Cinsi davranış və uşaqlar: Bu nə zaman problem olur və bununla bağlı nə etməli?

Uşaqlar fiziki, emosional və sosial olaraq inkişaf etdiyi kimi, cinsi olaraq da inkişaf edirlər. Hətta azyaşlı uşaqların da cinsi hissləri var və cinsi davranışla məşğul olurlar (məsələn, cinsi orqanlarına toxunma, yaxud pis sözlər danışma). Cinsi davranış yalnız o zaman problemə çevrilə bilər ki, o, qeyri-münasib inkişaf etmiş, yaxud başqa uşaqları da cəlb etmiş olsun. Bu, hər zaman problemdir, o halda ki, başqa uşaqlara təzyiq və məcburetməni əhatə etmiş olsun. Bu, həm də o zaman problemdir ki, ailə bu davranışları normal və ya qəbuledilən hesab etməmiş olsun.

Bu material sizə kömək məqsədi daşıyır:
- Uşaqlarda hansı cinsi davranışın normal, hansının qeyri-normal olduğunu öyrənin;
- Qəyyumların hansı reaksiyalar göstərməli olduğunu anlayın;
- Yanlış cinsi davranışları islah etmənin yollarını öyrənin.

Normal Cinsi İnkişaf
Normal cinsi inkişaf tədricən baş verir və bu proses uşaqlara görə fərqli gedir. Uşağın inkişafının digərlərinə  nisbətən daha yavaş, yaxud daha sürətli getməsi problemin olduğunu göstərmir. Uşaqlar müxtəlif xarakterə, temperamentə və yaşantılara malikdir; ailə dəyərləri və hadisələri müxtəlif olur. İrəlidə bəhs edilənlər sadəcə təlimatlandırıcı məqsəd daşıyır. 

MƏKTƏBƏQƏDƏR. Azyaşlı uşaqlara öz bədənləri çox maraqlı gəlir və onu araşdırırlar. Bədənlərinin cinsi hissələrinə toxunmaq adi və normal haldır. Uşaqlar, həmçinin böyüklərin bədənləri ilə də maraqlanır və onların cinsi hissələrinə, məsələn, ananın sinəsinə toxuna bilərlər. Bu yaşda uşaqlar hamamda olanlarla maraqlana, bu barədə danışmaq, yaxud onlara baxmaqdan xoşlana bilərlər. Təxminən dörd və ya beş yaşında cinsi davranış daha sosial ola bilər. Uşaqlar "həkim"oyunu oynaya və bir-birlərinin cinsi üzvlərin baxa, yaxud toxuna bilərlər. Beş yaşında bir çox uşaqlar seks barədə bəzi suallar verə bilərlər, məsələn, uşaqlardan haradan yaranır, qadınlar və kişilər arasında fiziki fərqlər, bədən üzvləri və funksiyaları və ya doğulacaq körpə necə yaranıb.

İBTİDAİ MƏKTƏB. Uşaqların öz bədənlərinə marağı davam edir, lakin artıq bu yaşda seksual söhbətlər və davranışlarla bağlı sosial qaydalarla daha çox tanışdırlar. Onlarda, həmçinin təmkinlilik hissi inkişaf edir və çılpaq, yaxud çimərkən görünməklə bağlı həssaslıq yaranır. Nəticədə, cinsi davranış böyüklərdən gizli saxlanmağa başlayır. Digər tərəfdən, uşaqlar bədən üzvləri ilə bağlı cinsi terminlər və ya jarqon sözlər eşitmiş ola və reaksiya almaq üçün pis
sözləri deməkdən xoşlana bilərlər. İyrənc zarafatlar etmək, yaxud seksual sözlər danışmaq əyləncə mənbəyinə çevrilə bilər. 

Uşaqların başqa uşaqlarla seks oyunları oynaması və ya masturbasiya (öz cinsi orqanlarına toxunması) qeyri-adi hal deyil. Uşaqlar həm də getdikcə böyüklərin cinsi davranışları ilə bağlı daha maraqlı olurlar. 10 yaşında bir çox uşaqlar cinsi yetişkənliyin əlamətlərini göstərməyə başlayır və bununla bağlı onların maraqları da artmağa başlayır. 

