Peyvənd və peyvənd əleyhdarlığı

Tibb elminin çox az mövzusu geniş kütlələr arasında peyvənd qədər böyük əks-səda doğurmuşdur. Tibblə məşğul olan insanların müxtəlif mövzular üzərində bitib tükənməyən mübahisələr yaşaması, fikir ayrılıqlarına düşməsi çox normaldır və hətta lazımlıdır. Ancaq məlumat asimmetriyasının yüksək səviyyədə olduğu bir mövzuda kütləvi şəkildə fikir ayrılıqlarının yaşanmasının başlıca iki səbəbi; peyvəndin xəstə olmayan, sağlam olaraq təyin oluna biləcək insanlara tətbiq olunması və onların insanın ən qiymətli varlığı olan övladları olmasıdır.

Təxminən 200 illik inkişaf müddətində, peyvənd mövzusunda yığılmış elmi məlumatlar demək olar ki ayrıca bir tibb sahəsi meydana gətirəcək səviyyəyə çatdı. Hər keçən an bu məlumatlara yeniləri əlavə olunmaqda və bu məlumatlar işığında, tətbiqlərin arzu edilən nəticələri istər fərdi, istərsə də kütləvi sağlamlıq baxımından ən az zərərlə verməsi üçün davamlı olaraq yeni araşdırmalar edilməkdədir.

Müasir məlumatlar əsasında edilmiş qiymətləndirmələrin dəyişməz olmadığını, ancaq yalnız elmi yolla əldə olunmuş məlumatlara görə dəyişə biləcəyini də vurğulamaq istəyirik.


"Ata"lar…

Qədim Çin və Hind tibb mənbələrində rast gəlindiyi bildirilsə də, qeydə alınmış və elmi üsullarla təsdiqlənmiş ilk müvəffəqiyyətli peyvənd 18-ci əsrin sonlarında, immunologiya elminin atası olaraq şərəfləndirilən Edvard Cenner tərəfindən edilmişdir. Hər elmi kəşfdə olduğu kimi güclü müşahidə, keçmiş təcrübələrin toplanması və yeni məlumatların əlavə olunması ilə, 1980-ci ildən bəri xəstəlik törədici bir amil olaraq qarşımıza çıxmayan (ABŞ və Rusiyadakı 2 laboratoriyada hələ də canlı çiçək virusu mövcuddur) çiçək virusuna qarşı ilk tədbirlər məhz o günlərdə təmin edildi. Klinik olaraq çiçək xəstəliyinin bütün xüsusiyyətlərini daşıyan ancaq əlamətlərin daha yüngül baş verdiyi mal çiçəyi xəstəliyinə davamlı məruz qalan süd sağıçılarında çiçək xəstəliyinin görülmədiyi müşahidəsindən yola çıxan Cenner, İngilislərin Türklər və Çərkəzlərdə görərək 1720-ci illərdə Adaya gətirdikləri "çiçəkləmə" üsulu ilə dəridəki mal çiçəyi yarasından götürdüyü mayeni sağlam insanların qoluna "əkərək" xəstəliyi yüngül şəkildə keçirmələrini və sonra bu ölümcül virusa qarşı həyat boyu davam edən bir müdafiə inkişaf etdirmələrini hədəfləmiş, bacarmış və bu üsulu qeydə almışdır.

Təxminən yüz il sonra, böyük nailiyyətlər qazanmasına səbəb olacaq işləriylə mikrobiologiyanın atası Lui Paster ortaya çıxmışdır. İnsanlarda müxtəlif xəstəliklər törədən və Pasterin adını daşıyan (Pasteurella multocida) toyuq xolerası bakteriyası üzərində apardığı araşdırmalardan sonra sibir yarası və quduzluğa qarşı etdiyi uğurlu immunlaşdırma  işləri, özündən əvvəlki dövrlərdə ortaya atılan "mikrob nəzəriyyəsi"ni elmi müstəviyə gətirməsi baxımından da çox əhəmiyyətlidir. 2005-ci ildə vəfat edən Mauris Hilleman'ı da, 20-ci əsrdə 40 ayrı xəstəliyə qarşı kəşf etdiyi peyvəndlər səbəbiylə, bu sahənin atası olaraq qeyd etmək səhv olmayacaq.

