Kainatımızın gələcəyi boş və darıxdırıcı ola bilər

   Hələ Nyutonun vaxtlarından elmə məlumdur ki, cazibə qüvvəsi sayəsində materiyanin tərkib hissələri bir-birini çəkib dartırlar. Bu səbəbdən alimlər uzun müddət qalaktikalar və ulduzlar arasındaki məsafənin azalmaqda olduğunu düşündülər. Lakin qırmızı işıq dəyişilməsinin kəşfi və sonraki müşahidələr göstərdi ki, səmadaki bütün obyektlər zamanla Yerdən uzaqlaşır və beləliklə kainat davamlı olaraq genişlənir. Bu zaman fiziklər gec ya tez cazibə qüvvəsinin bu mübarizədə qalib gələcəyini, kainatın genişlənmə sürətinin azalacağını və "sıxılma" erasının başlanacağını iddia etdilər. Və yenidən yüksək həssaslığa və dəqiqliyə malik ölçmə cihazları alimlərin bütün nəzəri hesablamalarda yanıldıqlarını göstərdi.

   1998-ci ildə həyata keçirilmiş təcrübə kainatın genişlənmə sürətinin zamanla nəinki azalmadığını, hətta, əksinə olaraq, davamlı artdığını sübut etdi. Bu kəşf elm ictimaiyyətində elə bir rezonansa səbəb oldu ki, təcrübənin müəllifləri fizika üzrə Nobel mükafatına layiq görüldülər. Əgər əvvəllər kainatın axır-əvvəl Böyük Partlayışdan (The Big Bang) qabaqki hala qayıdacağı hesab edilirdisə, artıq mövzu davamlı və getdikcə daha da yüksək sürətlə genişlənən məkandan ibarət idi. Bunun da məntiqi sonu nüvə əlaqələrinin zəifləməsi nəticəsində bütün materiyanın dağılması olmalı idi. Müasir standart kosmik modeldə qəbul edilmiş ən sadə versiyaya əsasən, kosmik məkanda vakuum dəyişilməz energetik sıxlığa malikdir - qara enerji. Bu enerji növü mənfi təzyiqli və antiqravitasiondur. Başqa deyimlə, məhz naməlum qara enerji Günəş sisteminin bütün obyektlərini özündən uzağa itələyərək, sürətlənən kainat genişlənməsinə səbəb olur.

    Lakin son bir neçə ay ərzində aparılmış tədqiqatlar belə modeli elmi əsasını şübhə altına saldı. Kosmik mikrodalğa arxa plan şüalanması üzrə araşdırmalar kosmoloji nəzəriyyələrin fundamental hesablamalarının əsaslandığı bir sıra parametrlərə dəyişikliklər gətirməli oldu. Misal üçün, qalaktik qrupların inkişaf sürətinə yenidən nəzər yetirildi. Ortaya çıxmış uyğunsuzluqları izah etmək üçün iki əsas versiya hazırlandı. Birinci versiyada qaranlıq enerji zamanda dəyişilir və qaranlıq materiya ilə qarşılıqlı əlaqələrə girmir. Digər hipotezə əsasən isə neytrinoların subatom hissəciklərinin kütləsi hesablamalarda bildirildiyi kimi deyil - daha çoxdur. İtaliya və Böyük Britaniya alimlərinin apardığı qabaqcıl tədqiqatlar üzərində düşünülmüş yeni model isə daha real səbəblər təqdim edir. Portsmutda yerləşən Kosmologiya və Qravitasiya İnstitutunun rəhbəri Devid Vends və həmkarları hesab edirlər ki, qaranlıq enerji yavaş-yavaş qaranlıq materiyanı udmaqla məşğuldur.

"Qaranlıq materiya kainatın inkişafına gətirib çıxaran strukturları dəstəkləyir. Əldə etdiyimiz nəticələrdə gördüklərimiz qaranlıq materiyanın yavaş-yavaş buxarlandığı mənasını verir ki, bu da qalaktikaların sürətini azaldır. Əgər qaranlıq enerji qaranlıq materiya sayəsində artırsa, gələcəkdə kainatımız nəhəng, tamamilə boş və darıxdırıcı yerə çevriləcək", - Vends qeyd edir.

   Məqalələrində alimlər qaranlıq materiyanın qaranlıq enerjiyə mümkün çevrilişini izah etsələr də, bu hadisənin hansı səbəblərdən baş verdiyinə aydınlıq gətirə bilmirlər. Yeni hipotezə əsasən, qaranlıq enerjiyə düşən kainat payı bütün kütlə-enerjinin 68,3%-ə bərabərdir. Qaranlıq materiya 26,8%, adi görünən materiya isə kainatın cəmi 4,9%-i təşkil edir.

Rəvan Quluzadə