ORTA MƏKTƏB. Bu vaxtlarda uşaqlar öz cinsi hisslərindən getdikcə daha çox xəbərdar olmağa başlayır və bu, onların cinsi yetişkənliyi ilə paralel baş verir. Uşaqlar cinsi hisslərinə görə masturbasiya etməyə başlayırlar. Uşaqlar digər uşaqlarla təcrübi cinsi fəaliyyətə daxil ola bilərlər. Bəzən bu, eyni cinsdən olan uşaqlarla ola bilir. Onlar romantik münasibətlərə maraqlarını artırmağa başlayırlar. Öz yaşıdlarına və ya böyüklərə vurula bilirlər. Cinsi münasibətlərə əldən tutmaq, öpüşmək və ya nəvaziş göstərmək aid ola bilir. Cinsəlliklə əlaqədar suallar hamiləlikdə atanın rolu, doğum prosesi və ümumilikdə cinsi əlaqə ilə bağlı olur.

Problemli Cinsi Davranış
Uşağın cinsi davranışı o zaman problem ola bilər ki, onun normal inkişaf mərhələsindən kənara çıxmış, normal maraq və fəaliyyətlərə mane olmuş, məyusedici şəkildə başqa uşaqları cəlb etmiş, daha az yaşlı uşaqlardan istifadə etmiş, yaxud məcburiyyət və ya təzyiqlə müşayiət edilmiş olsun. Açıq-aşkar, dağıdıcı davranışlar, onların dayandırılması cəhdlərinə baxmayaraq, davam edirsə, yaxud baqşa uşaqları incidir və ya bezdirirsə, peşəkar yardıma ehtiyac vardır.

Aşağıdakı davranışlar əksər uşaqlarda görülmür və əsasən, cinsi davranış problemləri hesab olunur:
- Seksual sözlərlə, bədənin cinsi üzvləri və cinsi fəaliyyətlə həddən artıq maraqlanmaq, xüsusilə əgər bu məktəbyaşlı uşaqlarda görülürsə;
- Təkrar-təktrar bədənin cinsi üzvlərini açıq şəkildə göstərmək, xüsusilə əgər bu məktəbyaşlı uşaqlarda görülürsə.
- Qadağan edilməsinə baxmayaraq, israrla başqa uşaqlarla seks oyunları oynamaq;
- Bədənin cinsi üzvlərinə əşyalar qoymaq.
- Oyuncaqlarla, ev heyvanları ilə və ya digər uşaqlarla cinsi əlaqə imitasiyası yaratmaq, yaxud bunu etmək, xüsusilə məktəbəqədər və məktəbyaşlı uşaqlarda 
görülürsə;
- Emosional və sosial olaraq daha erkən inkişaf mərhələsində olan uşaqlarla seksual hərəkətlər etmək;
- Başqalarını istənilən növdə cinsi faəliyyətə təzyiqlə və ya məcburiyyətlə cəlb etmək.

Bu, niyə baş verir?

Uşaqlarda cinsi davranış problemlərinin müxtəlif səbəbləri var. Cinsi davranışlar öyrənildiyi üçün demək olar ki, əksər hallarda bu, uşaqların gördükləri və ya qarşılaşdıqları halların nəticəsidir. Uşaqlar valideynlərin, yaxud böyük bacı və qardaşlarının cinsi hərəkətlərini görə, yaxud televiziya və ya  jurnallarda rastlaşa bilərlər. Cinsi zorakılığa məruz qalan uşaqlar seksual davranışlar edə və ya seksual obyekt ola bilərlər. Çoxsaylı konflikt və stressin olduğu ailələrdə uşaqlar cinsi hərəkətlər edə bilər. Digər amillər də cinsi davranış problemlərinə yol aça bilər, məsələn, başqaları ilə yola getməkdə çətinlik çəkmək, valideyn və ya qəyyumlar tərəfindən kifayət qədər yaxından nəzarət olunmamaq, impulsların idarə olunma problemləri və s.

Cinsi davranışlar başlandıqdan sonra bütün həyatı ələ keçirə bilər. Əgər bu, xoşagələndirsə, sakitləşdirici və ya fikirləri dağıdandırsa, davam edə bilər. Bəzi uşaqlar özləri də bilmədən televiziyaya baxarkən, yaxud əsəbləşərkən cinsiyyət üzvlərinə toxunma kimi bir vərdişə öyrəşə bilərlər. Başqa hallarda cinsi davranışlar daha çox diqqət çəkməsi (çünki böyüklərdə, bu, şokedici reaksiyaya səbəb olur), yaxud qadağan olunduğu üçün başqa uşaqlara maraqlı gəlməsi səbəbindən davam edə bilər.

