Beynimizi "beyin" edən beyincik

  Böyük Britaniyadan olan bioloqların gəldiyi qənaətə görə, Homo sapiens-in intellektual təkamül sıçrayışında əsas rola malik beyin hissəsi əvvəllər hesab edildiyi kimi neokorteks deyil, beyincik olub. Əldə edilmiş nəticələrə görə, beyincik təkcə insanlar üçün deyil, bütün iri meymunlar ailəsi üçün vacibdir.

   İş burasındadır ki, neokorteks beynimizin çox geniş hissəsini əhatə edir. Məhz bu səbəbdən ona həmişə xüsusi diqqət ayırılır və əcdadlarımızda olduğu kimi, primatların da intellektinin inkişafına təkan verən bazis hesab edilirdi. Neokorteksin beyindəki böyük bir hissəsi alimlərə göstərirdi ki, primatlarda bu beyin nahiyəsi digər bütün nahiyələrdən daha artıq inkişaf edib və böyüyüb. Yeni tədqiqatın müəllifləri isə beyindəki belə ölçü böyüməsinin bədən ağırlığının artması ilə əlaqəli olduğundan əmindirlər. Belə ki, kaşalotlar insanlarınki ilə müqayisədə daha geniş neokorteksə sahibdir.


   Beynimizdəki "əsas" hissənin hansı olduğunu anlamaq üçün bioloqlar bir neçə 10 milyon il ərzində primatlarda neokorteks və beyinciyin necə inkişaf etdiyini analiz ediblər. Nəticədə adları sadalanan beyin bölgələrinin, praktiki olaraq, bütün növlərdə bərabər sürətlə, insanaoxşar meymunlarda və hominidlərdə beyinciyin isə daha sürətli inkişaf etdiyi aydın olub.

    Aristotel və Qalenin anatomiya üzrə işlərində beyinciyə insanın yaşayış fəaliyyətində heç bir mühüm rol ayırılmır. Tarixin ilk həkim və təbibləri "həqiqi" beyni ona oxşarı ilə qarşı-qarşıya qoyurdular, bu səbəbdən sonuncusu "beyincik" deyə adlandırıldı.

   Neyrofiziologiya nöqteyi nəzərindən beyincik hərəkət sferası nəzarətinə cavabdehdir. Halbuki funksiyaları daha çox olmalıdır. Məsələn, tədqiqatın müəllifləri qeyd edirlər ki, beynin bu bölgəsi üçün neyronların yüksək konsentrasiyası xarakterikdir (təxminən 70 milyard ki, bu da neokorteksdən 4 dəfə çoxdur). Bu neyronların vəzifəsi hələlik bilinmir. Bioloqlar isə beyinciyin alət hazırlanması və istifadəsi, habelə nitq və cümlələrin qurulması kimi fəaliyyətlərə cavabdeh olduğu ilə bağlı hipotez irəli sürürlər.

Həmçinin oxuyun:

Nitqin təkamülü
"Bəs yatmasaq necə olar?"
İlk dəfə insanın şüuru "söndürüldü"

Rəvan Quluzadə