Təkamül, təsadüf və xaos

   Təkamüllə əlaqədar ən çox irəli sürülən iddialardan biri, onun tamamilə təsadüfi olduğu istiqamətindədir. Təkamülü təsadüfi adlandırmaq və digər təbiət qanunlarından ayırmaq böyük bir səhvdir. Təkamül, digər təbiət qanunları nə qədər təsadüfidirsə, o qədər təsadüfidir. Bu yazımızda təsadüf və xaos sözlərinin təriflərini doğru bir şəkildə izah edib, elmi şəkildə analiz edəcəyik. Bir qanunun təsadüfi olmasıyla, qanunun nəticələrinin təsadüfi olması arasındakı fərqləri görəcəyik. Beləcə kainatın təsadüfiliyi mövzusunda dəqiq bir görüşə sahib ola bilməyinizə yardımçı olmağa çalışacağıq.

    Ətrafımızdakı bir çox hadisə çox sayda təbiət dəyişikliklərinə bağlı olduğu üçün "xaotikdir". Xaotik hadisələr, hadisəyə təsir edən proseslərin sayının çoxluğu və müxtəlifliyi səbəbindən belədir. Məsələn, iqlim dəyişməsi möhtəşəm mürəkkəb hadisədir, çünki minlərlə parametr bir yerdə olaraq nəticəyə təsir edir. Bu səbəblə 1 gün sonrasının hava durumunu məqsədəuyğun şəkildə təxmin edə bilərik; amma 1 həftəyə, 1 aya keçdiyimizdə hesablarımız gerçəyi əks etdirməməyə başlayar. Bu, əlimizdəki riyazi modellərin təbiətlə tam üst-üstə düşməməsinin nəticəsidir. Təkamül də, iqlim dəyişməsi kimi son dərəcə xaotik hadisədir. Bir növün təkamül cığırında keçdiyi mərhələlər çoxlu sayda proseslərə bağlıdır. Bu proseslərdəki ən kiçik dəyişmələr belə nəticəyə kökündən təsir edə bilər. Bir fərdin həyatda qalıb-qalmamasına təsir edəcək hər dəyişiklik, növün bütün uyğunlaşma müvəffəqiyyətinə təsir edəcək, başqa deyimlə, növün dəyişməsini istiqamətləndirəcək.

Xaos və təsadüf

   Bir prosesin xaotik olmasıyla təsadüfi olması arasında böyük bir fərq var və bu fərq çox yaxşı başa düşülməlidir. Qeyd etdiyimiz təbiət qanunları və proseslər "təsadüfi" deyil, çünki hər biri keçmişdə, indiki vaxtda və gələcəkdə eyni şəkildə işləyirlər, buna görə təkamül və ya cazibə qüvvəsi bir "təbiət qanunu" hesab edilir. Təsadüf əsəri olan, "özbaşına" var olub sonra da yox olan prosesləri "təbiət qanunu" olaraq xarakterizə etmək mümkün deyil. Əgər bir canlının gen "hovuzunda" etdiyimiz analizlə bir başqasınınkı tamamilə və hər hansı bir səbəbə bağlı olmadan, köklü şəkildə fərqli olsaydı, onda təsadüfi bir hadisədən danışmağa haqqımız çatardı. Amma bu günə qədər analiz etdiyimiz bütün növlər təkamül qanunlarına tabedir. Eynilə kütləsi olan hər bir maddəyə cazibə qüvvəsinin təsir etdiyi kimi. "Amerikadakı almalara cazibə qüvvəsi təsir edir, amma Avropadakı armudlara təsir etmir" kimi bir vəziyyət müzakirə mövzusu deyil. Bütün bu səbəblərə görə xaosla təsadüf arasındakı fərq qəbul edilməlidir.

