnundan canlı yayımlanırdı və onun uçuşunu dünyada milyonlarla insan izləyirdi. Uçuşun 73-cü saniyəsində, 14 km hündürlükdə iki dayaqdan birində sağ qatı yanacaq sürətləndiricisinin qırılması baş verdi. İkinci sürətləndirici ətrafında dönən sürətləndirici əsas yanacaq çənini deşdi. Ağırlıq simmetriyasının pozulması və hava müqaviməti nəticəsində gəmi öz oxundan kənarlaşdı və aerodinamik qüvvələr tərəfindən dağıldı. Sonradan aydın olduğu kimi, bəzi astronovtlar hələ də sağ idilər, lakin 20 km hündürlükdən yerə çırpılma və suya düşərkən həddən artıq yüklənmə (təxminən 200G) öz işini gördü və gəmidə olan bütün astronovtlar – yeddi nəfər həlak oldular. Bu faciə ilə əlaqədar ABŞ böyük maliyyə zərəri ilə də üzləşdi – gəminin dəyəri də (3 milyard) daxil olmaqla, 8 milyard dollar. „Çellencer“in partlaması – pilotlu kosmik uçuşlar tarixində ən böyük qəzalardan biri olmaqla, ABŞ-ın və Space Shuttle proqramının nüfuzuna öz təsirini göstərdi.

Tahirə Qarabəyli

Bakalavr (hüquqşünaslıq) və magistr təhsili Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında almışdır. Almaniyada Köln Universitetində doktorantura təhsili almışdır. Hal-hazırda Berlin Humboldt Universitetinin tətqiqatçısı.