Meyvələr və heyvan məhsulları niyə dadlıdır?

    Bir çox insan sevdiyimiz meyvələrin və ya heyvan məhsullarının təkamül müddəti ərzində necə dəyişilib bu qədər dadlı, bizə xoş gələn dada sahib olmasını qavramır və bunların əvvəldən insan üçün "hazır vəziyyətdə yaradılmış" olduqlarını düşünür. Bu mövzu "səbəb-nəticə əlaqəsi çaşqınlığı" olaraq adlandırılan, insanların tez-tez etdikləri səhv bir arqument irəli sürmə halından (məntiq səhvi/logical fallacy) qaynaqlanır. Bəzi insanlar bunun cavabını bilməsə də, elm təbii ki, bilir. Bitkilər, əlbəttə ki, digər heyvanlar (şimpanzelər, insanlar və s.) yesinlər deyə məhsul vermirlər. Meyvəli bitkilər təxminən 140 milyon il əvvəl təkamülləşmişdir.
 
    Meyvə bitkinin toxumlarını qorumaq üçün dişi orqanın fərqliləşməsi nəticəsində təkamülləşmişdir. Meyvənin meydana gəlməsini təmin edə bilən bitkilərin toxumları üstün mövqeyə keçmiş, daha uzun müddət daha etibarlı şəkildə qoruna bilmiş və həm həyatda qalma şansını, həm də nəsil artırma şansını populyasiyada stabilləşdirmişdir. Meyvələrin dadları (əslində hər şeyin "dadı") içərisindəki kimyəvi quruluş ilə əlaqəlidir. Çünki bu kimyəvi quruluş "tumurcuqlar" dediyimiz və perceptual reseptorlarına (qəbuledicilərinə) sahib olan hüceyrələrə fərqli şəkillərdə bağlanaraq fərqli elektrokimyəvi siqnallar yaradılmasına səbəb olur. Bu da beynimizdə müxtəlif dadlar kimi qəbul edilir. "Şirin" ya da "turş" kimi anlayışlar "gözəl yemək" və ya "pis yemək" kimi anlayışlar olaraq qəbul edilmişdir və insan ağlının təkamül müddətində edilən şəxsi seçimlərdir. Necə ki, bir evdə ata albalını xoşlayır, oğlu isə bəyənmirsə, heyvan növləri arasında da "dad anlayışı" bir-birindən fərqlidir.
 
   Donuzun öz nəcisi ilə qidalanması bizə iyrənc gəlir, o canlıya görə isə olduqca normaldır. Təbiət şərtlərini insan müəyyən etmir, insanın donuzlara öz ağlı nöqteyi-nəzərdən verdiyi şərhlər də təbiət üçün heç bir şey ifadə etmir. Biz diksinirik deyə donuzun qidalanma üsulu elmi olaraq "iyrənc" ola bilməz. Uzun sözün qısası, bitkilər müxtəlif kimyəvi maddələrə sahib olan növbənöv meyvələr təkamülləşdirmişdir. İnsanın əcdadları ağaclarda yaşayarkən meyvələrlə qidalanırdı. Meyvələr bizim əcdadlarımızın əsas qida qaynaqları idi, buna görə ətrafdakı meyvələrin dadını bəyənib yeməyə meylli olanlar qarınlarını doyururdu və digərlərilə bu meyvələri bəyənməyənlərlə müqayisədə daha üstün mövqeyə keçirdi. Bu səbəbdən nəsillər ərzində dad anlayışımız təkamülləşməsi və populyasiyaya içərisinə yeni davranış kimi daxil olması nəticəsində biz müasir dövrdə bu meyvələri olduqca dadlı hesab edirik. Amma növdaxili variasiya səbəbilə bəzilərimiz banan sevir, digərlərimiz isə daha çox portağal.
 
    Lakin unutmamaq lazımdır ki, nə banan, nə də portağal, misal üçün, bir qurd üçün heç bir məna ifadə etməyən və sadəcə yeyilməməsi lazım olan qidalardır. Yəni meyvələr insan və ya digər canlılar yaşasın deyə mövcud deyillər. Tam əksinə, hər hansı bir növ yaşamaq üçün mühitdə olan qaynaqlara möhtacdır və məcburiyyət qarşısında qalaraq onlara uyğun şəkildə təkamülləşir. Yəni primitiv misal çəkəsi olsaq, meyvələr bizdən yox, biz meyvələrdən asılıyıq. Bu fərqi anlaya bilməyənlər "səbəb-nəticə çaşqınlığı" deyilən məntiq səhvinə yol verirlər.
 
   Keçək arılara. Arılar son 100 milyon ildir (Alt Təbaşir dövründən bəri) bal istehsal edirlər. Bunun səbəbi də çox aydındır: Qida. Yazda bal istehsal edərək vəsait toplayan arılar qışda bu balı yeyərək qidalanırlar. Amma yenə təkamül prosesi ərzində insan növü (və bəzi digər növlər) arıların qidalarını özünkiləşdirmişdir və özü üçün istifadə etməyə başlamışdır. Halbuki heç bir arı "insan üçün" bal istehsal etmir. Bu mövzu haqda daha çox inanc mənbələri uydurma və elmdənkənar məlumatlar yayırlar. İnsanlar məcburiyyət qarşısında qalaraq mühitdə olan qidanın dadını bəyənməyə möhtac qalaraq təkamül keçirmişdirlər və hər nəsildə balın dadını daha da bəyənərək (uyğunlaşdıraraq) bu günə gəlmişdirlər.

    Bitkilər son 140 milyon ildir meyvə verir. Arılar isə son 100 milyon ildir bal istehsal edir. Bütün meymunların ortaq əcdadı olmağa ən yaxın namizəd olan Darwinius masillae (İda) 47 milyon il əvvəl yaşamışdır. Homo sapiens, yəni biz isə 200.000 il əvvəl təkamülləşmişik. İnsan üçün məhsul istehsal etməyi qoyaq bir kənara, bu canlılar bütün meymunların ortaq əcdadından belə qədim dövrlərdən bu işi özləri üçün yerinə yetirirlər. Biz sonradan təkamül səhnəsinə çıxmış sadəbir heyvan növündən təkamülləşmiş təbiət oğrularıyıq.

Rəvan Quluzadə