Orta əsrlərdə uşaqlar hüquqsuz idi

Orta əsrlərdə uşaqlıqla bağlı son 30 ilin bütün araşdırmalarının başlanğıc nöqtəsi Ariesin vurğuladığı bir ideya idi: "orta əsr dövrünün cəmiyyətində uşaqlıq ideyası mövcud deyildi. Ariesin təsviri dəlillərdən istifadəsi daha çox təqdirəlayiqdir. O iddia edirdi ki, "orta əsrlərdə təxminən 12-ci əsrə qədər incəsənət uşaqlığın nə demək olduğunu bilmirdi və ya onun şəklini çəkmirdi. Yalnız ölçü təsvir olunanın uşaq olduğunu göstərirdi."  Orta əsr tarixçiləri Ariesi haqsız çıxarmaq üçün yorulmasalar da, bu ideyanı rədd edən çox az əsaslı fikirlər irəli sürülmüşdür. Ariesin əksinə, Shulamith Shahar "Orta əsrlərdə uşaqlıq" (1990) əsərində hesab edirdi ki, Orta və Son Orta əsrlərdə (1100-1425-ci illərdə) uşaqlıq konsepsiyası mövcud idi, uşaqlığın müxtəlif mərhələlərinin mövcudluğu yalnız nəzəri olaraq mövcud deyildi və valideynlər öz övladlarına maddi və emosional yatırım edirdilər.

Təxminən 13-cü əsrdə etibarən, üç istiqqmət üzrə inkişaf müşahidə olunur. Birincisi, mələklər yeniyetmələr kimi, "yumru, gözəl və müəyyən qədər qadınsayağı" təsvir olunurdu. İkincisi, körpə İsa təbii və duyğusal şəkildə çəkilirdi. Üçüncüsü, ruhun uşaq qismində təsvir olunduğu janrlarda, uşaqlar çılpaq təsvir edilirdi. İkinci istiqamət 14-15-ci əsrlərdə daha da çox inkişaf edərək, ikonoqrafiyanın inkişafı ilə nəticələndi. Yalnız 16-17-ci əsrlərdə uşaqların gündəlik həyatı təsviri meydana gəldi, hətta ölü uşaqlar təsvir olunmağa başladı. Aries hesab edirdi ki, "bu, hisslər tarixində çox mühm bir məqam idi".

 

Aries əsərinin fəsillərindən biri "həyatın yaşları"na həsr etmiş və burada insan həyatının müxtəlif mərhələlərinin təsvirindən bəhs olunur. Orta əsr ədəbiyyatı və düşüncəsində uşaqlıq dövrü 3-dən 12-yə qədər, son orta əsrlərdə isə 7-yə qədər hesab olunurdu. Bütün hallarda uşaqlıq müəyyən formada, əsasən, iki mərhələdə - infantia və puertia - doğuşdan 14 yaşa qədər qəbul olunur, bundan sonra yeniyetməlik (adolescentia) və yetkinlik (iuventus) dövrləri gəlirdi. Puertia dövrü qızlar üçün 12, oğlanlar üçün 14 yaşa qədər müəyyən olunurdu. Bu dövr təlim-tərbiyə (təhsil) alma dövrü idi, atalar oğullarına, analar qızlarına cavabdeh olmalı idi.

 

 

 Təhsil əhalinin böyük əksəriyyəti üçün məktəb anlayışını vermirdi; o, uşaqların tədricən formal şagirdlik (usta yanında öyrənmə), yaxud sadəcə olaraq ev işlərini daha yaxşı görmək, torpaqda daha yaxşı işləmək bacarıqlarını nəzərdə tuturdu. Uşaqların böyümə prosesi ilə bağlı mühüm bir nöqtədə Shahar Aries ilə razılaşır; uşaqlar erkən yaşlardan, hətta yeddi yaşa çatmazdan əvvəl də böyüklərin cəmiyyətindən təcrid olunmurdular. Orta əsr evlərində yaşayış şəraiti nə uşaqların, nə də böyüklərin gizli, yalnız özünəməxsus otaqlarının olmasını mümkün etmirdi, evdən kənarda da onlar cəmiyyətin bir parçasına çevirilirdilər.