Bəzi uşaqlar özlərini idarə etməkdə çətinlik çəkirlər və ya başqalarını idarə etməyi xoşlayırlar. Aqressiv cinsi davranış başqa davranış problemlərinin olduğu çox acıqlı və adamayovuşmaz uşaqlarda daha tez-tez görülə bilər. Uşağın davranışları ilə yanaşı, onun niyə başlanması ilə də maraqlanmaq vacibdir. Əgər uşaq cinsi zorakılığa məruz qalıbsa, aşkar cinsi hərəkətlərə məruz
qalıbsa, yaxud ailədə problemlər varsa, bu problemlər də aradan qaldırılmalıdır. 

Ümumi Reaksiyaları

Bir çox hallarda uşağın seksual olaraq qeyri-münasib və ya qeyri-adi davrandığını ilk olaraq qəyyumlar (valideynlər və ya onu əvəz edənlər) görürlər. Ola bilsin, onlar bunun problem olduğunu və bununla bağlı nə tədbir görmək lazım olduğunu bilməsinlər. Çox zaman qəyyumlar buna cinsi zorakılığın səbəb olduğunu düşünürlər. Qeyri-adi cinsi davranışın əsas səbəbi cinsi zorakılıq olsa da və bunu nəzərə almaq hər zaman əhəmiyyətli olsa da, bu, yeganə izah deyildir. 

Bəzən qəyyumlar övladlarının qeyri-adi seksual davranışı barəsə başqa uşaqların valideynlərindən, bağça və ya məktəb işçilərindən, Himayə və Qəyyumluq orqanlarından, hətta polisdən öyrənirlər. Bu davranışı faktiki olaraq görməyən valideyn buna inanmaqda çətinlik çəkə bilər. Onlar çox zaman özlərini sıxılmış və ya məyus hiss edirlər. Bu halda onların öz övladlarını bu ittihamlara qarşı müdafiə etməsi də normaldır. 

Ümumi reaksiyalara aid edilə bilər:
"Bu baş verməyib. Mənim övladım belə etməz." Düzgün olmayan cinsi davranış valideynin və ya digər böyüklərin qarşısında baş vermir; bunun üstü çox zaman təsadüfən açılır, yaxud başqa uşaq bunu bildirir. Əgər uşaq davranışı inkar edirsə, bu ehtimalın mümkünlüyünü də nəzərə almaq və buna ciddi yanaşmaq lazımdır. Əgər uşağın həqiqətən problemi varsa, o, buna qarşı gəlməli və kömək almalıdır. 

"Elə böyük bir şey olmayıb. Insanlar şişirdir." Bu, həqiqət ola bilər, belə ki, insanların çoxu uşaqlarda cinsi davranışlara qarşı həssasdırlar. Ən vacib məsələ əslində nəyin baş veridyini aşkar etmək və bunun bir daha baş verməməsi üçün plan qurmaqdır. Əgər baqşa valideynlər və ya peşəkarlar çox məyus və ya narahatdırlarsa, ən doğru addımı atmaq üçün peşəkarla məsləhətləşmək yaxşı olardı. Bu situasiya ilə əlaqədar heç bir tədbir görməmək uşaq üçün çox ciddi nəticələrə səbəb ola bilər (məsələn, məktəbədən atıla bilər, başqa uşaqlarla oynamağa icazə verilməz, işə hüquq-mühafizə orqanları qarışa bilər).

Əgər başqa insanlar bu məsələni aşkara çıxarsa, məsələyə uşaq hüquqları ilə məşğul olan orqanlar və ya polis müdaxilə edə bilər. Uşaqlarla işləyən peşəkarlar şübhə yaradan uşaq zorakılığı halı ilə bağlı uşaq hüquqları ilə məşğul olan qurumlar və ya polisə məlumat verməlidir. Uşaq qeyri-adi və ya aqressiv cinsi davranış sərgiləyirsə, onlar evdə zorakılığa qalması, yaxud evdə nələrinsə düz getməməsi ehtimalları mümkündür. Uşaqlar təhlükəsizlikdə olmadıqca, onların 
problemləri davam edəcək. 

"Mənim uşağım seksual cinayətkar olacaq"

Bəzi yanlış cinsi davranışlar nisbətən əhəmiyyətsizdir və valideynlər düzgün qərarlar qəbul etdikdə dayandırılması mümkündür. İsrarlı cinsi davranışa malik uşaqlar effektiv müalicə aldıqda, gələcəkdə yanlış cinsi davranışlar etməsi ehtimalı başqa problemlərlə üzləşən uşaqlara nisbətən böyük deyil. Risk hər zaman vardır, lakin vaxtında yaxşı müalicə olunduqda, çox aşağıdır.

