Insan davranışı: aqressiya haqqında

Yazı aqressiya, onun orqanizm tərəfindən tanınması, yaranması və onun idarəsinə cavabdeh olan beyin şöbəmiz və bu şöbənin qismən ya tam sıradan çıxması ilə meydana gələn psixoneuroloji patologiyanı əhatə edir. Bilməmiz faydalıdır.

Beynimizdəki mindal deyilən bir şöbə var ki, o aqresiyanı, qorxunu, həyəcanı görür, tanıyır və sənə də imkan verir ki, tanıyasan. Amma bu işdə frontal hissə (alın payı) və limbik sistem (hisslər aləmimizin laboratoriyası adlandırıram mən) də müştərəklik edir. Prosesə hormonlar (testesteron-aqresiya və həyəcan hormonu olaraq) və dofamin adlanan neyromediatorlar da qoşulurlar. Bunlar sizin həyəcan, qorxu və ya hirsinizə bir az da rəng qatmaq üçündür. Hər bir orqanizmdə limbik sistem (mindal hissə də nəzərdə tuturam) individual olaraq çalışır. Məs., siçanların dünyası qoxu dünyasıdır-iybilmə onlarçün hər şeydi-həm cütləşmədir, həm məyusluqdur, həm həyəcandır, həm sevincdir və s. digərlərində bu digər sensor sistemlərlə əvəzlənir. Mindal hissəni işi təkcə aqressiya və ya qorxunu tənzimləmək deyil. Başqa hallarda o başqa işlərlə də məşğuldur. Koqnitiv funskiya natamam inkişaf edən Williams sindromlu insnalara qorxulu sifətlər və ya şəkillər göstərməklə mindal hissəni aktivləşdirmək mümkün deyil. Hərçənd bu hissə onlarda normal fəaliyyətdədir. Çünki xəstəliyin səbəbi onsuzda mindal hissənin pozğunluğu deyil, əksinə tamama başqadır- genetik bir defektdir. Amma məs., bir sosiofob insana istənilən insan sifəti göstərsəz bu şöbə dərhal aktivləşəcək və şəxsi həyəcan basacaq. Kliniki depresiyadan əziyyət çəkən bir şəxsə qorxulu şəkillər, sifətlər göstərsəz heç nə alınmayacaq, amma qəmli, kədər ifadə edən nə isə olsa onda alınacaq. Niyə? bu məntiqlidir. Çünki mindal hissə fərdə individual mexanizmlə çalışır. Şəxsi kədərli nələrsə təsirləndirirsə (onun vəziyyətinə uyğun) deməli mindal hissə də bunu edəcək.

İndi keçək alın payına (frontal hissə)-mindal hissənin işinin bir qismini özünə götürərərək bizim kontrol altında saxladığımız hərəkətlərimizə-seksual davranışımıza, zorakılıq, rəqabət, kooperativlik və s kimi davranışlara nəzarət edir. Frontal hissənizlə hər şey qaydasındadırsa bu mexanizm təqribən belə işləyir: sizə 2 seçim verilirb 1) əldə etmək asandı, amma gəlir (fayda) azdır, 2) əldə etmək çətindir amma mənfəət böyükdür. Frontal hissə sizi 2-cini seçməyə məcbur edəcək. Çünki siz dərk edirsiz ki, sizi böyük gəlir gözləyir, bu halda dofamin istehsalı qalxır 100-ə və sizi həvəsləndirir (dofamin maddəsi mükafatın gözləmə anında istehsalı yüksək olur, əldə ediləndə sonra isə o aşağı düşür. Bu meymunlarda eksperimental olaraq təsdiqlənib).