 

Məhz orta əsrlərdə ailə bu gün bizim anladığımız struktura malik olmağa başlamışdır. Qədim dövrdə atanın başçılıq etdiyi ailəyə həm də kölələr və başqa qan qohumluğu olmayanlar daxil idi. Xristianlığın ekzoqamiya və monoqamiyanı təbliğ etməsi və nikahlara Kilsə tərəfindən nəzarət olunması xüsusi torpaq hissəsi olan xüsusi ailələr formalaşdırdı və ailə iqtisadi birlik olmaqla yanaşı, sevgi və duyğu məkanına çevrildi. 14-15-ci əsrlərdə vəbanın və vergilərin alt-üst etdiyi insanlar onlara düşmən olan xarici aləmdən ailəyə bir sığınacaq kimi gəlirdilər.

 

Barbara Hanawalt London, Oksford, Bedfordsir və Nortamptonşir şəhərlərində tibb tarixçilərinin qəzaların əlamətləri ilə bağlı qeydlərini araşdıraraq, uşaqlığın dörd mərhələsini müəyyənləşdirmişdir. Həyatın ilk ilində körpə üçün ən ümumi qəza, güman ki, tərk edilməsi ilə əlaqədar beşiyində yanmasıdır. İki yaşlı uşaqlar - oğlanlar daha çox evdən kənarda, qızlar isə evdə - quyulara və gölməçələrə yıxılmaq, özünü yandırmaq qəzalarına məruz qalırdılar. Üçüncü mərhələdə dörd yaşdan yeddi yaşa qədər uşaqlar valideynləri ilə daha çox vaxt keçirirdilər, lakin qeydə alınan qəzalar onların da əsas məşğuliyyətinin oyun olduğunu göstərir. 8 yaşdan 12 yaşa qədər uşaqlar böyüklərin nəzarətindən daha sərbəst idilər və işləməyə başlayırdılar. Le Roy Ladurie iddia edir ki, "heç də bəzən deyildiyi kimi, bizim və 14-cü əsr insanının uşaqlara münasibətində o qədər də nəhəng boşluq yoxdur..." O təsdiq edir ki, uşaqlar 12 yaşa və ya ondan bir qədər sonraya qədər əsasən valideynləri ilə birlikdə olur, onlara işlərində kömək edir, çox zaman xəbəraparan kimi istifadə olunurdular. Lakin 12 yaşa çatdıqda oğlanlar atalarının, yaxud başqalarının qoyunlarını saxlayır, qızlar isə nikaha hazırlanırdılar.

 

HUMANİZM

Dövrlə əlaqədar başlanğıc nöqtəsi İntibahdır və xüsusilə 15-ci əsr Florensiyasıdır, belə ki, bu dövr mədəniyyətində uşaqlar "xüsusi və böyük yer" tuturdular. Uşaqlar dövlətin gələcəyinin açarına sahib hesab olunurdular və onların düzgün tərbiyəsi həmin gələcək üçün həyati əhəmiyyətli idi. Lakin bundan da çox ailə özü dövlətin prototipi idi və onun daxilində düzgün qaydaya salınmış və ahəngdar münasibətlər eyni şəkildə dövlətin inkişafına sirayət edirdi. Dövlətə kişilər rəhbərlik edirdi və bundan irəli gələrək hesab olunurdu ki, ailədə əsas rolu atalar oynayır. 

 

ON SƏKKİZİNCİ ƏSR

Aries 17-ci əsri uşaqlıqla bağlı ideyaların transformasiyasında çox həlledici olduğunu vurğulayırdı, lakin əksər tarixçilər üçün bu - 18-ci əsrdir. Başlanğıcda Con Lokkun əsərləri ilə, sonda isə romantik şairlərlə çərçivələnən və mərkəzdə Russonun təsirli fiquru olanbu dövrdə, yəni 18-ci əsrdə uşaqlığa və uşaqlara daha öncəki əsrlərdə olmayan duyğusallıq yaranmağa başladı. Bir çox insanlar uşaqlığı gələcəyə - yetkinliyə, yaxud cənnətə hazırlıq dövrü  kimi deyil, dəyərləndirilməli olan bir həyat mərhələsi kimi baxmağa başladılar. 18-ci əsrin son hissəsində uşaqlar kölələr və heyvanlar kimi duyğusallıq və insaniyyətliyə möhtac kimi xarakterizə olunurdular.

