Lenski təcrübəsi hələ də davam edir

 
   "Lenski təcrübəsi" və ya başqa adıyla "Escherichia coli Uzunmüddətli Təkamül Təcrübəsi Layihəsi" (LTEE), təkamülün laboratoriyada müşahidə edilə biləcəyini göstərən, təkamülün şübhə edilməz fakt olduğunu elmi olaraq ortaya qoyan saysız tədqiqat və işlərdən yalnız biridir. Lakin təkamülə dair məlumat və proqnozlarımızı inkişaf etdirən bir xüsusiyyəti olduğuna görə digərlərindən daha əhəmiyyətlidir.
 
    1988-ci ildə Miçiqan Ştatı Universitetində olan yalnız 12 təcrübə qabındaki E. coli bakteriyaları hal-hazırda 58.000-dən çox nəsil keçirmişdir və təcrübə hələ də davam edir. Təcrübədə, hər 500 nəsildən bir bakteriya populyasiyaları dondurularaq, eynilə fosillərin təkamülün bəzi mərhələlərini bizə göstərdiyi kimi, "fosil qeydləri" əldə edilmişdir. Lenski və tədqiqat qrupu, müəyyən aralıqlarla təcrübə nəticələrini hesabat olaraq elm ictimaiyyətinə çatdırmışdır. Science jurnalında dərc olunan son hesabat olduqca maraqlı məlumatlar verir.

   Lenski və həmkarları hesabatda, bakteriyaların mühitə adaptasiya olmada hər hansı sərhəd görmədiklərini, təkamülün davamlı olaraq irəlilədiyi xəbərini çatdırırlar. Yəni mühit dəyişdikcə, bakteriyalar da davamlı olaraq seçmə təzyiqi altında mühitə adaptasiya olmağı davam etdirirlər. Santa Cruzda yerləşən Kaliforniya Universitetindən olan John Thompson belə deyir:

"Bu hesabatda verilən nəticələr, canlıların, yaşadıqları mühitə adaptasiya ola bilmələrində bizim düşündüyümüzdən daha çox üsullar olduğunu göstərir."
   Lenski, öz həmkarları ilə birlikdə təcrübənin son 25 ili ərzində, cəmi 41 müxtəlif vaxtlarda dondurulmuş bakteriyaları yenidən həyata gətirərək bu canlılardan yeni populyasiyalar yaratmağa nail olmuşdur. Həmin bu nəsilləri, müasir nəvələriylə bir mühitə yerləşdirərək təkamül uyğunlaşmasının müvəffəqiyyətlərini müşahidə etmişdirlər. Beləcə tədqiqatda görülmüşdür ki, 40.000-ci nəsil ilə 50.000-ci nəsil arasında mühitə uyğunlaşma müvəffəqiyyətində 3%-lik artım yaranmışdır.
 
    Tədqiqatçılar, bir kompyuter modeli istifadə edərək bu təcrübənin 2,5 milyard il ərzində davam etsə nələr ola biləcəyini anlamağa çalışdılar və kompyuter təkamülün hər hansı bir sərhədini göstərə bilmədi. Almaniyada yerləşən Cologne Universitetindən olan Joachim Krug, The Scientist jurnalına bunları bildirdi:
 
"Təkamüldə hər zaman təmir edilə biləcək şeylər var. Bu səbəbdən, strukturları bir az daha yaxşı hala gətirməyin hər zaman bir yolu var."
 
    Təcrübə, bizlərə təkamüllə bağlı çox əhəmiyyətli məlumatlar verir. Yayılmış inancının əksinə təkamül, bir bakteriyanın bir pişiyə çevrilməsi deyil. Bəli, təkamül müddəti ərzində bakteriyalar kimi primitiv canlılardan yaranan orqanizmlər pişiklərin də, itlərin də, insanların da meydana gəlməsinə səbəb olmuşdur, bu doğrudur. Amma buna səbəb olan şərtlərin və müddətlərin laboratoriyada birə-bir tətbiq olunması qeyri-mümkündür. Ən kiçik bir parametr dəyişikliyi, canlının təkamülündə xaotik dəyişikliklərə səbəb ola bilər. Bu səbəbdən tədqiqatçılar belə bir təkamül dəyişikliyini müşahidə etməyi gözləmirlər, çünki buna heç kimin ömrü çatmayacaq. 80 illik insan ömrü, hətta 200.000 illik Homo sapiens mövcudluğu belə, 3,8 milyard ildir davam edən təkamül üçün dilə gətirilməyə dəyməyəcək müddət aralıqlarıdır.
 
   Lakin tədqiqatlarda müşahidə edilənlər olduqca dəqiqdir: canlılar, yaşadıqları mühitə adaptasiya olurlar. Bu mühitə adaptasiya ola bilmək üçün strukturlar dəyişilmək məcburiyyətindədir: fizioloji dəyişiklik, anatomik dəyişiklik, hətta davranışlarda olan dəyişikliklər... Bunların hamısı bir yerdə yığıldıqda, müəyyən bir müddət keçdikdən sonra canlılar o qədər fərqliləşirlər ki, bəlkə kənardan baxıldığında hələ də əcdad növlə eyni quruluşdaymış kimi görünsə də, tamamilə yeni bir canlı növü təkamülləşir. Təkamül də məhz bu şəkildə irəliləyir.

İstinad: The Scientist

Rəvan Quluzadə