İnsanın ən qədim genomu canlandırıldı

 

    Alimlər İspaniyada yerləşən Sima de los Huesos mağarasında 400.000 il əvvəl yaşamış Homo heidelbergensis növünün mitoxondrial DNT-sini canlandırmağa nail oldular. 4 dekabr 2013 tarixində Nature jurnalında yayımlanan xəbərə görə genomu canlandırılmış qədim insan denisovalara daha yaxın idi. Leipzig'də yerləşən Təkamül Antropologiyası İnstitutundan olan Matthias Meyer deyir: "Mağara sakininin mitoxondrial DNT-sinin neandertalların deyil, denisovaların izlərini daşıdığı faktı olduqca gözlənilməzdir, çünki skeletin bir neçə hissəsi neandertalları xatırladır. Bu fosillərin növbəti araşdırmalarının mağara sakinləri, denisovalar və neandertallar arası qohumluq əlaqəsini aydınladacağına ümid edirik."

Tədqiqatçılar Sima de los Huesos mağarasında

    Matthias Meyer, Svante Pääbo və digər tədqiqatçılar artıq bir neçə ildir qədim genomların bərpası işi üzərində çalışırlar. 2009-cu ildə neandertal, 2010-cu ildə isə denisova adamının genomlarını bərpa edən alimlər, 2012-ci ildə onların genomlarını müqayisə etmiş və HD versiyalarını təqdim etmişdilər. Bu genomların təxminən 30-38 min il yaşı olduğu hesab edilir. İsveçli təkamülçü bioloq Svante Pääbo və həmkarları yeni tədqiqatda daha da qədimlərə gedərək, 400.000 il əvvəl yox olan Homo heidelbergensis növünün genomunu canlandırdılar.

 

 

     Bunun üçün Matthias Meyer tərəfindən hələ 2012-ci ildə inkişaf etdirilmiş paleogenomların ardıcıllığı üsuluna müraciət edən alimlər, qədim insanın mitoxindrial DNT-sini canlandırmağa və oxumağa nail oldular. Qədim mağara insanının mitoxondrial DNT-sini neandertallar, denisovalar və müasir insanlarınkiylə müqayisə edən tədqiqatçılar, növün neandertallardan çox "Altay" homolarına oxşar olduğunu gördülər. Altay ilə İspaniya arasında uzun məsafə olduğu faktı yeni suallar doğurdu. Sualların cavablarının gələcək tədqiqatlarla öyrəniləcəyi hesab edilir.

İstinad: Nature

Rəvan Quluzadə