DARVİN “DƏLİLƏR EVİNDƏ”: Təkamülün buraxdığı yaralar-Ruhi pozğunluqlar. [III seriya]

. Homo sapiens şüurunun köhnə dostu-Şizofreniya...

Biz zehni mükəmməliyimizin əvəzini ruhi xəstəliklə ödəyirik...

Növümüz on minlərlə ildir ki, mövcuddur. Birdən-birə sıfırdan yaranmadıq, əksinı, bizdən əvvəlki digər növlərin növbəti inkişafının nəticəsi oldu. Bu təkamül zamanı bir növ olaraq köhnə şəraitdə yaşamağa kömək edən xüsusiyyətlər əldə etdik. Yaşayış yerimizin şərtləri dəyişdi, amma bioloji təkamülün ona çatmaq üçün vaxtı olmadı. Özümüzü ibtidai insanın orqanizminə sahib olan müasir sivilizasiya içərisində tapdıq. Xarici və daxili şərtlərin bu uyğunsuzluğu xəstəliklərin inkişafına səbəb ola bilər və ya onların gedişatını pisləşdirə bilər. "Köhnə” elm adamlarının məşhur fərziyyəsi müasir insanlar arasında otoimmun və allergik xəstəliklərin geniş yayılmasını belə izah edir: Əvvəllər bədən immunitetimiz bakteriya və parazitlərlə fəal mübarizə aparırdı. İndi belə bir problemimiz yoxdur və beləcə, "cansıxıcı həyat sürən" immunitet sahibinin toxuma və orqanlarına zərər verməyə başladı...

Bu uyğunsuzluğun başqa bir nümunəsi qadınlarda döş xərçəngi hallarının artması ilə bağlı vəziyyətdir. Tədqiqatçıların fikrincə, insidensiyanın artmasının səbəbi qadınların daha az doğuşa başlaması, daha doğrusu, daha çox sayda menstruasiya dövrü keçirməsindədir. Hesablamalara görə, kontraseptivlər dövründən əvvəl bir qadının həyatında təxminən 70 menstrual dövrü var idi. Belə halda bir çox qadın həyatlarının əhəmiyyətli bir hissəsini uşaqlarını daşıyaraq və ona ana südü ilə bəsləməklə keçirirdi. Hamiləlik dövründə menstruasiya dayanır və ana südü ilə qidalanma menstrual dövrünün bərpasına mane olur. Nəticədə, bir qadının həyatında menstrual dövrlərin ümumi sayı azalmış olur. Kontrasepsiya ixtirası və doğum nisbətinin azalması ilə menstrual dövrlərin sayı artdı: orta hesabla bu artıq 350-dir. Qadın bədənində hormonal dəyişikliklərə məruz qalma ehtimalı beş dəfə artmışdır və bu qadınların sağlamlığına təsir göstərə bilər. Beləcə, menstruasiya dövrünün fasiləsiz təkrarlılığı döş xərçəngi riskini artırmış oldu.

Heyvanların psixikası, bir qədər oxşar olan ruhi pozğunluqların "prototipləri" olduğunu artıq bilirik. "Sadə" sözünün beynə ümumiyyətlə tətbiq oluna biləcəyi təqdirdə bunlar daha sadə modellərdir. Sistemin artan mürəkkəbliyi, onun işinin sıradan çıxmasına daha çox meyilli olmasına səbəb olur (mükəmməliyin entropiyaya sürüklənməsi halı).

Psixi pozğunluqların genetikasına təkamül baxımından baxmağa çalışaq. Psixi pozğunluqlar poligen (çoxsəbəbli) xəstəliklərdir. Buna misal olaraq şizofreniya göstərmək olar. Poligen təbiət ona təbii seçmə prosesindən “gizlənmək” imkanı verir. Hər bir fərdi genetik variant, mənfi seçimin "radarlarının altındadır" və onlar xəstəliklərin yaranmasına səbəb olaraq populyasiyada qalırlar. Bu şizofreniyanı yox olmaqdan xilas edir.

Bəlkə də şizofreniyanın bu "canlılığı" fərqli bir izah verir. Çox sayda şizofreniya və digər psixi pozğunluqların inkişafına səbəb olan mutasiyalar, daşıyıcılarına üstünlük verə bilər. Görmə yaddaşı yaxşılaşdıran PRKCA gen variantının travmadan sonrakı stres pozğunluğu (PTSP) riskinin artması ilə əlaqəli olduğuna dair sübutlar var. Yaddaşda fayda əldə edirik, ancaq xəstəlik riski də bu üstünlüklə paralel gəlməkdədir. Maraqlıdır ki, şizofreniyaya səbəb olan mutasiyalar ən çox Neandertallardan daha çox fərqləndiyimiz genlərdə olur. Bir növ olaraq inkişaf etdik və təkamül genlərimizdə ən uğurlu dəyişiklikləri qeyd etdi. Sonda məlum oldu ki, bu eyni faydalar bizi şizofreniyaya aparan yol imiş.