Bəs frontal hissə zədəlidirsə insan hansı davranış nümayiş etdirir?belə insanlar hadisəni dərk edir amma ona nəzarət edə bilmir. Məs., belə bir defekti olan şəxsə tapşırıq verilir ki, o saat üzərində əqrəbləri elə düzənləsin ki, saat 10:11 olsun. Şəxs saatın bir ərəbini 10-nun, digərini isə 11-in üzərinə qoyacaqdır. Çünki o tapşırıq verənin cümləsində konkret verilənlərə konsentrasiya olur. Başqa misal. tapşırıq verilir ki, ilin aylarını tərsinə saysın. O ilk 1-2 ayı düz deyir sonra kontrolu itirir. 2-ci tapşırıqda deyilir ki, 10 dan 1-ə tərsinə söylə. O təqribən belə edir: 10-9-8-sentyabr-oktyabr-noyabr....şəxs başa düşmür ki, 1-ci tapşırıq artıq bitib bu başqa tapşırıqdır. İndi bir az kriminal aləmdəki manyaklardan bəhs edək. Bu gün bəzi ölkələrin cinayət hüququ (ABŞ bəzi ştatları, İngiltərə) günahlandırılan şəxsin almış olduğu fiziki zədənin onun qanunla günahsız hesab edilməsi üçün nə dərəcədə tutarlı səbəb olmasına qərar vermək üçün Maknot prinsipindən istifadə edir. Prinsipin adını daşıyan şəxs bir vaxtın şizofren cinayətkarı olmuş və məhkəmə onu "Bu insan öz əməlinə görə cavabdehlik daşıya bilməyəcək qədər anormaldır" deyərək günahsiz elan etmişdir. Çünki şəxs yaxşı ilə pis arasındakı keyfiyyət fərqini anlamırdı və törətdiyi əməlin izini isə gizlətməyə belə çalışmamışdır. Ona görə də kriminologiyada bu prinsip cinayəti dəyərləndirmək üçün istifadə edilir. Amma bir problem var. Frontal hissə zədəsi olan şəxslər axı yaxşı ilə pis arasında fərqi dərk edirlər və hətta onu sizə izah da edə bilərlər amma hərəkətə gəldikdə onlar idarəni itirirlər.

Məs., siz hər iki əlinizdə konfet tutmusunuz.1-ci əlinizdə 1 konfet, 2-cidə 5 konfet. Şəxs 1-cini seçsə siz əvəzinə 5 konfet verirsiniz, 2-cini seçsə isə əvəzinə 1 konfet verirsiniz. Şəxslə testi dəfələrlə təkrar etmənizə baxmayaraq o yenə 1-ci əlinizi seçəcək. Hərçənd o sizə deyir: mən bilirəm, indi mən 1-cini seçsəm mənə 5 konfet verəcəksiz, 2-cini seçsəm əksinə 1. Mən bilirəm siz neynəmək istəyirsiz. Amma bundan sonra belə o yenə 1-cini seçməkdə davam edir. Belə nəticə çıxır ki, fiziki defekt hadisəni dərk etməyə yox, ona doğru əməl etməyə mane olur. Bu kimi hallar isə məhkəmədə yekun qərar qəbul etmə çətinliyi törədir. Çünki Maknot prinsipi burada məqsədəuyğun deyildir. İndi sizə yaxş ilə pisi fərqləndirən, frontal hissə zədəsi almış bir manyakın davranışından maraqlı misal gətirim. Şəxs 9-cu qətl törətmiş və onun işinə San Dieqo məhkəməsində baxılmışdır. O qurbanlarını zirzəmidə saxlayırmış, fiziki və cinsi təcavüz edirmiş və sonra boğub öldürürmüş. Problem məhkəmənin nəyə qərar verəcəyi idi-ölüm hökmü ya ömürlük həbs? çünki cinayətkarın şəxsi işində maraqlı bir məqam vardır-o 6 yaşında ikən qəza keçirmiş və frontal hissəsi dağılmış, 2 ay komadan sonra qeyri-normal davranış nümayiş etdirmişdir. Onun qurbanlarından bir qadın təsadüf şəkildə sağ qalmışdır. O qadına cinsi zorakılıq etmiş, vəhşicəsinə döymüş və bir gün qəfildən qadının sənədləri arasından onun ev ünvanının tapmış və qadına demişdir: "artıq evə getmək vaxtıdır". Qadına maşına əyləşdırmiş evinə kimi yola salmış və telefon nömrəsini qadına uzadaraq -"ola bilsin yenə görüşmək istədin, bu da mənim nömrəm istəsən əlaqə saxlayarsan" demiş ve çıxıb getmişdir. Əlbətdə ki, 1 saat sonra onu həbs etmişlər. Həmin şəxsə onun öz törətdiyi cinayəti başqalarının adından təqdim etdikdə, şəxs dəhşətə gəlmiş, bu əməlin yolverilməz olduğunu söyləmişdir.

Əslidə frontal hissənin normal insanlarda belə az fəaliyyət göstərdiyi vaxtlar olur məs., tez yuxu fazasında. Bu səbəbdən həmin yuxu fazasında ağılagəlməz meqa fantastik şeylər görür və ya hansısa utancverici hərəkətlər edirik, hansılar haqqında ki, heç vaxt kiminsə bilməsini istəməzdik.