   Hələlik bu təbiət qanunlarının necə və niyə bu gün olduqları şəkildə olduğunu bilmirik. Biz yalnız onları təyin etməklə kifayətlənirik. Bütün qanunların necə var olduğunu anlaya bilmək üçün Böyük Partlayışın (The Big Bang) hansı səbəbdən və necə meydana gəldiyini anlamaq lazımdır. Elmin araşdırdığı ən böyük suallar da elə budur. Ehtimalla, Böyük Partlayış səbəbiylə bu yaranışın kainat daxilindəki qanunlar üzərindəki təsirləri təyin edildiyində və təbii səbəblərlə açıqlandığında, hal-hazırki qanunların da niyə bu şəkildə mövcud olduğunu anlamağa başlayacağıq. O vaxt niyə almaların düşdüyünü və ya canlıların dəyişdiyini anlaya bilərik. O zamana qədər, əsassız mühakimə hücumları etmədən, elmin nəticələr çıxarmasını gözləməyimiz, elmə və alimlərə dəstək verməyimiz lazımdır.

   Bu qanunlar bir dəfə var olduqdan sonra hər hansı bir şəkildə nəzarət edilmir, tamamilə şüursuz şəkildə işləyirlər. Lakin özlərini davamlı olaraq eyni şəkildə təkrar etdikləri üçün xaosdan nizam yarada biləcək gücə sahibdirlər. Əgər təbiət qanunları təsadüfi olsaydılar, kainat içərisində nizamlı strukturlar görə bilməzdik. Kainatda olan canlılıq və ya qalaktika sistemləri kimi nizamlı strukturlar davamlı olaraq eyni cür təsir edən qanunların nəticəsidir. Bunu özünüz də təcrübədən keçirə bilərsiniz: çimərliyə getdiyinizdə bir vedrə dolu qumu dalğaların vurduğu yerə təsadüfi şəkildə tökün. Bir neçə dəqiqə gözlədiyinizdə görəcəksiniz ki, tamamilə şüursuz şəkildə təsir edən dalğalar, tökdüyünüz qum yığınlarını müəyyən bir nizama salacaq. Dalğalar bunu bilərək ya da istəyərək etmir. Dalğaların tabe olmaq məcburiyyətində olduğu fizika qanunlarından ötəri hərəkət etmələri nəticəsində, qumlara təsir edən fiziki qüvvələr müəyyən naxışlar meydana gətirir. Yəni qarmaqarışıq quruluşdakı qum da, öz üzərinə təsir edən qüvvələrə tabe olur və nizamsızlıqdan nizam meydana gəlir. Bunu qar kristallarında, səhrada qum təpələrində, qalaktika sistemlərində və ətrafımızdakı hər canlıda görə bilərik. Bütün canlılar davamlı olaraq eyni şəkildə işləyən bir qrup təbiət qanununun təsirilə müxtəlif formalara təkamülləşə bilər. Məhz bu qanunlar toplusuna "təkamül" deyirik. Əgər təkamül təsadüfi şəkildə baş versəydi, yəqin ki, ətrafımızda heç bir mürəkkəb canlı görə bilməyəcəkdik. Bu yerdə təkamülü və elmi təhrif etmək üçün istifadə edilən "qasırğa nəticəsində yaranan Boinq" müqayisəsinin bir başqa səhvini görürük: qasırğa nizamlı və özünü təkrar edən qüvvə deyil! Bu müqayisə xətaları haqda daha ətraflı məlumat almaq üçün buraya klikləyə bilərsiniz.
 
Təbiət qanunları təsadüfi deyil, amma nəticələri təsadüfi ola bilər


   Burada bir qeyd əlavə etməyə ehtiyac var: qanunların özləri təsadüfü deyil və həmişə eyni şəkildə işləyirlər, lakin bu qanunların sistemlər üzərində yaratdığı təsir tamamilə təsadüfü ola bilər. Məsələn, bütün obyektlər yerə düşür - bu, təsadüf deyil, cazibənin nəticəsidir. Amma o almanın sizin başınızamı, yoxsa yeni bir alma ağacı çıxaracaq şəkildə nəmli torpağamı düşəcəyi təsadüfi hadisədir. Təsadüfi hadisələrin də nə məna verdiyini yaxşı anlamaq lazımdır: təsadüfi hadisələri meydana gəlmədən təhlil etmək çox çətindir, çünki təsadüfi meydana gəlirlər. Ancaq o təsadüf reallaşdıqdan sonra analiz edilə bilər. Məsələn, başınıza düşən bir almanın niyə başınıza düşdüyünü aerodinamik, cazibə, kainat-zaman içərisindəki mövqeyiniz kimi məlumatlardan faydalanaraq analiz edə bilərik. Lakin nə vaxt başınıza alma düşəcəyini bilə bilməzsiniz. Almanın yerə düşməsinə səbəb olan qüvvələr şüurlu şəkildə işləmir. Alma da, şüurlu şəkildə yerə düşmür. Lakin bir almanın yerə düşməsinə səbəb olan proseslərin və ona təsir edən qüvvələrin hər biri elmi olaraq analiz edilə bilər.