Təcrübəli psixiatrlar bilirlər ki, şizofrenik psixozlu xəstələr bəzən məktəbdəki həmyaşıdlarından üstün olublar. Bu tibbi müşahidə geniş tədqiqatlarla təsdiqlənir. Psixozu yaşamış psixiatrik xəstələr sinif yoldaşlarına nisbətən daha uğurla təhsil alırlar (və ya alıblar). Nobel mükafatı laureatı Con Nashın işi bu nəticəni yaxşı göstərir.

Zehni təzahürlərimizin müəyyən bir normativ dəhlizi var. Bu norma bu təzahürlərin tezliyi və işləkliyi ilə müəyyən edilir. Bir əlamət bir populyasiyada nə qədər tez-tez görünsə, o qədər normaldır. Söz və xüsusi hərəkətlər şəklində psixikanın nə qədər yaxşı təzahür etməsi məhsuldar nəticəyə gətirib çıxarırsa, bu o qədər normaldır. Bəzi genetik variantlarla insanın düşüncə və hərəkətlərində sapma nəticələr ortaya çıxır və psixikası statistik normadan kənara çıxır. İnsan əvvəllər olmayan yeni bir məlumat, yeni bir bilik versiyası yaradır. E = mc2 düsturu yeni bilikdir, amma bu, “FXT-nin məni izləyir” (A beautiful mind filmini xatırlayın) fikrindən nə ilə fərqlənir? Seçimin unikallığı və orijinallığı onun faydalılığı demək deyil. Uğursuz bir birləşmə ilə, orijinal olmağımız və standartlardan kənarda düşünməyimizə imkan verən kiçik genetik dəyişikliklər şizofreniyaya səbəb ola bilər. Bu, təkamül psixiatriyasının üçüncü komponentidir: bizə bir fayda təqdim edən variantlar, bizə zərər də verə bilər. Bu, bu genetik variantların təbbi seçmə ilə rədd edilməMƏsinə səbəb ola bilər-onlar bizim növümüz üçün, imtina etməyəcəyimiz qədər dəyərli genetik variantlardır (və ya variasiyalar).

Psixikamızın mürəkkəbliyi və növün tarixi boyunca insan varlığının dəyişən şərtləri, psixi pozğunluqlarımızın mənşəyində iki aşkar təkamül komponentidir. Üçüncü komponent psixikanın genetik əsaslarının qeyri-müəyyənliyidir. Bizə üstünlük verən şey, müəyyən bir kombinasiya ilə bizə qarşı çıxa bilər və bizə diskonfortlu görünən ruhi xəstəlik yarada bilər. Zehni fəaliyyətlərimizin əhəmiyyətli dərəcədə inkişafının borcunu, ruhi xəstəliklərə sahib olmaqla ödəyirik. Psixi pozğunluqlar növlərimizin müvəffəqiyyətinin kölgəsidir, bizi öz böyüklüyünün zirvəsinə qaldıran bir şeytanın pıçıltısıdır....

Əlavə mənbələr:

Hope R. Ferdowsian, Debra L. Durham, Charles Kimwele, Godelieve Kranendonk, Emily Otali, et. al.. (2011). Signs of Mood and Anxiety Disorders in ChimpanzeesPLoS ONE6, e19855;

Satoshi Toyokawa, Monica Uddin, Karestan C. Koenen, Sandro Galea. (2012). How does the social environment ‘get into the mind’? Epigenetics at the intersection of social and psychiatric epidemiologySocial Science & Medicine74, 67-74;

Saurabh Srinivasan, Francesco Bettella, Morten Mattingsdal, Yunpeng Wang, Aree Witoelar, et. al.. (2016). Genetic Markers of Human Evolution Are Enriched in SchizophreniaBiological Psychiatry80, 284-292;

JON L. KARLSSON. (2008). Creative intelligence in relatives of mental patientsHereditas100, 83-86;

 

Nərmin Beydizadə

İxtisas zoologiya (araxnologiya), AMEA doktorantı. Hal-hazırda Visegrad Fund təqaüdü dəstəyi ilə Cexiya Respublikası, Masaryk Universitetində (Brno) davranış biologiyası (hörümçəklərin trofik davranışı, yırtıcılıq strategiyaları və onun təkamülü) dessiplinası üzrə tədqiqatçı.