Baş beynimizdəki bu şöbə beynin digər hissələrinə nəzərən yaşa görə ən gəncidir. Yəni onun inkişafının tam başa vurması bir az gec cəkir. Əgər bu belədirsə, bu o deməkdir ki, bu hissə genlərin ən az dərəcədə təsiri altında olanıdır və deməli, avtomatik olaraq mühit faktorlarından da ən çox tərəcədə təsirlənəndir. Əvvəlki yazıda alın payından zədə almış bir manyak haqqında bəhs edilmişdir. Amma məsələ heç də həmişə belə dəhşətli olmur. Məs., əgər belə bir zədə almış şəxs piano ifaçısıdırsa və əgər hər hansısa bir ad günü tədbirində ona ‘’necə də gözəl ifa edirsiz’’ deyilsə, o həmin günü bütün gecəni musiqi çalacaq və o adi məs., -kiminsə artıq davamlı musiqi səsindən təngə gəlməsi, kiminsə artıq istirahətə ehtiyacı olması və s kimi nüansları dərk etməyəcəkdir. Biz nəyi müşahiə edirik? 1-ci halda bir manyak 2-ci halda ifanı dayandırmayan zəhlətökən musiqiçi-hər ikisində patologiya eynidir. Fərq nədən bu qədər böyükdür? Əgər mühit faktorlarını bir az eşələsək bəlli olacaq ki, 1-ci misaldakı qəhrəman strukturu bir az zəif olan bir ailədə doğulub, bəslənilib; 2-cisi isə bir az daha aristokrat və güclü ailədə.  Mühit amilinin rolu indi aydın olmalıdır.

Bəs uşaqlarda frontal hissə necə işləyir? Buna cavab verməzdən öncə şimpanzelərdə bu bölgənin necə çalışdığına baxaq. Konfetlə bağlı olan keçmiş misalımızı xatırlasaq və həmin testi şimpanzelərlə yoxlasaq nə görəcəyik? Şimpanzelər bu baxımdan heç cür koqnitiv qərar verə bilmirlər. Gözü ilə çoxluğu (5 konfet) görürsə alın payı da onu seçməyə məcbur edir baxmayaraq ki, hər dəfəsində bu seçimindən sonra 1 konfet əldə edir. Amma təcrübəni bir az dəyişdirsək maraqlı nəticə ortaya çıxır. Əgər şimpanze 1 oduncaq parçasını seçəndə 5 konfet, 5 oduncaq parçasını seçəndə 1 konfet alırsa, şimpanze bu halda ‘’ağıllı’’ taktika seçir-o adi oduncağın gözü ilə gördüyü say çoxluğuna aldanmadan 1 oduncaq parçasını seçir ki, əvəzində 5 konfet qazansın. Axı niyə? Çünki şimpanze oduncaq parçasının əhəmiyyətli (dadlı) bir şey olmadığını çox yaxşı bilir, odur ki, onu konfet əldə etmək hərisliyi ilə heç cür səhv  salmır- o oduncağın miqdarına aldanmır. Çünki oduncağın az və ya çox olması ona maraqlı deyil.

Uşaqlarda frontal hissənin potensialını ölçmək üçün klassik bir test qoyulmuşdur.  Şəxs uşağa şokolad yağı verir və ona indi otağı tərk edəcəyini və bir qədərdən sonra geri dönəcəyini bildirir. Onu da qeyd edir kİ, o qayıdanadək şokoladı yeyə bilər. Amma əgər yeməsə qayıdanda əvəzinə 2 ədəd  şokolad yağı verəcək. Lakin bu halda uşaq dözm nümayiş etdrirmi? Başqa bir misal. Şəxs uşaqla oyun oynayır. Şəxs 10-nadək sayır uşaq  gizlənir. Şəxs saymağı bitirdikdən sonra deyir: ‘’İndi axtarmağa gəlirəm, tapacam səni, harda gizlənmisən?’’ Uşaq dərhal cavab verir: ‘’mən burdayam divanın arxasında gizlənmişəm’’. Bu, frontal hissədə hələ də kifayət qədər neyronun fəaliyyət göstərmədiyini göstərən səbbədir.

Bundan əlavə bizlərin hər biri çox stressli vəziyyətdə olduqda çox lüzumsuz qərar veririrk və ya hərəkət edirik, hansına ki sonra bütün ömrümüz boyu peşiman oluruq. Bu zaman da beynimizdə mindal şöbəyə həddən çox  informasiya seli gəlir və bu da frontal hissəyə təzyiq edir beləcə bu da bizi axmaq qərarlar verməyə sövq edir.

Nərmin Beydizadə

İxtisas zoologiya (araxnologiya), AMEA doktorantı. Hal-hazırda Visegrad Fund təqaüdü dəstəyi ilə Cexiya Respublikası, Masaryk Universitetində (Brno) davranış biologiyası (hörümçəklərin trofik davranışı, yırtıcılıq strategiyaları və onun təkamülü) dessiplinası üzrə tədqiqatçıdır.