Süni DNT-ə sahib orqanizm yaradıldı

   Skripps Tədqiqat İnstitutundan olan alimlər yeni genetik kodu olan süni DNT-ə sahib bakteriya yaratmağa nail olublar. Canlı orqanizmin DNT-si ənənəvi haldaki kimi iki deyil, üç əsas cütündən ibarətdir. Mütəxəssislərin rəyinə görə, genişləndirilmiş DNT biologiyası gələcəkdə yeni dərmanlar və nanotexnologiyaların hazırlanmasında tətbiq edilə bilər.

  Əlavə DNT hərfləri cütünə sahib yarısintetik bakteriyaya təbiətdə rast gəlinmir. Tədqiqatın başında duran Floyd Romsberq 15 illik təcrübələrinin nəticəsi olaraq elm tarixində ilk dəfə yeni genetik informasiyaya və üç əsas cütünə sahib, çoxalmağa qadir canlı orqanizm yaradıldığını qeyd edir.

"Yerdəki qarışıq həyat cəmi iki DNT əsası cütü ilə kodlaşdırılır: A-T və C-G. Biz isə üçüncü qeyri-təbii cütünü də stabil saxlayan orqanizm yaratmağa nail olduq. Bu, ənənəvi DNT-dən fərqli olaraq, genetik informasiyanın xəzinəsində fərqli qərarların da verildiyini göstərir, - Romsberq deyir.
 

  Tədqiqatda alimlər Escherichia coli (bağırsaq çöpü) DNT-sindən yararlandılar. Yuxarıda qeyd edilmiş iki əsas cütünə süni olaraq sintezlənmiş üçüncüsü də əlavə edilərək, X-Y adlandırıldı. Floyd Romsberq öz təcrübələrini 1990-cu illərin sonlarından bu yana davam etdirirdi. Onun əsas məqsədi zülalları kodlaşdıra bilən yeni molekul cütünü aşkar etmək idi. Vəzifəsi olduqca çətin idi, çünki yeni DNT cütü iki təbii cütlüklə birləşməyə və stabil vəziyyət almaya bilərdi. Alimlər, plazmid adıyla tanınan DNT-nin dairəvi hissəsini sintezləyərək, onu E. coli bakteriyasının hüceyrəsinə yerləşdirməyi bacardılar. Nəticədə digər bakteriyalardan fərqlənməyərək çoxala bilən yarısüni DNT-ə sahib orqanizm əldə edilmiş oldu.

Həmçinin oxuyun:

Süni xromosom hazırlanaraq hüceyrəyə yerləşdirildi
Bakteriyaların təkamülünü iki mutasiya təmin etdi
Süni ilkin hüceyrəyə "can verildi"

Rəvan Quluzadə