İnsan - Kainatın qırışları kimi (1-ci hissə)

İngilis astronom və kosmoloq E.R.Harrison xalqların, insanların, həyatın, əşyaların, təbiətin, Yerin və Günəşin, ulduzların, bir sözlə, bütün varlıqların ortaya çıxması haqqında belə bir hikmətli fikir demişdi: Hidrogen iysiz və rəngsiz qazdır, kifayət qədər zaman verilərsə, o, xalqlara çevrilir. İlk baxışdan anlaşılmaz kimi görünən bu ifadədən başqasıyla kainatın tarixini, yəqin ki, bir cümlə içində bu qədər dəqiq, qısa və konkret ifadə etmək çətin olardı. Bəs hidrogenin xalqlara çevrilməsi necə olur? Bunun üçün kainatın tarixinə qısa nəzər salmaq lazım gələcək.

 

13,8 milyard il əvvəl, heç nəyin var olmadığı bir əyyamda, 0-cı saniyədə “Big Bang” (Böyük Partlama ) baş verir. Plank epoxası adlanan 0-cı saniyədən 1-ci pikosaniyəyə (saniyənin trilyonda biri) qədər keçən ağlasığmaz kiçik müddətdə indi bilinən 4 fundamental qüvvə yaranır, o cümlədən qravitasiya qüvvəsi. 20-ci dəqiqədə plazma və radiasiya yaranır və beləcə kainat genişlənməyə davam edir. 47 min ildən sonra enerjinin sıxılması və süzülməsiylə bu monoton quruluşdan ilk maddənin, daha doğrusu, maddə zərrəciklərinin izləri görünməyə başlayır. 370 min ildən sonra artıq xeyli genişlənmiş və soyumuş, amma hələ də qaynar kainatda ilk müstəqil atomlar- hidrogen ortaya çıxır. Bundan sonra bir milyard il demək olar ki, heç nə baş vermir - yaranmış hidrogen atomları gah bir yerə toplaşıb şəffaf bulud olurdular, gah da təzədən ayrılır, gedib başqa hidrogenlərlə rekombinasiya edirdilər.

 

Bu proses kainatın tarixində “Qaranlıq dövr” adlanır və ancaq bir milyard ildən sonra ilk ulduzlar və proto-qalaktikalar meydana gəlməyə başlayır. Onlar da növbəti milyard illər ərzində ulduz qruplarına, klasterlərinə və kəhkəşanlara çevrildilər. Böyük ulduzların daxilində gedən nüvə reaksiyaları vaxtı gələndə ulduzu partladıb dağıdır, ətrafa yeni və daha ağır elementlər - oksigen, azot, dəmir və kimyanın periodik cədvəlindəki digər elementləri yayırdılar. Bu qayda ilə planetlər yarandı, toqquşdu, soyudu, Yer kürə formasına düşdü, endogen və ekzogen proseslərin təsiri ilə onun səthində okeanlar, çaylar, dağlar-dərələr yarandı. Yer kürəsinin bir milyard yaşı olanda canlı varlıqlar peyda oldular; təkhüceyrəlilər, onlardan çoxhüceyrəlilər və nəhayət, 4 milyadr illik təkamül vasitəsilə biomüxtəlif dünya - bitkilər, heyvanlar və insan yarandı.

 

Qruplar şəklində yaşayan ilk Homo insanlar bir müddət sonra Afrikadan çıxdılar, bütün materiklərə yayıldılar, Yer səthində əkdilər, biçdilər, ovladılar, böyük kütlələrdə qruplaşdılar, dövlətlər, ölkələrdə birləşdilər, sivilizasiya qurdular. Harrisonun dediyi kimi rəngsiz və iysiz hidrogen beləcə xalqlara çevrildi.

 

Beləliklə, E.Harrison həmkarı, məşhur elm kommunikatoru Karl Seyqanın “Biz ulduz tozuyuq” fikrindən daha əhatəli ifadə demişdi və kainatın tarixində daha əvvələ gedib çıxmışdı. Əgər kainatı və varlığı bundan da əhatəli ifadə etmək mümkün olsaydı, heç şübhəsiz, “fəza-zamanın qırışları” terminini istifadə etmək lazım gələrdi. Məsələ orasındadır ki, “Big Bang”-lə ortaya çıxan və genişlənən nəsnə fəza və zaman idi, daha-doğrusu, fəza-zaman korporeallığı idi. Genişlənən fəza-zamanın hamar səthi, şəkildəki ağ parçanın qırışması təki qırışdıqca, qıvrıldıqca, kələ-kötürləşdikcə varlıq ortaya çıxdı - ilk maddə, hidrogen, ulduzlar, qalaktikalar, Yer kürəsi, təbiət və insan yalnız və yalnız kainatın qırışlarında yarana bilərdi. Biz hal-hazırda da fəza-zamanın qırışıqları üzərində gəzirik, yeyirik-içirik, ağacın torpağa köklərilə bərkidiyi kimi qırışlardan ucalmışıq. Hətta fəza-zamanı qırışdırmışıq ki, mövcud olaq - biz elə kainatın qırışlarının özüyük.

Niyyət Bayramzadə