   Veriləcək bir başqa nümunə suyun, axarkən dönəcəyi istiqamətləri bilərək və hesablayaraq dönməməsi, önündəki maneələrin, yəni təbii hadisələrin bu gedişə istiqamət verməsidir. Suyun hara dəyib, hansı istiqamətə gedəcəyi tamamilə təsadüfdür. Çünki suyun önünə çıxacaq maneələri bilməsi mümkün deyil. Amma su bir yerə vurduqdan sonra onun hansı istiqamətə doğru axacağını tamamilə elmi üsullarla hesablaya bilərik. Çünki su, fizika qanunlarına tabe olmaq məcburiyyətindədir. Cazibə və ya ümumiyyətlə cisimlər arasındakı qarşılıqlı təsir tamamilə təsadüfü deyil; kainatın yaranışından qaynaqlanan fiziki qüvvələrə tabedir və bu qüvvələr şüurlu şəkildə nəzarət edilmir. Lakin bu qüvvələrin səbəb olduğu hadisələr çoxlu təsadüf meydana gətirir.

   Təkamül də eynilə bu şəkildədir. Canlılara təsir edən qüvvələr hər zaman sabitdir və özünü təkrar edir. Yalnız sistemin mürəkkəblik səviyyəsindən asılı olaraq, nəticələr əvvəldən bilinməyə bilər. Sadələşdirilmiş nümunələrdə analizlərimiz doğru çalışır, amma sistemi kompleksləşdirərək real həyatdakına yaxınlaşdıqca, modellərimiz səhvlər etməyə başlayır və bu səhvlər gedərək artır. Əslində bu vəziyyəti riyazi olaraq "bilinənlər" və "bilinməyənlər" çərçivəsində də analiz edə bilərsiniz. Bildiyimiz və təyin etdiyimiz təbiət qanunlarının sayı, o qanunların təsir etdiyi sistemlərdəki bilinməyənlərlə müqayisədə çox azdır. Bu səbəbdən əlimizdə bütün sistemi modelləşdirə biləcək bir riyazi analiz yoxdur. Çünki bir növün var ola biləcək yüz minlərlə fərdinin hər birinin ömrü ərzində hər bir saniyə yaşadığı hadisələrin, bədənindəki hər bir komponentə təsirini hesablayaraq növün gələcəyini nəzərdə tutmağımız qeyri-mümkündür. Amma təbiət riyazi ardıcıllıqla irəliləmədiyi və xaotik bir quruluşda olduğu üçün, bu hesablara ehtiyac olmur. Əgər təbiət xaotik olmasaydı, içində əvvəldən hesablanmış amillər olduğu düşünülə bilərdi. Lakin təbiətdə gördüyümüz bu deyil; üstəlik kvant səviyyəsinə endikcə, sistemlərin deterministik xüsusiyyətləri azalır və ehtimalçı (probabilistik) xüsusiyyətləri artır.

