Şizofreniyanın təbiəti genetikdir

 

    Alimlər şizofreniyanın meydana gəlməsinin səbəblərini aydınlaşdırmağa yardım təmin edə biləcək genetik mutasiyaları aşkar etdilər. Xəstəliyin genetik təməli əvvəllər hesab edildiyindən daha qəlizdir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə bu gün dünyada 24 milyona yaxın insan şizofreniyadan əziyyət çəkir. Bu, düşüncə və emosional reaksiya proseslərinin pozulması ilə əlaqəli olan polimorf psixiki və əqli xəstəlikdir. Şizofreniyanın əsas əlamətləri hallüsinasiyalar (qarabasma), sosial disfunksiyanın fonunda nitqin (danışığın) və düşüncənin, işləmək qabiliyyətinin pozulmasıdır. Xəstəliyin meydana gəlməsinə səbəb olan dəqiq faktorlar hələlik tapılmamışdır.

  Cardiff Universiteti (Britaniya) üzvləri başçılığında bir beynəlxalq tədqiqatçı qrup şizofreniyanın səbəblərini aydınlaşdırmağa kömək edəcək yeni genetik mutasiyalar tapdı. Daha əvvəl aparılmış tədqiqat işlərinin nəticələrinə görə xəstəliyin səbəbi genlər idi. Yeni tədqiqatda alimlər 623 şizofreniya xəstələri və onların valideynlərindən alınmış qan nümunələrinin DNT hissələrini araşdırdılar və şizofreniklərdə olan, onların valideynlərində isə olmayan de novo mutasiyalarına (yeni qazanılmış mutasiyalar) rast gəldilər. Mütəxəssislər tapdıqları mutasiyaların xəstəliyin təkanverici mexanizmində müəyyən rolu olduğunu qeyd etdilər. Həmçinin bu mutasiyaların beyin sinir hüceyrələri arasındaki əlaqə gücü, beynin inkişafı, öyrənmə və yaddaş kimi bacarıqlarla əlaqəli zülal dəstlərini məhv edə biləcəyi məlum oldu.

"Yeni məlumatlar beynin funksiyaları ilə əlaqəli mutasiyalar və zülalların vacibliyini təsdiqləyir", - tədqiqatda iştirak edən Mike Owen deyir.

   Şizofreniya və digər psixiki xəstəliklərin eyni mexanizminin olub-olmadığını aydınlaşdırmaq üçün alimlər tədqiqatları davam etdirməli olduqlarını bildirirlər.

     İstinad: Medical News Today

Rəvan Quluzadə