Poliomielitə qarşı başlatdıqları mübarizədə qalib gələn və ona qarşı təsirli peyvəndlər inkişaf etdirməyi bacaran Albert Sabin və Conas Salk da burada xatırlanmağı haqq edən həkimlərdir.

Soldan sağa: Cenner, Paster, Hilleman, Sabin, Salk


Əleyhdarlığın "Elmi" Dayağı

Tarix boyunca mədəni və inanc dəyərləri baxımından tibbin müxtəlif tətbiqlərinə, təbii ki peyvəndlə immunlaşdırmaya qarşı da çıxışlar olmuş və olmağa davam etməkdədir. Əks görüş olaraq qəbul edə biləcəyimiz və üzərində dayanacağımız faktlar elmi qaydalara görə əldə edilmiş məlumatların nəşr olunmuş formalarıdır. Bu mənada, an azı bir müddət üçün, uyğun gəldiyini düşündüyümüz məqaləyə gələk: QPM (qızılca, parotit, məxmərək) peyvəndini səbəb/nəticə əlaqəsi quraraq birbaşa hədəf göstərən, 12 faktlıq bir xəstə tarixçəsi…

İlk müəllif olaraq İngilis "keçmiş" cərrah Endryu Vekfild'in adını daşıyan bir məqalə tibb dünyasının çox etibarlı nəşr orqanı olan The Lancetdə dərc olundu (28 Fevral 1998-ci il). Məqalədə, QPM peyvəndi edilmiş 12 uşaqda meydana çıxan davranış və bağırsaq problemlərinə işarə edilirdi. Hər nə qədər qəti arqumentlər ehtiva etməsə də, "QPM peyvəndi autizmə səbəb olur" şəklindəki yanlış bir düşüncənin elmi olaraq təşəkkül tapmış halı idi.

İnsan sağlamlığı müzakirə mövzusu olduqda, xüsusilə peyvənd kimi bütün əhaliyə təsir edən bir tətbiq düşünüldükdə tibb dünyası lazımi diqqəti göstərmiş və mütəxəssislərin üzərində müzakirə apara biləcəyi məlumatlar əldə edə bilməsi üçün ətraflı araşdırmalara başlamışdır. 12 ildən sonra nəşr olunan məqalədəki məlumatların bəzilərinin "yalan" olduğu səbəbiylə Lancet jurnalı 2010-cu ildə yazını "geri çəkmiş", Böyük Britaniyanın Ümumi Tibb Şurası 2,5 il davam edən iclaslardan sonra, 2010-cu ildə, araşdırmanın maddi və tibbi baxımdan etik olmayan çərçivədə edilməsi və "dürüst olmayan və məsuliyyətsiz" fikirlər səbəbiylə Vekfildin həkimlik səlahiyyətini əlindən almışdır. Vekfild, 2012-ci ildə Time jurnalında nəşr olunan "elmin fırıldaqçıları" başlıqlı məqalədə adı hallanan altı adamdan biri olmuşdur.

Vekfildin məqaləsi


Bu araşdırma tamamilə səhv və istiqamətlənmiş məlumatlar üzərində hazırlandığından və icra edilməsi baxımından da bir çox əlverişsizlik ehtiva etdiyindən peyvənd əleyhinə elmi yazı ola bilməmiş, lakin insanlarda ciddi şübhələr doğurmuşdur.

Eyni zamanda, bu yazının yaratdığı mühit mövzunun digər mütəxəssislər tərəfindən də diqqətlə araşdırılmasına gətirib çıxarmışdır. ABŞ-ın Xəstəliklərə Nəzarət və Önləmə Mərkəzi həm öz başlatdığı, həm də müstəqil şəkildə edilmiş elmi işləri toplamış və peyvəndlərin autizmə səbəb olduğuna dair bir dəlil tapılmadığını elan etmişdir. Uzun müddət peyvəndlərdə qoruyucu və saxlanma müddətini uzatmaq üçün istifadə edilmiş, tərkibində civə də olan üzvi maddə tiomersal (ABŞ-da timerosal olaraq bilinir), aparılan araşdırmalarda hər hansı bir mənfi təsirə səbəb olmadığı göstərilmiş olsa da, birdəfəlik doza üçün hazırlanan peyvənd preparatlarının çox dozalı flakonların yerini alması nəticəsində, 2001-ci ildən etibarən bəzi qrip peyvəndləri istisna olmaqla istifadədən tamamilə çıxarılmışdır.

