İşıqdan materiya əldə ediləcək

  Alimlər işıqdan materiya əldə edilməsi sxemini təqdim ediblər. Hazırlanacaq xüsusi qurğu sayəsində fotonlar (kütləsi olmayan işıq hissəcikləri) ağır hissəciklərə çevriləcək. 1934-cü ildə Qreqori Breyt və Con Uiler ilk dəfə işıqdan materiya əldə edilməsini izah edən nəzəri əsas hazırlamışdılar. Alimlər o vaxtlar nəzəriyyənin laboratoriya şəraitində yoxlanıla biləcəyinə inanmırdı. Lakin London Krallıq Kollecindən olan nəzəri fiziklər bu yaxınlarda konsepsiyanın necə təsdiq ediləcəyini izah etməyə nail olublar. Breyt-Uiler prosesində foton cütü hissəcik-antihissəcik cütünə (məsələn, elektron-pozitron cütü) çevrilir. Aparılmış yeni tədqiqat göstərir ki, bu prosesin praktiki yoxlanılması mümkündür.

  Tədqiqatçılar yeni foton kollayderi qurğusunun planını hazırladılar. Alimlər qeyd edir ki, bu qurğu fizika və kainatın təməllərini araşdırmaq üçün xüsusilə vacibdir. Belə ki, yeni kollayder sayəsində kainatımızın ilk 100 saniyəsində hansı hadisələrin baş verdiyini anlaya bilərik. Bundan başqa qamma-sıçrayışların da təbiətini izah etmək mümkün ola bilər. Foton kollayderi eksperimenti bir neçə mərhələdən ibarətdir. İlk öncə intensiv güclü lazer elektronları təxmini işıq sürətinə qədər sürətləndirəcək, ardından isə həmin elektronlar nazik qızılı folqaya ötürüləcək. Nəticədə yüksək energetik foton toplusu əldə edilmiş olacaq. Fotonlar xüsusi radiasiya sahəsi olan qızılı boşluğa göndəriləcək. Bu boşluğa ötürülmüş fotonlarla əvvəldən orada yerləşən fotonlar birlikdə çoxlu elektron-pozitron cütü yaradacaq.

  Beləliklə Breyt-Uiler prosesi təsdiq ediləcək və işıqdan materiya əldə ediləcək. Mütəxəssislərin rəyinə görə, belə bir eksperimentin reallaşması üçün lazımlı bütün texnologiyalar artıq bu gün mövcuddur. Geriyə qalan isə yalnız optimal laboratoriya tapmaq və tədqiqatçı qrupu bir yerə toplamaqdır.

Rəvan Quluzadə