    Canlıların hər birinə təsir edən sonsuz sayda dəyişikliklər olduğu üçün, bir-birinə çox yaxın olan canlılarda belə olduqca fərqli xüsusiyyətlər təkamülləşə bilər. Ancaq buna baxmayaraq, coğrafi olaraq bir-birinə yaxın bölgələrdə olub, bir-biriylə əlaqəli təsirlər altında qalan növlərdə, bu coğrafi qohumluğun izlərini görə bilirik. Məsələn, balina ilə akulada çox oxşar üzmə strukturlarının təkamülləşmiş olması təsadüf deyil. Buna baxmayaraq, aralarındakı fərqlər (quyruq hərəkətlərindəki fərq kimi), təkamül müddətinin təsadüfü nəticələrini bizlərə göstərir. Əslində iki növün nəsil xəttinə eyni qüvvələr təsir edir: ov, ovçu, həyat sahəsi və s. Amma bir qrupda, digərindəkinin tamamilə eyni müxtəliflik səviyyəsi olmadığından, eyni xüsusiyyətlərin eyni şəkildə təkamülləşməsi qeyri-mümkün olur. Düzdür, sonda çox oxşar strukturlar təkamülləşir, lakin həm anatomik, həm fizioloji, həm də davranış baxımından canlılarda bir-birindən müstəqil olaraq eyni xüsusiyyətlərin təkamülləşdiyini göstərən aşkar izlər var. Qurudan dənizə dönən məməlilərin, bunu edən nəsil xəttlərində hansı variasiyaların tapılacağı, həddindən artıq xaotik bir müddətə görə təyin olunduğu üçün, bu müddəti artıq "təsadüfi" olaraq təyin edə bilərik. Lakin bu təkamül cığırında olan canlılara hər vaxt eyni təbiət qanunları (Təbii seçmə kimi), eyni şəkildə təsir etmişdir. Qanunlar təsadüfü deyil, amma nəticə daxilində təsadüfi amillər var.

Təkamülün xaotikliyi, təsadüfiliyi və alt mexanizmləri

   Təkamülün xaotik, amma təsadüfi olmayan bir proses olduğundan bəhs etdik. Təkamülün bir növ "qanunlar toplusu" olduğunu da qeyd etdik. Başqa sözlərlər bu hissəni biraz açıqlamaq istəyirik. Əgər təkamül nəzəriyyəsini meydana gətirən qanunların nələr olduğunu oxumaq və ya xatırlamaq istəyirsinizsə, bloqumuzdaki "Təkamül üçün əhəmiyyətli olan mexanizmlər" başlıqlı bölməyə göz gəzdirə bilərsiniz.

   Təkamül nəzəriyyəsi daxilində, eynilə həyatımızda olduğu kimi, tamamilə təsadüfi olan və ya heç təsadüfi olmayan mexanizmlər var. Məsələn, genetik mutasiyalar, krossinqover, transpozonal sıçrayışlar; yəni ümumiyyətlə Təkamülün Müxtəliflik Mexanizmləri dediyimiz təbiət qanunları, demək olar ki, tamamilə təsadüfi işləyir. Lakin bir mutasiya meydana gəldikdən sonra, onun hansı səbəbdən meydana gəldiyini analiz etməyimiz mümkündür. Hətta yeni aparılan tədqiqatlar mutasiyaların qabaqcadan bilinəcəyinə dair ümidlər də verir. Bu hələ də araşdırılmaqda olan bir mövzudur, amma müasir elmdə çox yaxşı bildiyimiz bir məsələ, mutasiyaların tezliyini artıra biləcək bəzi digər mutasiyaların da ola bildiyidir. Başqa deyimlə, əslində mutasiyalar kimi tamamilə təsadüfi olduğu düşünülən amillər belə başqa faktorlardan təsirlənirlər. Ehtimalla, gələcəkdə mutasiyaları da, eynilə təkamül kimi, "təsadüfi" olaraq deyil "xaotik" olaraq tərif edəcəyik. Lakin bunun üçün daha çox tədqiqat aparmaq lazımdır. Çünki mutasiyalar, cazibə qüvvəsi və ya təkamülün əksinə, hər vaxt özünü təkrar edərək işləmir. Eyni mühitdə olan eyni canlılarda mutasiyalar tamamilə eyni şəkildə meydana gəlmir. Bu vəziyyət bizə bunu göstərir: bir prosesin xaotiklik miqdarı artdıqca o proses, təsadüfi olma səviyyəsinə yaxınlaşır. Yəni, xaotizmin təsadüfiliyi əhatə etdiyini deyə bilərik. Təsadüflər, xaosun ən uc nöqtəsidir.
 
