Sosiologiya yazılarımıza müqəddimə

  Bütün dövr və məkanlarda hər zaman başlamaq, girizgahı təyin etmək, binanın üzərinə qurulacağı özülü/təməli formalaşdırmaq ən çətin fəaliyyət olmuşdur. Məhz bu səbəblədir ki, işə başlamaq işin yarısı olaraq qiymətləndirilmiş və tam olaraq da buna görə işin başlanğıc qisminə bu qədər dəyər ətf edilmiş, əhəmiyyət verilmişdir. Təbii olaraq bu deyilənlər hər zaman və hər işdə keçərli olmamış, daha doğrusu iş bitdikdən sonra başlanğıc/özül görünməyəcəyindən lazımi diqqəti nəzəri cəlb etməmişdir. Xaricə, üzdə olana verilən dəyərin bütün əməl və davranışlarımızda təyinedici rola malik olması bizi nəhəng, göstərişli, dəbdəbəli strukturların üzərinə inşa edildiyi təməllərə diqqət yetirməkdən yayındımış, bizim bu xüsusda laqeyd münasibətimizə səbəb olmuşdur.


   İnsan özü ilə bağlı bütün tərifləri səhv çıxara biləcək bir varlıqdır. Bu tərifi də həmçinin. Belə bir varlıq haqqında danışmaq, insanın fəaliyyət və hərəkətlərindən, danışıq və sərgilədiyi mövqelərdən bəhs etmək məna krizlərinin yaşandığı, qavram qələbəliyinin zehnimizə hakim olduğu çağımızda olduqca çətindir.

   Düşüncədən, düşünəndən, fərqli olandan və yaxud düşüncəyə qarşı olandan, eyni tip olandan, vəbalıdan, cüzzamlıdan qaçar kimi uzaqlaşan, ədalətin gecikməyindən belə narahat olmayan, əxlaqi dəyərlərin yox olduğu ya da əxlaqi dəyərlərin təhəkküm və istismar vasitəsi olduğu bir cəmiyyətdə özünə yer tapmaq, insanlara düşüncənin/düşünməyin dəyərindən bəhs etmək (təbii bunu qəbul etməmə haqları var) olduqca məşəqqətli bir fəaliyyətdir.

   Buradakı təsvirlər qətiyyən bir məhkumiyyət, damğalama deyildir. Mənimlə razılaşmama haqqını hər zaman və hər xüsusda özünüzdə görə bilərsiniz, belə ki bu sizin insan olmağınızdan qaynaqlanır. Çünki, düşüncə belə bir təhəkküm və dospotizm vasitəsi olaraq istifadə oluna bilməz. Heç bir əxlaqi dəyər və ya zehni məşğuliyyət insanlar üzərində məcburi dəyişikliklər tətbiq etmə səlahiyyəti vermir.
 

  Sosiologiya kateqoriyası altında yazı yazmaq gizləndiyim, qaçdığım bütün şeylər barəsində yenidən həm də yazaraq düşünmək, kitablarımdan, dəftər və qələmimdən mütəşəkkil Fildişi Qalamın qapılarını aralayaraq yenidən çıxmaqdır çölə. Hansı ki, orada damğalanmışdım və oradan uzaqlaşmaq üçün insan deyilən bir səbəbim var idi. İndi Fildişi Qalamın köhnə pəncərəsindən, uzağı torantılı görən gözlərimlə seyr etmək əvəzinə toxunaraq və yazaraq düşünəcəyəm insan, yəni, toplum haqqında.


think2

   Buradakı əsas məqsədimiz bizi əhatə edən qala divarlarını göstərməkdir. Yəni, o qalın, yüksək və sonsuz, eyni zamanda da görünməyən hasarları açığa çıxarmaq, gözlər önünə sərmək. Bu səbəblə də, bəzən ədəbiyyat, bəzən film, bəzən də bir şəhər haqqında yazılarımız olacaq. Yəni, insanın toxunduğu, insana toxunan hər şeylə bağlı (iddianı üzrlü sayın).


   Məşhur Amerikalı sosioloq Erving Goffman bütün həyatı boyunca məşğul olduğu fəaliyyəti bu şəkildə açıqlayır: “Şüurları oyandırmağa çalışmıram, sadəcə necə xoruldadıqlarını anlamağa cəhd edirəm.” Bizim də buradakı fəaliyyətimiz buna bənzər bir şey olacaq və ən azından ustadın etdiklərinin kənərında dolaşmağa çalışacağıq.

 

Tərcihlərə sayğı/hörmət. 

   Səbəblərini bilməsən də, anlamasan da birlikdə yaşamağın tək şərti budur. Bundan daha da əhəmiyyətlisi düşüncə komisarlığından istefa. Düşüncənin önündəki Çin səddini yıxmaq bir də. Əlavə olaraq düşüncə mühəndisliyi layihələrinin yandırılması. Bunlar hür cəmiyyətin təməl dinamikaları, özülü. İnsanları seçimlərinə, zövq və düşüncələrinə görə mühakimə etməmək, əhkam kəsməmək, hökm verməmək. İnsani münasibətlərdə prokuror, hakim kimi rəftar etməkdən imtina etmək bu özülü daha da möhkəmləndirəcəkdir.

   Və düşüncədən, düşüncənin əhəmiyyətinə inanan və düşüncəyə hürriyyət çağırışları edənlərdən cüzzamlıdan, vəbalıdan qaçan kimi uzaqlaşan, düşüncənin, azadlığın, mərhəmətin, əxlaqın aydın sərhərdlərindən mühakimənin, despotizmin zillətinə, qaranlıq dünyasına çəkilən xalqların aqibəti hər zaman eyni olmuşdur: Tarixdən silinmək.

 

Mənbə: analysepedia

Taryel Abdullayev

Yaşıl Elm Platformasının Baş Redaktoru