 

Bu prosesdə Con Lokkun "Təhsillə Əlaqədsar Bəzi Fikirlər" (1693) əsəri klassiklik statusu almışdır. Lokkun dəfələrlə dönüb qayıtdığı məsələ yeni bir məsələ deyildi: Fiziki cəza uşaq tərbiyəsində olmalıdırmi? Cavab qısa idi: "Mən belə düşünməyə meylliyəm ki," - Lokk yazırdı, "çox ağır Cəzadan Xeyir gəlməz; əksinə Təhsilə böyük Zərər vurar." Eyni zamanda Lokk hesab edirdi ki, „çox inadkar“ və ya „çox üsyankar“ uşaqlar cəzalandırıla bilər, çünki uşaq „öz iradəsini başqalarının Ağlına tabe etməyi öyrənməli idi.

 

Lokkun məqsədi elə bir yetkin yetişdirmək idi ki, o, öz istəklərini Ağlına tabe etməli və bunun xeyrini görməli idi. Bu güc ilk yaşlardan vərdiş qaydasında uşağın xarakterinə yerləşdirilməli idi. Məhz belə bir tyabeliyi yaratmaq üçün bəzi hallarda fiziki cəzalandırma lazım ola bilərdi.

 

Bu fikirlərə digər tərəfdən baxdıqda hesab etmək olar ki, Lokk əsl kapitalist insan yetişdirmək istəyir, hansı ki, öz arzularını təxirə salacaq, yaxud ümumiyyətlə onlardan imtina edəcək. Lakin məsələnin başqa tərəfi də var. Lokk hesab edir ki, uşaq “Ağ kağız və ya Mumdur və istənilən formaya salına bilər”. Bu fikrini “İnsan idrakına dair” Məqaləsində Lokk geniş izah edərək bildirir ki, uşaq yalnız fikirlərinə görə tabula rasa, yəni ağ kağız ola bilər, buraya bacarıq və temperament daxil deyil.  Bu, yeni bir fikir deyildi, lakin Lokkun bunu bəyan etməsi onu hər kəs üçün daha inandırıcı etdi. Uşaq tərbiyəsinin mahiyyəti həddən artıq nəhəng idi, tədrisçiyə geniş səlahiyyətlər və məsuliyyət verirdi; məhz o, bu ağ kağızı, yaxud şamı yaxşı vəziyyətə salmalı idi. 

 

Lokk iddia edirdi ki, “10 nəfərdən doqquzu öz təhsillərinə görə Yaxşı və ya Pisdirlər, Lazımlı və ya Lazımsızdırlar. Bununla belə, o israr edirdi ki, iki uşaq bir–birinə bənzəmir; onların hər birinin müxtəlif temperamenti, müxtəlif meylləri və özlərinə məxsus çatışmazlıqlar və bunlar onların oyun oynamasını izlərdən üzə çıxarılmalı, onların hər birinin “idrakı və quruluşu”na uyğun gələn təhsil sistemi olmalıdır.

 

Lokkun kitabında “Tanrı”ya çox az yer verilir. Burada uşağın yaxşı bir xristian kimi yetişməsi məsələsinə kiçik də olsa bir işarə yoxdur. Russo Lokkun özünün xələfi hesab edirdi. “Uşaqlıq haqqında heç nə bilmirik” – deyə vurğulayan Russo Lokkun uşağa olan münasibətinin əksini iddia edir və bildirirdi ki, uşağı elə uşaq kimi qəbul etmək lazımdır. Məhz bu, Russonun kitabını digər yazıçılar və mütəffəkkirlər, həmçinin valideynlər üçün dayaq nöqtəsi etdi. Russonun radikallığı kənardan da hiss olunur. O, Intibah dövründə geniş yayılmış olan “övladların qayğısına atalar qalmalıdır” fikrinə qarşı gedir: “Deyirsiniz ki, analar uşaqları korlayırlar, şübhəsiz ki, bu, yanlışdır, lakin daha pis olanı sizin onları korlamağınızdır. Analar indi övladlarının xoşbəxt olmasını istəyirlər. Ana haqlıdır və əgər onun metodu yanlışdırsa, onu daha yaxşı öyrətmək lazımdır. Ambisiya, acgözlük, tiranlıq, ataların yanlış uzaqgörənliyi, biganəliyi, sərtliyi ananın kor məhəbbətindən qat-qat artıq daha zərərlidir.

