Vurğunluq beynin boz maddəsinin həcmini azaldır

   Frontiers in Psychology jurnalında dərc edilən xəbərə əsasən, yapon alimlər sevgi hissini beyin qabığının zolaqlı cismindəki boz maddənin həcminin azalması ilə əlaqələndirirlər. Məlum olduğu qədərilə, aşiqlik halı beynin funksional dəyişikliklərilə bağlıdır. Bu, artmış hormon (məsələn, dopamin) hasili və zolaqlı cisim (striatum) də daxil olmaqla, mükafatlandırılma sistemində neyronlararası qarşılıqlı əlaqənin artması ilə müşayiət olunur. Lakin vurğunluğun neyron korrelyatı sonacan öyrənilmədiyi üçün zolaqlı cisimdən savayı beynin hansı strukturlarının bu halı xarakterizə etdiyi qaranlıq qalır.

   Daha əvvəlki tədqiqatlar göstərmişdi ki, sevginin ilk günlərində insanlarda koqnitiv nəzarət zəifləyir: bir sıra psixoloji testlərin yekununda bu nəticəyə gəlmək olar. Bunun nədən qaynaqlandığını aydınlaşdırmaq üçün Milli Fiziologiya Elmləri İnstitutundan olan alimlər maqnit-rezonans tomoqrafiya (MRT) köməyilə 56 aşiqin halıyla yaxından tanış olublar. Nəzarət qrupunda iştirak edən 57 nəfərdən isə heç biri münasibətdə deyildi.

   İştirakçılar yeddi ballıq subyektiv xoşbəxtlik şkalasını (SHS) doldurduqdan sonra, onların beyin göstəriciləri öyrənilib. Nəticələrə əsasən, aşiqlər qrupunda orta SHS balı daha yüksək olub: 5,1±0,1; sevgi münasibətlərində olmayanlarda isə göstərici 4,6±0,2 olaraq qiymətləndirilib. Bununla yanaşı aşiqlərin beynində struktur dəyişiklikləri qeydə alınıb. Beləliklə, striatumda boz maddənin qalınlığının müəyyən qədər azalmış olduğu dəqiqləşdirilib. Alimlər qruplar arasında başqa fərqliliklərin tapılmadığını bildirirlər. Bununla belə alimlər araşdırmanı daha bir neçə dəfə təkrarlamaq lazım olduğunu deyirlər. Onlar, bəzi aşiqlərin boz maddə həcminin əvvəldən az ola bilməsini də istisna etmirlər. Boz maddənin qalınlığının əqli bacarıqlarda necə əks olunduğunu anlamaq üçün təcrübə ilə yanaşı əlavə psixoloji testlərin də keçirilməsi nəzərdə tutulur.

Rəvan Quluzadə