Dinozavrların yaşadığı şərtlərdə insanlar nəfəs ala bilməzdi

   Geoloqlar seysmik tomoqrafiya köməyilə 250 milyon il əvvəlki Yerdə baş verən prosesləri aydınlaşdırmağa nail olublar. Belə ki, dinozavrların hökmranlıq etdiyi dövrdə atmosferdə insanların yaşaya bilməyəcəyi miqdarda karbon qazı olduğu məlum olub. 250 milyon il əvvəl dinozavrların nəfəs aldığı havadaki karbon qazı nisbəti indiki ilə müqayisədə 5 dəfə artıq idi. Bu günki vəziyyəti ilə insan o dövrdə ümumiyyətlə yaşaya bilməzdi. Bu gün insanların rahat nəfəs ala bildiyi ekoloji baxımdan təmiz yerlərdə karbon qazı qatılığı təxminən 0,03%-dirsə, nəfəs almağın bir qədər çətin olduğu meqapolislərdə nisbət 0,1%-ə bərabərdir. Əgər belə atmosferdə daimi yaşamaq insan DNT strukturunda neqativ dəyişikliklərə səbəb olursa, 250 milyon il əvvəlki şərtləri insan üçün birbaşa ölümcül hesab etmək olar.
 
   Yeni karbondioksid məzmunu qiymətləndirilməsi texnikası qədim Yerdə baş vermiş ekoloji prosesləri nəinki anlamaq, hətta gələcəkdəki iqlim dəyişikliklərini proqnozlaşdırmaq imkanı təmin edir. Qədim Yer atmosferindəki yüksək karbon qazı nisbətinin səbəbi davamlı zəlzələ və vulkan püskürmələri idi. Közərmiş lava axınlarının torpaq və qayaları əritməsi və yandırması nəticəsində atmosferə minlərlə kubometr CO2 atılırdı, bu da planeti nəhəng istixanaya çevirirdi. Yura dövründəki atmosferin öyrənilməsi üçün başda Hollandiyadan olan Duva van der Meyer olmaqla alimlərdən ibarət qrup tədqiqatda seysmik tomoqrafiyadan istifadə etdi. Alimlər texnikanın köməyilə seysmik dalğaların yayılmasını araşdıraraq Yer səthindəki tektonik plitələrin strukturlarını daha yaxşı anlamağa nail oldular. Tektonik hərəkətlərin atmosferə atdığı karbon qazı miqdarı hesablamalarının nəticələrinə görə 250 milyon il əvvəl Yer bu günki göstəricilərlə müqayisədə iki dəfə artıq CO2 istehsal edirdi.

Rəvan Quluzadə