Universitet mühazirələri darıxdırıcı və faydasızdır

   Uzun müddətdir ki, bir çox mütəxəssislər müasir təhsil sisteminin tədris üsullarına qarşı fikirlər səsləndirirlər. Bəziləri metodikaların dəyişdirilməsinin, digərləri isə başdan-ayağa yeniləndirilməsinin tərəfdarlarıdır. Yeni bir tədqiqatın müəllifləri leksiyaların darıxdırıcı olmaqla yanaşı, həm də qeyri-effektiv tədris üsulu olduğunu iddia edirlər. Nəticələrə əsasən, saatlarla mühazirə dinləyən tələbələrin imtahanda müvəffəqiyyət qazanma şansı da azdır.

  Tədqiqatda Vaşinqton Universitetindən olan bioloq Skott Friman və qrupu dəqiq elmlər öyrədən 225 kursun dərs metodunu analiz etdi. Məlum oldu ki, tələbələrin passiv dinləyicilərdən aktiv iştirakçılara çevrildiyi metodikalarda onlar ikiqat yaxşı nəticələr qazanır.
"Universitetlər 11-ci əsrdə Qərbi Avropada yaranıb. O vaxtdan bəri mühazirə tədrisin vacib formalarından hesab edilir. Lakin son zamanlarda bir çox alimlər bu üzrə mübahisələr edib, üstünlüyün, xüsusilə dəqiq elmlər öyrənən tələbələrdə qrup fəaliyyətinə verilməli olduğunu deyirlər", -  Skott Friman qeyd edir.


   Artıq 27 ildir ki, köhnəlmiş mühazirə keçirmə üsullarına qarşı çıxan Harvard Universitetindən olan fizik Erik Mazur bu tip fəaliyyətin daha vacib, leksiyalarınsa tamamilə maraqsız, bu səbəbdən də yararsız olduğunu bildirir.

"Leksiyaların köhnəlmiş və qeyri-effektiv üsul olduğunun sübutlarını görmək sevindiricidir", - Mazur deyir.


   Friman əlavə edir ki, müasir texnologiyalar hətta mühazirələrə belə interaktivlik qata bilər: məsələn, tələbələrin pult vasitəsilə müəllimin verdiyi suallara cavab verməyi və ya mübahisəli suallarda konsensusa gəlməyi daha effektivdir. Friman artıq böyük auditoriyalarda bu üsuldan istifadə etməyə başlayıb.

  Qeyd etmək lazımdır ki, aparılan tədqiqat mühazirənin yeni formatının effektivliyini araşdırmır. ABŞ Təhsil Departamentinin məlumatına görə, onlayn-leksiya və auditoriyalardaki ənənəvi leksiya arasında heç bir prinsipial fərq yoxdur.

Həmçinin oxuyun:

Niyə uşaqlar 7 yaşlarından əvvəlini xatırlamır?
Genetik "GPS" hazırlandı
İntellekt geni kəşf edildi

Rəvan Quluzadə