Qarışqalar ve onların istifadəçi qonağı silsiləsindən….

Tanınmış Lomexuza böcəyi özünün varlığı ilə qarışqaları şad edən qonaqlardandır. İlk tədqiqatçılar qırmızı meşə qarışqasının yuvasının tədqiq edərkən gördüklərində heyrətə gəlirlər. Yuvada qarışqalarla qarşılaşan böcək onlara bığcığı ilə toxunur və sanki nəsə deyir. Bu andaca qarışqa harasa tələsməyindən asılı olmayaraq dayanır və ona yemək gətirməyə yollanır. Bu həşərata təbiətdə sərbəst halda rast gəlinmir-yalnız və yalnız qarışqa yuvasında. Lomexuzanın sürfələrinə qarışqalar öz doğma nəsli qədər qayğı göstərir və arada heç bir fərq qoymur. Lakin lomexuzanın sürfələri böyüdükcə arsızcasına qarışqaların yumurta və sürfələrini yeməyə başlıyır. Yetkin böcək özü də hərdən əlinə fürsət düşəndə baş qarışıqlığında qarışqa sürfəsi yeyir. Amma bu an qarışqalar sakit kənardan qonağın hərəkətlərini izləyirlər. Daha dəhşətlisi odur ki, qarışqalar belə hiyləgəri öz ağızları ilə qidalandırırlar. (Erich Vasmanın müşahidəsinə əsasən). Amma məsələnin başqa, daha maraqlı tərəfi var.

Qarışqaların qanunlarına görə yumurtlar onlara uyğun temperatur və rütubəti təmin etmək üçün mütəmadi olaraq yerləri dəyişdirilir. Qarışqalar aydındır ki, yumurtanı öz çənəsində daşımalı olur. Problem ondadır ki, qonağa olan dərin hörmətlə bağlı onun da yumurtaları eyni qaydada qarışqa çənəsində o yana bu yana daşınır. Amma....lomexuzanın yumurtaları belə şeyi harda görüblər, anası yumurtaların qayğısını çəksin, o yan bu yana aparsın, özünü fəda eləsin. Yumurta örtüyü nazik olduğundan tez-tez qarışqaların çənəsində arzuedilməz şəkildə deşilir və sıradan çıxır. Beləcə populyasıya spontan olaraq kontrol altında sabit qalır.

Belə də olur ki, qarışqalar qonağın kaprizləri ilə o qədər aludə olub onun nazını çəkirlər ki, öz doğma nəslinə qulluq borcu yaddan çıxır. Odur ki, belə nəsil yetərincə qida almadığından natamam inkişaf edir-yumurtalardan nəsil qayğısına qalmaq bacarığı olmayan ‘’fərsiz’’ qarışqalar çıxır.

İndi isə lomexuzanın qarışqaları nə ilə cəlb etdiyini deyək. Sarı rəngdə trixomlardan dəri vəziləri və bədən piyi vasitəsilə süzülən xüsusi uçucu maye ifraz olunur ki, elmdə bu maddəyə eksudat adı verilmişdir. Özünün kimyəvi təbiətinə görə bu maddə efirlərə yaxındır. Elə qarışqaların da ağlını başından alan məhz bu maddədir. E. Vasman qarışqanın şənləndirici içkiyə olan bu qədər meylini insanın alkoqola, içki butulkasına və ya siqaretə olan asılılğı ilə müqayisə edirdi. Buna sübut olaraq lomexuzanın miqdarının artması ilə qarışqaların ölməsini göstərmişdir.

 

Canlı aləmin əhəmiyyətinin dərk edilməsində hər bir canlının davranışının öyrənilməsi elm üçün çox qapilar aça bilər. Bütün bunlar hər xırdalığı ilə araşdırılması elm üçün təkamülün vuruş meydanının görünməyən qaranlıq tərəflərini aşkar etməyə və bizi həqiqətin öyrənilməsinə bir az daha yaxınlaşmağa imkan yaradır.

Nərmin Beydizadə

İxtisas zoologiya (araxnologiya), AMEA doktorantı. Hal-hazırda Visegrad Fund təqaüdü dəstəyi ilə Cexiya Respublikası, Masaryk Universitetində (Brno) davranış biologiyası (hörümçəklərin trofik davranışı, yırtıcılıq strategiyaları və onun təkamülü) dessiplinası üzrə tədqiqatçı.