Bipedalizm – İki ayaq üzərində hərəkətin tarixi

    Bipedalizm hər hansı bir heyvan növünün iki ayaq üzərində hərəkət qabiliyyətini ifadə edən latın mənşəli termindir. Xüsusilə erkən dövr (Trias) dinozavrlarından bir çoxunun iki ayaq üzərində hərəkət etdiyi elmə məlumdur. Bunlara misal olaraq Troodon, Tyrannosaurus rex (T-rex), bəzi ornithopodlar və müasir quşların ataları olan theropod və velosiraptorlar göstərilə bilər. Məməli heyvanlar arasında isə iki ayaq üzərində hərəkətə əsasən primatlarda rast gəlinir (həmçinin bəzi kisəli heyvanlarda da). Primatlar arasında bonobolar, şimpanzelər, insanlar və pavianlar bipedalizm üçün ən uyğun misallardır. Amma insanlardan başqa digər bütün primatların skelet və bədən quruluşları həyatlarının böyük hissəsini dörd ayaq üzərində keçirmək üçün uyğunlaşmışdır.  Homo sapienslər isə dik bədən, geniş çanaq, möhkəm onurğa quruluşu, təkamül etmiş güclü ayaq əzələləri və sümükləri ilə ömrü boyu iki arxa ayaq üzərində yeriyə bilərlər. Bəs ilk insanlar?

Bəzi bipedal dinozavrlar. (c) angelfire.com

   1992-1994-cü illərdə 4.4 milyon il əvvəl Afrikanın şərqində yaşamış ibtidai insan cinsi olan Ardipithecus ramidusa (qıs. Ardi) aid fosiller tapıldı. Bu fosillər üzərində aparılan tədqiqatlar, Ardidin müasir şimpanze ölçülərində, həm ət həm də ot ilə qidalanan, əsasən dörd ayaq üzərində hərəkət edən amma qısa periodlarla iki ayaq üzərində də hərəkət edə bilən bir hominid olduğunu göstərdi. Bu cins bizə məlum olan iki ayaq üzərində hərəkət qabiliyyətli ilk hominiddir (insana bənzər primat).

Ardipithecus ©humanorigins.si.edu

   Lakin iki ayaq üzərində hərəkəti tamamı ilə inkişaf etdirmiş ilk hominid Australopithecus afarensis idi. Belə ki, təxminən  3.2 milyon il əvvəl Şərqi Afrikada yaşamış dişi bir A. Afarensis fosili tapıldı və palentoloqlar ona Lucy adını verdi. Lucy-nün sümükləri çox yaxşı qorunmuşdu və sümük tədqiqatları göstərdi ki, Lucynin beyni hələ də bir şimpanze qədərdir amma ayaq sümükləri iki ayaq üzərində hərəkəti təmin etmək üçün tamamı ilə formalaşmışdır. Burada palentoloqların diqqətini çəkən məsələ bu idi ki, beyin quruluşunda əhəmiyyətli bir inkişaf olmadığı halda Afarensis yerimə qabiliyyətlərini inkişaf etdirmiş idi. Uşaqların böyümə periodlarını təkamülün mini modeli kimi görən alimlər həqiqətən insanın ilk olaraq yeriməyi daha sonra isə nitq qabiliyyətini inkişaf etdirdiyi fikrində dayandılar.

   Yeni araşdırmalar bipedalizmin insanlar savannalarda həyata keçmədən əvvəl, hələ meşələrdə yaşayarkən təkamül etməyə başladığını göstərir. Bu qabiliyyət ibtidai insanların köməyinə çatacaq idi, belə ki iqlim və ekoloji dəyişiklər Şərqi Afrikanın meşələrində yaşayan hominidləri savannalara enməyə məcbur edəndə, dik hərəkət qabiliyyətli insanlar hündür otlar arasından yırtıcıları görə bilər, təhlükələri əvvəlcədən sezib özlərini qoruya bilirdilər.

A.afarensis - Lucy ©world-archeology.com

   Bu bacarıq əvvəlcə insanlara meşələrdən savannalara köçdə uyğunlaşmağa kömək etmiş və əvvəl daha çox hərəkət üçün istifadə olunan iki qabaq ayaqların – yəni əllərin boş qalmasına səbəb olmuşdur.  Əllərin boş qalması ilə müxtəlif alətlər düzəltməyi öyrənən insanlar baltalar, nizələr, təkərlər, barutlu silahlar, teleskoplar, roketlər və komputerlər düzəltmişdir.

 

Sabir Əliyev

University of Wollongong, Australia-da Bachelor of Commerce Tourism and Travel Management üzrə təhsil. Hal-hazırda yerli şirkətlərin birinin meneceri.