DARVİN DƏLİLƏR EVİNDƏ: Təkamülün buraxdığı yaralar-Ruhi pozğunluqlar. [II seriya]

Psixiatriya qeyri-insan beynindən kənarda-Heyvanlarda ruhi xəstəliklər

Heyvanlar idrak və yaradıcı fəaliyyətə qadirdirlər. Əlbətdə, timsah riyaziyyat olimpiadasında qalib gəlmir və ya romanları şimpanzelər yazmır. Ancaq bu, onların zehni bir həyat və ya idrak qabiliyyətləri olmadığını ifadə etmir.  Biz heyvanları bir-biri ilə koqnitiv qabiliyyətlərinə görə müqayisə edə bilərik. Göyərçinlərin sayma qabiliyyəti şimpanzedən heç də fərqlənmir və toyuqlar demək olar ki, insanlar kimi saya bilirlər, onurğasız bəzi heyvanlarda (artropodlarda xüsusən) sonradan öyrənmə mexanizmi çalışır və s.

Heyvanlarda əqli anormallıqlar və ya onların analoqları üçün axtarışın mürəkkəbliyi insanlarda psixi pozğunluqların diaqnozu anlayışından qaynaqlanır. Psixiatrik diaqnozun əsasında hansı prinsiplər vardır? Diaqnostik məlumat əldə etmək üçün üç əsas kanal var:

1-Xəstənin öz hissi barədə özünə hesabatı.

2-Xəstənin müşahidəsi və davranışının sonrakı təhlili.

3-Xüsusi tədqiqat metodları: psixoloji müayinə, neyrovizualizasiya və neyrofunksional (EEG) metodlar, biokimyəvi testlər.

İndi bunu ev heyvanlarımıza və vəhşi təbiətimizə tətbiq etməyə çalışaq. Heyvanların nitqi yoxdur. Onların hiss etdiklərini çətin ki başa düşə bilərik, çünki heyvanlar öz təcrübələri barədə bizə (şifahi) formada məlumat vermirlər. Bir pişiyi başa düşdüyümüzü deyəndə, davranışının təhlilinə, öz proqnozlarımıza və ya qohumları ilə ünsiyyətdə keçmiş təcrübəyə etibar edirik. İndi görəcəyik ki, bəzi hallarda əslondə davranış analizinin nəticələri heyvan haqqında deyil, özümüz haqqında daha çox məlumat verəcəkdir.

Heyvanlar vəziyyətində birinci kanalın az olması səbəbindən ikinci kanaldan - davranış analizindən fəal istifadə edirik. Davranış iki baxımdan təhlil edilə bilər:

-statistik yayılma (eyni şəraitdə bu növün digər nümayəndələrində nə qədər oxşar davranış baş verir);

-davranışın funksionallığı (uyğunlaşma) (davranış nə qədər faydalıdır, yəni müəyyən bir məqsədə çatmağa kömək edir, heyvanın yaşamasına / genlərini yaymasına kömək edir).

Bu səbəblərə görə faydası olmayan nadir hərəkətlər faunanın nümayəndələri üçün ağrılı hesab edilə bilər. Bir heyvanda "insan" psixi pozğunluğuna ekvivalent tapmağa çalışaraq, bu davranışın heyvanın nə dərəcədə geniş yayıldığını, nəyə səbəb olduğunu anlamalıyıq.

Meymun davranışı dəyərli bir məlumat mənbəyidir. Primatlar keçmişimizə bir az geri baxmağa, insanlarda psixi pozğunluqların bioloji köklərini tapmağa imkan verir (Şəkildə məşhur Koko adlı qorilla). Məsələn, alimlər bilirlər ki, travmatik hadisələr “insan” post-travmatik stres pozğunluğuna (PTSP) bənzər bir sindromun şimpanzelərində inkişafa, habelə depressiyanın xarici təzahürlərinə bənzər davranışa səbəb ola bilər.

PTSP, fobiya və digər narahatlıq pozğunluqları (panic attack) kimi açıq bir refleks təbiətinə sahib olması ilə maraqlıdır. Belə çıxır ki, əgər heyvanın sinir sistemi refleks qövslər meydana gətirməyə, kənardan gələn materialdan öyrənməyə qadirdirsə, bu zehni pozğunluğun inkişafı üçün bir fürsət yaradır. Sinir sistemi nə qədər mürəkkəb olursa, onun pozğunluqları, psixi pozğunluqların inkişafı üçün bir o qədər geniş imkanlar olur. Adi taxta alət nadir hallarda qırılır, lakin smartfonlar və kompüterlər daha çox uğursuz olur və dağılmağa meyilli olurlar. Bəlkə də psixikamızın mürəkkəbliyindəki psixi pozğunluqların səbəbi elə budur?