Yəni Vekfildin bu yazısı, müasir tibbin peyvənd mövzusunda özünü təkrar qiymətləndirməsi, bəzi tətbiqləri dəyişdirməsi və tezislərini gücləndirməsi üçün bir fürsət yaratmışdır.

Təhlükəsizlik

İstər dərman yolu ilə, istərsə də cərrahı üsullarla insan üzərində edilən hər bir tibbi tətbiqin bilinən müəyyən riskləri vardır. Tibbi tətbiqin təhlükəsizliyindən bəhs edərkən anlamamız lazım olan, gözlənilən fayda/zərər nisbətinin diqqətli araşdırılmasından sonra əldə edilən elmi nəticələrin tətbiq lehinə qiymətləndirilməsi vəziyyətidir. Bir misalla konkretləşdirmək lazım olsa, müalicəsi olmayan poliomielitə qarşı ağızdan verilən və zəiflədilmiş poliomielit virusu daşıyan peyvəndin tətbiq olunan hər 2.500.000 dozası üçün 1 faktda peyvəndə bağlı uşaq iflici ortaya çıxma riski qarşısında, bu çox yoluxucu xəstəliyə tutulanların 200-də 1-də geriyədönməz iflic inkişafı və bunların da 5-10%-də ölüm riskinin varlığını, gözlənilən fayda/zərər baxımından siz də qiymətləndirə bilərsiniz.

Peyvənd Olunmamağın Kütləvi Nəticələrindən Nümunələr

Dublində 1999-ci ilin dekabr ayından 2000-ci ilin iyul ayına qədər davam edən dövrdə ortaya çıxan qızılca epidemiyası nəticəsində 355 uşaq xəstəxanaya gətirilmişdir. 111 uşaq xəstəxanada müalicə almış və 3 uşaq isə həyatını itirmişdir. Milli məlumatlara görə epidemiyadan əvvəli QPM peyvəndinin edilmə nisbətinin 70%-dən az olduğu təsbit edilir.

Hollandiyada, 1999-cu ilin iyun ayında 5 uşağın qızılcaya tutulması ilə başlayan epidemiya 2000-ci ilin fevral ayında 2961 hadisə, 3 uşaq ölümü ilə nəticələnir. Faktların çox böyük əksəriyyətini peyvənd olunmamış uşaqlar təşkil edir.

2000-ci ildə ABŞ-da qızılca xəstəliyinin ortadan qalxmasından sonra peyvənd proqramına diqqətin azalması nəticəsində 2005-ci ildə İndiana ştatında və 2013-cü ildə digər ştatlarda baş qaldıran qızılca epidemiyaları müasir dövrdə xəstəliklərə nəzarət etmənin nə qədər çətin olduğunun bir göstəricisidir. Eyni şəkildə 2015-ci ildə İllinois Universitetinin 69 tələbəsində parotit xəstəliyinin ortaya çıxması, səlahiyyətli şəxslərin şagirdləri dərslərin başlanma tarixi olan 24 Avqustdan əvvəl bir doza "təkrar QPM" peyvəndi etdirərək universitet şəhərciyinə gəlmələri barəsində xəbərdar etmələrinə səbəb oldu.

Nümunələr artırıla bilər, ancaq aydın şəkildə görünür ki, peyvənd hallarının azalması dərhal xəstəliklərin ani və nəzərəçarpan artımı ilə nəticələnir. Xəstəliyin ortaya çıxmasından sonra, müalicə üçün edilən xərclərin sağlamlıq büdcəsinə gətirdiyi yük başqa sağlamlıq xərclərinin azalmasına gətirib çıxaracağından, vaxtında görülən tədbirlər böyük əhəmiyyət daşıyır.

