İnsanların uzunömürlülük xüsusiyyətinin səbəbi tapılıb

   Hamıya məlumdur ki, insan, məsələn, siçandan daha uzunömürlüdür. Homo sapiens növünün nümayəndələri siçanlarla müqayisədə daha iridirlər. Məməlilərdə isə bədən çəkisi kimi xüsusiyyətlər ömür müddəti ilə sıx olaraq əlaqəlidir. Sözün qısası, çəki çoxdursa, canlı da daha uzunömürlüdür. Bununla belə bu gün planetimizdə lüt yerqazan kimi bir sıra kiçik heyvanlar yaşayır ki, uzunömürlülük xassələri ilə seçilirlər. Maraqlı olan başqa bir fakt da budur ki, insan öz ölçü və çəkisinə az-çox yaxın heyvanlarla müqayisədə belə daha uzunömürlüdür.

   Məsələn - pələng. Bu iri vəhşi pişiyin çəkisi insanın çəkisini hətta üstələsə belə, orta göstərici olan 20-25 illik ömür yaşayır. "Yaxın qohum" növ şimpanzelər də ömür müddətində insanlara uduzur. Elə isə bunun səbəbi nədir? Nyukasl universitetindən (Böyük Britaniya) olan genetik Viktor Korolçuk və həmkarları bu sualı cavablandırmağa çalışıblar. Alimlər əsasən autofagiya (hüceyrədaxili komponentlərin lizosomlar vasitəsilə deqradasiyası prosesi) ilə maraqlanıblar. Müasir elmə məlum olduğu kimi, bu proses hüceyrələri stressdən qorumada vacib rol oynayır.

   Burada söhbət, sözsüz ki, psixoloji stressdən deyil, oksidləşdiricilər kimi hüceyrənin zəruri komponentlərini sıradan çıxardan aqressiv molekulların orqanizmdə yığılmasından gedir. Korolçuk və həmkarları autofagiyanın əsas "dirijorlarından" olan p62 genini araşdırmaq qərarına gəliblər. Məlumdur ki, adıgedən gendəki qüsurlar Stiven Hokinqin də əziyyət çəkdiyi yan amiotrofik skleroz xəstəliyinə yol açır. Təcrübə əsnasında alimlər p62 geninin beyin hüceyrələri olan neyronların yaşamasında vacib rol oynadığını anlayıblar. Bunlardan bir çoxu ömür boyu insanla "birgə" yaşamağa davam edir.

  Tədqiqatçılar p62 genini milçəklərin DNT-sinə yeridərək, bu canlıların hüceyrələrinin funksionallığında hansı dəyişikliklərin baş verəcəyini müşahidə ediblər. Bəlli olub ki, p62 geni özü bir növ "oksigen sensorudur", üstəlik lizosomların içərisində "tullantı komponentlərinin yığımı və emal olunması" prosesinə nəzarət edir. Genetik modifikə olumuş milçəklər digərləri ilə müqayisədə daha uzunömürlü olub.

    Alimlərin rəyinə görə, insanda bu gen neyronların içərisindəki aqressiv molekulların konsentrasiya artımı və azalışına daha effektiv təsir göstərir. Elə məhz bu da insan ömrünün uzanmasına gətirib çıxarır, mütəxəssislər deyir. Qeyd etmək lazımdır ki, bu oksidantlardan "təmizləmə" mexanizmi insanda on min illərlə davam etmiş təkamül və təbii seçmə prosesləri nəticəsində formalaşıb.

Rəvan Quluzadə