Alimlər ekskommunikasiyanın Makaka rhesus meymunlarının davranışına mənfi təsirini təsvir etdilər: Anasız böyüyən meymunlar sürüdə sosial əlaqələrin formalaşması və saxlanmasının yaxşı öhdəsindən gələ bilmədiyi aşkar olundu. Özləri ana olduqdan sonra da, balalarına da az qayğı göstərirdilər. Bənzər dəyişiklikləri erkən uşaqlıqda kifayət qədər emosional ünsiyyət almayan bir insan övladında görmək olar. Bənzər problemlər uşaq evlərində böyüdülmüş uşaqların nümunəsi ilə yaxşı öyrənilmişdir və bunlar müvəqqəti lob və frontal korteks arasındakı əlaqələrin pozulmasından qaynaqlana bilər. Valideyn-uşaq münasibətlərinin mənfi təcrübələri heyvanlarda daha ciddi nəticələrə səbəb ola bilər. Primatoloq Jane Goodall, qısa bir müddətdə altı şimpanzeni öldürən bir ana və qızı - bir cüt şimpanze təsvir etmişdir. Bu davranış adətən ana şimpanzeyə xas deyil və ananın özü tərbiyə zamanı qızından laqeyd və emosional olaraq uzaqlaşdığı da müşahidə edilmişdir. Məlum olur ki, cəmiyyətdə psixi pozğunluq mənbəyinin açarı məhz onlarda gizlənə bilər. Heyvanın həyatının sosial təbiəti psixi pozğunluqların ekvivalentlərinin inkişafına səbəb ola bilər.

Çox cəsarətlə deyə bilərik: heyvanın əqli və sosial həyatı nə qədər mürəkkəbdirsə, bəzi zehni sapmalar üçün bir o qədər çox ehtimal vardır. Bunu cəngəlliklərin sakinləri olan primatlar nümunəsində görmək olar. Zoopsixiatriya dünyasına gələcək bir səyahət üçün, təbiətdən evlərimizə və mənzillərimizə qayıdacağıq. Orada ev heyvanlarına daha yaxından nəzər salırıq: pişiklərə və itlərə.

Əhəlliləşdirmənin mümkün təsirinə baxmayaraq, dörd ayaqlı ev sakinlərimiz daha diqqətlə nəzərdən keçirməliyik. Köpəklərdə, obsessiv-kompulsiv pozğunluğun –qısa halda OKR (obsessive-compulsive disorder/OCD) ekvivalenti, itin öz pəncəsində daimi yni yeri yalama şəklində təsvir edilmişdir. Nəticədə, belə sıx yalama dermatitə səbəb olur. Veterinar həkimlər bu davranışı mənfi təcrübələrin intensivliyini azaltmağın bir yolu, köpəklərdə bir növ özünə kömək kimi qiymətləndirirlər. Eyni izah, "insan" OKR çərçivəsində rituallara (təkrarlanan hərəkətlərə) də verilir. Xaricdən, çox məna kəsb etməyən, məntiqsiz görünən belə təkrarlanan rituallar, xəstənin narahatlığını aradan qaldırmağa kömək edir. Maraqlıdır ki, insan OKR zamanı tətbiq edilən amitriptilin və desipramin kimi preparatlar, OKR-li köpəyə eynilə insana təsir etdiyi kimi təsir edir.

Bəzi heyvanların da eynilə insan kimi psixi pozğunluqlardan əziyyət çəkdiyini söyləmək heç bir şübhə doğurmur. Onlara davranış pozğunluqları diaqnozu qoyulur, çünki heyvanların özləri vəziyyətləri barədə bizə şifahi məlumat verə bilmirlər. Bəlkə də pişiklər və köpəklər bizimlə tam əlaqə qura bilsəydilər, onlar haqqında və özümüz haqqında çox maraqlı daha nələr öyrənə bilərdik.....

 

Nərmin Beydizadə

İxtisas zoologiya (araxnologiya), AMEA doktorantı. Hal-hazırda Visegrad Fund təqaüdü dəstəyi ilə Cexiya Respublikası, Masaryk Universitetində (Brno) davranış biologiyası (hörümçəklərin trofik davranışı, yırtıcılıq strategiyaları və onun təkamülü) dessiplinası üzrə tədqiqatçı.