Dinozavrların qırılmağına səbəb asteroid deyildi

 

  Qəbul edilmiş ümumi versiyaya görə, qədim kərtənkələlərin nəslinin kəsilməsinin səbəbi Yerlə toqquşmuş nəhəng asteroiddir. Lakin aparılmış yeni genişmiqyaslı tədqiqat dinozavrların qırılma səbəbinin fərqli olduğunu irəli sürür. Prinston, Massaçusets, Lozanna və Amravati universitetlərindən olan mütəxəssislər dinozavrların nəslinin kəsilməsində iştirak edən əsas faktorun asteroid deyil, vulkanlar olduğu qənaətinə gəliblər. Yeni hipotezə əsasən, buna səbəb Hindistanın qərbi və mərkəzi hissələrində yerləşən Dekan yaylası trapplarıdır (böyük maqmatik strukturlar). Alimlər trapplardaki geoloji strukturları araşdıraraq, mümkün püskürmələrin müddəti və təxmini vaxtını hesablamağa nail olublar.

   Tədqiqatçıların köməyinə urantərkibli mineral olan və vulkanik püskürmədən sonra maqmada aşkar oluna bilən sirkon gəlib. Belə olan halda kimyəvi "saatlar" rolunda uran izotopları yer alır. Məlum olub ki, asteroidin düşməsindən 250 min il əvvəl planetdə genişmiqyaslı vulkan püskürmələri baş verib. Belə püskürmələr asteroid toqquşmasından sonra da 500 min il müddətində davam edib. Belə vəziyyətdə dinozavrların nəslinin kəsilməsinə gətirib çıxaran əsas amilin vulkanlar olduğunu vurğulamaq olar. Bu fəlakət planet üzərində ciddi dəyişikliklər meydana gətirib. Xüsusilə də artmış karbon qazı nisbəti okeanların turşulaşmasına səbəb olub ki, bu da bir çox suda yaşayan canlıların nəslinin kəsilməsini zəruri edib. Tədricən ənənəvi qida qaynaqları yox olmağa başlayıb və müxtəlif növlər məhv olma təhlükəsi ilə üz-üzə qalmalı olublar. Bu mövzu üzrə daha əvvəllər irəli sürülmüş başqa bir zəif versiyaya əsasən isə qədim kərtənkələlərin yumurtaları və balaları o müddət aralığında təkamül səhnəsinə çıxmış ilk yırtıcı məməlilər tərəfindən yeyilmiş ola bilər.

Rəvan Quluzadə