 

 

O zaman uşağın xoşbətliyi necə əldə oluna bilər? Uşağı təbiətin yolu ilə böyütməklə; bu, ilk növbədə, ana südü ilə qidalandırmaq və uşağı bələməməkdir, lakin daha radikal olaraq, bu o deməkdir ki, uşaq insanlardan daha çox əşyalardan öyrənməlidir. “Izn verin, uşaqlıq uşaqlarınızın daxilində cücərsin… sabah verə bilməmək təhlükəsinin ola biləcəyini düşünüb onun ehtiyacı olanları bu gün onlara verin”. Qısası, “adət halını alan təcrübənin tərsini edin və o zaman ən düzünü etmiş olacaqsınız”. Çünki “uşaqlığın özünəməxsus görmək, düşünmək və hiss etmək yolları var;” uşaqlıq “ağlın yuxuda olmasıdı” və buna görə də Lokkun “uşaqla birlikdə düşünün” tövsiyyəsinə diqqət etməməlisiniz və uşağa imkan verməlisiniz ki, güc ilə iradə arasında tarazlığı əldə etməkdən ibarət olan həqiqi xoşbəxtliyin sirrini kəşf etsinlər.

 

Lokk yazırdı ki, uşaqlar bütün oyunları və əyləncələri yaxşı və faydalı vərdişlərin əldə olunmasına yönəlməlidir. Russo isə bu cür düşünmə tərzini rədd edir və bildirir ki, bir çox uşaqlar azyaşlı ikən vəfat edəcəklər, ömürlərini heç vaxt yetişə bilməyəcəkləri yetkinlik döbrünə hazırlaşmaqla keçirəcəklər.

 

 

 

Russo bu məqamda uşağın uşaq olmaq və bununla xoşbəxt olmaq hüququnu müdafiə edir. Həmçinin, uşaqlıq həyatın ən gözəl vaxtı olmalıdı ki, dönüb ona xoş xatirə kimi baxmaq mümkün olsun.

 

İntibah dövründən Maarifçilik dönəminə qədər belə bir düşüncə hakim idi ki, atalar uşaqların tərbiyəsində aparıcı rol oynayırlar. Romantizm ilə analar hələ orta əsrlərdə malik olduqları üstünlüyü yenidən qazanmağa başladılar; uşaq tərbiyəsi qadına məxsus məşğuliyyət olmağa başladı, atalar isə daha çox tabe vəziyyətə keçdilər. Nəticələr heyranedici oldu. 18-ci əsrin üçüncü rübündə ingilis kübar ailələrinin 5 yaşdan aşağı uşaqları arasında ölüm dərəcəsi 30 faiz enməyə başladı. Bunun yeganə həqiqi izahı kübar anaların öz övladları ilə daha çox vaxt keçirməsi və 1760-ci illərin ortalarından övladlarını özləri südlə qidalandırması oldu. “Uşaqlar sağ qala bilirdilər” – Randolf Trumbax yazırdı, - “bu, onların xəstəliklərə qarşı daha immunitetli olması və daha yaxşı qidalanmasından daha çox, daha yaxşı sevildiklərinə görə idi”

 

 

Romantizmin təsiri ilə (19-cu əsr) Erasmus və ya Lokkun əsərlərində olduğu kimi, “uşaq” deyildikdə, artıq təkcə oğlan nəzərdə tutlmurdu. Artıq uşaqlıq həyatın elə bir xüsusi dönəminə çevrilmişdi ki, cinsiyyət buna maneçilik törətmirdi; bu, daha çox qorunmalı olan uşağaxas xüsusiyyət hesab olunurdu. 1830-cu illərdə dizə qədər olan donlar və uzun ağ şalvarlar, saçlarım qısa kəsimi həm oğlanlar, həm də qızlar üçün qəbuledilən idi, əsas məqsəd isə cinsi fərqləri kölgədə qoymaqdan ibarət idi. 1820-ci və 1840-cı illər arasında tövsiyyə kitabları oğlanlara və qızlara qəzəbdən qaçmağı tapşırırdı. Çox güman ki, bu, 20-ci əsrin əvvəllərinə qədər cinssiz uşağın ideallaşdırılmasının zirvə nöqtəsi idi və cinslər arasındakı fərqlər yalnız emosional davranışla əlaqədar tövsiyyələrdə özünü göstərirdi.  Elm də bu münasibətə dayaq olurdu. “Uşaq”- Kraft-Ebbinq yazırdı, - “neytral cinsdir”

Tahirə Qarabəyli

Bakalavr (hüquqşünaslıq) və magistr təhsili Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında almışdır. Almaniyada Köln Universitetində doktorantura təhsili almışdır. Hal-hazırda Berlin Humboldt Universitetinin tətqiqatçısı.