  Ancaq təkamülün yalnız müxtəliflik mexanizmlərinə diqqət ayırmaq səhv olar. Çünki təkamül, müxtəliflik yaratmaqdan ibarət deyil. Əsl təkamül müddəti, müxtəliflik mexanizmləri sayəsində yaradılan bu variasiyaların, o anda mövcud olan mühitə uyğunluğuna görə həyatda qalıb-məğlub olması ilə əlaqəlidir. Eynilə suyun, o anda axdığı bölgədəki coğrafi şərtlərin suyun gediş istiqamətini təyin etmiş olması kimi. Bunlar heç də təsadüf əsəri deyil və qabaqcadan müəyyən oluna bilər. Qara fonda yaşayan ağ və qara siçanlardan qara olanları, demək olar ki, hər zaman üstün olacaqlar. Seçmə mexanizmləri davamlı olaraq özünü təkrar edir. Xaos səviyyələri olduqca aşağıdır. Əlbəttə bir miqdarda xaos görmək mümkündür, amma bunun səbəbi qanunların özlərinin xaotik olmasından çox, təsir etdikləri canlıların kompleks olmasından qaynaqlanır. Məsələn, qara siçan nümunəsində həyatda qalmağa təsir edən tək amil rəng olmayacaq. Bu o demək deyil ki, təbii seçmə təsadüfidir. Tam əksinə, təbii seçmə hər vaxt eyni şəkildə təsir edir. Lakin çox sayda fərqli faktorun, çox sayda ekoloji dəyişikliklərə bağlı olaraq təbii seçmə təsirləri yaratması təkamülün xaos səviyyəsini artırır.

   Bütün bunlara baxmayaraq, Riyazi Təkamül adlı elm sahəsinin olması belə, təkamülün hesab edildiyindən daha az xaotik olduğunu görməyimizə kifayət edir. Bu elm sahəsi vasitəsilə növlərin gələcəyini analiz edə bilərik. Bu faktorların varlığı növlərin dəyişməsini təmin edən proseslərin heç bir şəkildə təsadüfi olmadığını, tamamilə anlaşılan və mexaniki bir şablona görə irəlilədiyini göstərir. Bu, bir elmin xaotik olma səviyyəsini anlamağınızı təmin edən sadə testlərdən biridir. Əgər tək bir analizlə hər növün təkamül cığırını, bəzi ətraf şərtlərinin təsiri altında doğru şəkildə hesablaya bilirsinizsə, bu prosesə "təsadüf" deyə bilməzsiniz - bu, elmə ziddir. Eynilə hava proqnozunda olduğu kimi, daha uzaq gələcəyi hesablamağa çalışdıqca səhv ehtimalı da daha çox artır, amma bu, sistemin xaos səviyyəsinin aşağı olmaması səbəbindəndir. Yəni, təkamül orta hesablı xaos səviyyəsinə malikdir. 

  Burada bu sadə testi özünüzə tətbiq edə bilərsiniz: əgər yerə düşən hər cismin bir şüurlu idarəetmədən keçərək bunu etdiyinə inanmırsınızsa, təkamülün də şüurlu və məqsədli şəkildə nəzarət edilmədiyini anlaya bilərsiniz. Əgər əksinə inanırsınızsa, demək ki, elmin özü ilə əlaqədar problemlər yaşayırsınız.

   Təkamül biologiyası, içərisindəki xaotik komponentlərə baxmayaraq, elm tarixinin gördüyü ən güclü sahələrdən biridir, çünki həm keçmişi, həm bu günü, həm də gələcəyi vahid şəkildə izah edə bilmə gücünə malikdir. Həmçinin, təsadüflərdən bu qədər qorxmağa əsas yoxdur, çünki yaşadığımız kainat tamamilə xaotikdir. Bu səbəbdən riyaziyyatın ən güclü və təsirli araşdırma sahələrindən biri Xaos və Ehtimal nəzəriyyələridir. Bu nəzəriyyələr, kainatdakı öncədən bilinməyən və təsadüfi hadisələri riyazi olaraq modelləşdirmək üzərində qurulmuşdur. Yəni, kainatda nə qədər təsadüf varsa, təkamül də bir o qədər təsadüfə malikdir.

Orijinal məqalə buradadır

Həmçinin oxuyun:

Təbii seçmə
İnsan özü bir irqdir
Elmi və Dini düşüncə arasındaki fərqlər

Rəvan Quluzadə