Düşünülməsi Lazım Olanlar

Yoluxucu xəstəliklərə qarşı peyvənd yolu ilə qazanılmış yeganə qələbə çiçək xəstəliyinə qarşı icra edilmiş olandır. Davam edən və sona yaxınlaşdığı ümid edilən bir başqa mübarizə poliomielitə qarşı aparılmaqdadır. 2014-cü ildə Nigeriya, Somali, Pakistan və Əfqanıstanda küncə sıxışdırılmış olan virusa son zərbənin vurulmasına çalışılmaqdadır. Afrikada Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) etdiyi müvəffəqiyyətli peyvənd işləri sayəsində son 1 ildə poliomielit faktına rast gəlinməmişdir. Proses 2 il də davam etsə bu xəstəlikdən təmizlənmiş bir Afrikadan bəhs etmək mümkün olacaqdır.

ÜST-ün 2014 tarixli son hesabatına görə, peyvənd proqramı sayəsində ildə 2-3 milyon uşağın ölümdən xilas edildiyi düşünülür. Lakin ildə 1,5 milyon uşaq peyvənd ilə qarşısı alına bilər xəstəliklər nəticəsində həyatını itirir.

Fərdi olaraq peyvənd edilməyi rədd etmək cəmiyyət sağlamlığı baxımından çox da böyük bir təsirə sahib olmaya bilər. Ancaq kütləvi olaraq peyvənd proqramından kənarda qalmaq böyük xalq sağlamlığı problemlərinə gətirib çıxaracaq. Cəmiyyət immunitetinin xəstəliyə qarşı təsirli səviyyələrə çatması fərdi peyvənd nisbətlərinin hədəf qoyulmuş minimum dəyərləri keçməsi ilə mümkündür.

Uşaqlıq dövrü peyvəndlərinin tətbiq olunmaması vəziyyətində, insanların əsasən kiçik yaşlarda keçirdiyi bəzi viral xəstəliklərə, daha böyük yaşlarda tutulmaları müşahidə edilməkdədir. Məxmərək nümunəsini düşünsək, uşaqlıq dövründə bu virusla qarşılaşan peyvəndsiz bir gənc qız orta ağırlıqda bir xəstəlik keçirərkən, peyvəndli bir cəmiyyətdə yaşayan və virusla hamiləlik əsnasında qarşılaşan peyvəndsiz bir ananın doğulacaq uşağı üçün bu xəstəliyin mənası, karlıq, göz anomaliyaları və ciddi ürək problemlərinin öndə olduğu bir çox anormallıqla xarakterizə olunan Anadangəlmə Məxmərək Sindromu olacaq. Eyni şəkildə qızılca xəstəliyi üçün ölüm faizlərinin 13 yaşdan sonra nəzərəçarpan dərəcədə artdığı faktı göz önünə alındıqda, peyvənd edilməmiş, virusla uşaqlıq vaxtı deyil 20 yaşında qarşılaşmış bir gəncin həyatını təhdid edən xəstəliyin, uşaqlıq dövrü peyvəndləri ilə maneə törədilə bilər olması həqiqətinin vicdani və hətta hüquqi nəticələri gözləniləndir.

Elmi baxışla insanların hüquq və azadlıqlarını əsas götürən hüquqi baxış tibbin bəzi sahələrində tərs düşməkdə və hansının daha üstün olduğu mövzusu bir anlaşılmazlıq mənbəyi olmaqdadır. Bəzi inkişaf etmiş ölkələrdə qanuni bir zərurət olan peyvənd proqramına uyğunlaşma mövzusunun sağlamlıq problemi olmasından əlavə insan azadlığı baxımından da beynəlxalq hüquqi müstəvi çərçivəsində müzakirə edilməsi lazımlıdır.

Son Söz

Faktlara söykənən tibb elminin bu günə qədər gəldiyi nəticələrə nəzər saldıqda, uşaqlıq dövrü peyvənd proqramlarının tətbiq olunmasında fərd və cəmiyyət sağlamlığı baxımından böyük fayda olduğu fikirindən fərqli bir görüş önə sürmək məntiqdən çox uzaq görünməkdədir.

Vüsal Fərzəliyev