Elektronik oyuncaqlar uşaqlarda danışıq qabiliyyəti və söz ehtiyatını azaldır

Valideyn-övlad münasibətlərində oyun vaxtının keyfiyyəti təkcə uşağın əylənməsi və onun valideyniylə birlikdə vaxt keçirməsi baxımından deyil, eyni zamanda uşağın danışıq qabiliyyəti və idrakının inkişafı üçün olduqca önəmlidir. Lakin təəssüf ki, hazırki müasir ailələrdə valideyn-övlad arasındakı oyun vaxtı üçün yaranan fürsətlər maliyyə, iş və digər ailə qayğıları səbəbindən məhduddur.

 

Valideynlər bu oyunun bir hissəsi olduğu zaman, valideyn-övlad oyunu uşaqların öz seçimlərinə qarşı məsuliyyətlərinin artması və valideynlərini fərqli bir şəkildə görməsinin təmin edilməsi mövzusunda son dərəcə böyük əhəmiyyətə malikdir. 2018-ci ilin sentyabr ayında  "Pediatrics"də nəşr olunan bir məqalədə də valideyn-övlad oyununun uşağın sağlam inkişafı və valideynləriylə arasındakı əlaqələrin inkişaf etdirilməsi baxımından olduqca önəmli olduğu irəli sürüldü.

 

Digər tərəfdən, uşaqlara alınan oyuncaqların funksiyaları da onların nitqlərinin inkişafında mühüm rol oynayır. Araşdırmalar göstərir ki, uşaqların  işıq saçan, müxtəlif musiqilər çalan elektronik oyuncaqlarla oynamağı, kitab, pazl oyunları, müxtəlif formalı blokların yerləşdirilməsi üçün nəzərdə tutulmuş oyuncaqlar və şəkilli plastik bloklar kimi ənənəvi oyuncaqlarla oynamağa nisbətən nitq inkişafında geriləməyə səbəb olur.     

             

2016-cı ildə "JAMA Pediatrics"də dərc olunan məqalədə 10-16 aylıq körpələr olmaqla 26 valideyn-uşaq cütlüyü üzərində aparılan eksperimentdən bəhs olunur. Eksperiment iştirakçıların evində keçirildiyindən, hadisələri vizual olaraq müşahidə etmək mümkün olmadı, yalnız səs yazan cihazla səsli məlumatlar toplandı. Bu zaman iştirakçılara 3 fərqli  oyuncaq dəsti verildi. Birinci dəst  uşaqlar üçün nəzərdə tutulan noutbuk, danışan  heyvan oyuncaqları və mobil telefonlardan, ikinci dəst şəkilli plastik bloklar, fərqli formalı blokları uyğun yerlərə yerləşdirmək lazım olan taxta pazllardan, üçüncü dəst isə üzərində fərqli forma və rənglərdə heyvan şəkilləri olmaqla 5 kitab kartonundan ibarət idi.

 

Əldə edilən səs yazılarında elektronik oyuncaqlarla oynanılan oyunlarda valideynlərin daha az söz işlətdiyi, övladları ilə ünsiyyətə girdiyi, ənənəvi oyuncaq və kitablarla oynanılan oyunlarda isə bunun əksinə olaraq valideyn təsirinin və uşaqla səsli ünsiyyətinin daha artıq miqdarda olduğu müşahidə olundu. Bununla yanaşı, birinci tip uşaqların oyun zamanı digərlərinə nisbətən daha az səs çıxardığı məlum oldu.

 

Həyata keçirilən eksperimentin nəticəsində elektronik və ənənəvi oyuncaqlar arasında böyük və əhəmiyyətli fərqlərin olduğu vurğulanır. Digər tərəfdən isə, araşdırma iştirakçıların etnik, irqi və sosial-iqtisadi statuslarının oxşar olduğu üçün müəyyən məhdudiyyətlərə malikdir.

 

Ümumilikdə isə eksperiment nəticəsində valideyn-övlad oyunlarında öyrədici funksiya daşıyan və adətən olduqca bahalı olan elektronik oyuncaqların uşaqların danışıq qabiliyyətinin inkişafına ənənəvi oyuncaqlara nisbətən daha az təsir etdiyi məlum oldu. Bundan əlavə, nəticələr göstərdi ki, uşaqlara erkən yaşda kitab oxumağın bir sıra potensial faydaları var. Həmçinin, ənənəvi oyuncaqlarla oynanılan oyunların kitab oxuma əsnasında ortaya çıxanlar qədər zəngin bir qarşılıqlı təsirə malikdir.

 

Mənbə: pediatrics.aappublications.org

 

Tərcümə: Nigar Eyvazzadə

Taryel Abdullayev

Yaşıl Elm Platformasının Baş Redaktoru