Kometlər "amin turşusu fabrikləri" ola bilər

 

   Kometlərin qədim Yer səthi ilə toqquşması nəticəsində kifayət qədər enerji istehsal oluna və böyük miqdarda amin turşularının formalaşması üçün primitiv karbohidrogen, ammiak, kükürd və həyatın digər "təməl elementləri" Yerə düşmüş ola bilərdi. Londonda yerləşən İmperial Kollecdən olan alimlər laboratoriyada süni Yerlə "mini-kometləri" toqquşdurduqdan sonra belə qənaətə gəldilər. Tədqiqatla əlaqədar məqalə 15 sentyabr 2013 tarixində Nature Geoscience jurnalında dərc edildi.

"Apardığımız iş göstərir ki, həyatın təməl elementləri Günəş sistemi daxilində olduğu kimi, onun sərhədlərindən kənarda da yığıla bilər. Problem bundan ibarətdir ki, həmin təməl elementlər yalnız müəyyən şərtlərdə birləşir. Xoşbəxtlikdən, belə proseslərin baş verə biləcəyi yerlərin siyahısını genişlətməyə nail olduq və Yerdə həyatın yaranması ilə əlaqədar daha bir çatışmayan hissəni tapdıq", - İmperial Kollecdən (Böyük Britaniya) olan Zita Martins qeyd edir.

   Martins və həmkarları laboratuar şəraitdə "mini-kometlərin" süni Yer səthi ilə toqquşmasının nəticələrini təhlil etdilər. Kometlərin rolunda buz qarışığı, CO2, sadə karbohidrogenlər, ammiak və digər birləşmələrdən ibarət kiçik şar çıxış edirdi. Bu şar qaz topununun çəlləyinə bağlanmışdı. Topdan süni Yerə atılan polad güllənin sürəti kometin Yerə yaxınlaşdıqda yığdığı sürəti xatırladırdı. Topdan atəş açdıqdan və güllənin süni Yerlə toqquşmasından sonra planetoloqlar şarın qırıntılarının və səthin tərkibini araşdırmağa başladılar. Nəticədə məlum oldu ki, hətta aşağı sürətlə hərəkət edən obyektin toqquşmasından sonra buz əriyə və kometdəki orqanikanın böyük miqdarı alanin, qlisin, norvalin, izovalin və alfa amin yağ turşusu kimi sadə amin turşularına çevrilə bilər.

"Bu təcrübə bizə su və karbondioksid kimi sadə molekul qarışıqlarından daha mürəkkəb qarışıqlara - amin turşularına keçidin necə baş verə biləcəyinin sadə mexanizmini göstərdi. Bu, həyatın yaranmasının ilk addımıdır. Bundan başqa biz hələ növbəti mərhələnin necə baş verdiyini - amin turşularından zülal və digər mürəkkəb molekullara keçidi anlamalıyıq", - Kent Universitetindən olan Mark Price deyir.

   İstinadlar: Nature Geoscience , Nature World News

Rəvan Quluzadə