Davranışlarını Dəyişməkdə Uşaqlara Kömək Etməli

Cinsi davranış problemləri uşağın gördüklərindən və yaşadıqlarından öyrənilir. Bu o deməkdir ki, davranış qayğıkeş böyüklərin vasitəsilə dəyişə bilər. Əgər cinsi davranış problemləri ilə tez mübarizə aparmaq mümkün olursa, gələcəkdə onların üzə çıxacağına inanmaq üçün əsas yoxdur. 
 
Dəyişmə üçün bir neçə əsas addımıar vardır. Valideynlər peşəkarla məsləhətləşmədən bəzi tədbirlər görə bilərlər, lakin belə məsləhətlər almaq çox zaman daha effektiv nəticə verir. Davranış çox ciddi olduqda, başqalarına zərər vurduqda, yaxud qadağalara baxmayaraq israrlı olaraq qaldıqda, peşəkar məsləhəti ən yaxşı yoldur. Araşdırmalar göstərir ki, cinsi davranış üzrə nizamlı terapiya çox effektivdir və sadəcə bir neçə ay davam edir. 

Əsas addımlar:
Addım 1. Problem aradan qalxana qədər uşağın digər uşaqların əhatəsində olarkən nəzarətdə olmasından əmin olun. 
Addım 2. Davranış barədə mümkün qədər çox məlumat toplayın: uşaq məhz hansı davranışı göstərir, hansı situasiyalarda və nə qədər tez-tez baş verir, bu, necə
idarə olunur və s. 
Addım 3. Uşağın icazə verilən və verilməyən davranışları bilməsindən əmin olun. Yaxşı davranışları tərifləyin. Yanlış davranışlar üçün aydın və dəqiq 
qərarlara malik olun. Emosiyalarını və temperamentini idarə etmək üçün uşağa imkanlar yaradın. 
Addım 4. Elə ailə mühiti yaradın ki, uşaqlar cinsi davranışlarla, söhbətlərlə və ya materiallarla (video, TV, video oyunlar) üzləşməsinlər. Məxfilik üzrə
dəqiq qaydalarınız olsun.

Cinsi davranış probleminə kömək edəcək şəxsin peşəkar olduğunu necə bilim?

Yaxşı istehlakçı olun və belə suallar verin:
1. Cinsi davranış problemləri ilə bağlı keçdiyi təlim və təcrübələr;
2. Müalicənin növü. Bu, dəlillərə əsaslanmalı və qısa müddətli (adətən, 6 aydan az) olmalı, uşaqlara cinsi davranış qaydalarını və çətin emosiya və temperamenti iadrə etməyi öyrətməlidir; hər sessiyada valideynləri də cəlb etməli və evdə qaydalar qoymaq və konstruktiv qaydada cinsi davranışları idarə etmək bacarıqlarını onlara öyrətməlidir.  

Sağlam Cinsəlliyin İnkişaf Etdirilməsi

Cinsi davranış problemini həll etmək uşağın normal inkişafına yardım etməkdə mühüm addımdır. Uşaqlar cinsi inkişafla bağlı düzgün məlumat almalıdırlar və cinsi münasibət və çoxalma barəsində tərbiyə görməlidirlər. Çox mühümdür ki, ailələr zəruri bildikləri vaxtda insanların cinsi münasibətə daxil olması barədə uşaqlarla danışsınlar.

Aşağıdakıları insanlar cinsi münasibətlə əlaqədar əsas prinsiplər kimi qəbul ediblər:

1. Cinsi münasibət hər bir halda bunu istəyən iki tərəf arasında olmalıdır;
2. Cinsi münasibət mənalı və qayğı ilə əhatə olunan münasibətin tərkib hissəsi olduqda, bu, daha mükəmməldir;
3. Cinsi münasibətə daxil olan insanlar kifayət qədər yetkin və məsuliyyətli olmalıdırlar ki, nəticədə baş verənlərə (məsələn, hamiləlik) münasibətdə qərar
verə bilsinlər. 

Əksər valideynlər (qəyyumlar) övladları ilə cinsəllik və cinsi münasibətlə bağlı danışmağı çətin hesab edirlər. Lakin valideynlərin öz övladlarını tərbiyə etmək üçün tam məsuliyyəti üzərlərinə götürmələri çox vacibdir. Valideynlər bununla bağlı həkimlərdən, dostlardan və ya dini müəssisələrdən yardım ala bilərlər. Filmlər, kitablar və proqramlar da yardımçı ola bilər. 

Taryel Abdullayev

Yaşıl Elm Platformasının Baş Redaktoru