"Yerin əkizi" adına layiq planet kəşf edildi

 

   2009-cu ilin mart ayında kosmosa buraxılmış kosmik teleskop "Kepler" qalaktikamızda ölçüsü Yerinkinə oxşar planet aşkar edib. Kepler-186f adı verilən planet ulduzundan, Yerin Günəş arasındaki məsafəsi qədər uzaqlıqdadır və böyük ehtimalla bioloji həyat əlamətləri daşıyır. NASA-dan olan alimlər "həyat zonasında" yerləşən planet aşkar etməyə nail olublar. Cırtdan ulduzu ilə arasındaki məsafə və Yerinkinə oxşar ölçüsü, planetin nəzəri olaraq yadplanetlilər üçün ev ola biləcəyini göstərir. Alimlərin rəyinə görə, Kepler-186f maye sudan ibarət okean və oksigenə sahibdir.

"Bu tapıntı Yerə oxşar belə planetlərin axtarışında vacib addım oldu", - NASA-dan olan Pol Herts qeyd edir.

    SETI institutundan olan Eliza Kintana bildirir ki, etdikləri kəşf həyat zonasında yerləşən və Yer ölçüsündəki ilk planetdir. Ulduzu ilə arasındaki məsafə planet səthində mülayim şərtlərin mövcud olduğunu izah edir. Son 20 il ərzində tapılan 1800-ə yaxın ekzoplanetdən cəmi 20-si həyatın yaranması və təkamülləşməsi üçün əlverişli hesab edilən "həyat zonasında" dövr edir, lakin bunlardan hər birisi ölçü baxımından Yeri üstələyir. Son tapılan planet isə Yerə daha çox oxşar olduğu üçün alimlərə artıq ümid verir.

    Kepler-186f Yerdən 500 işıq ili uzaqlıqdadır. Ətrafında dövr etdiyi ulduzu Kepler-186 Günəşdən bir qədər kiçik, soyuq və 3 milyard il yaşlıdır. Ulduz sisteminə 5 böyük planet daxildir. Alimlər hələlik planetin kütlə və tərkibini dəqiq müəyyənləşdirə bilməsələr də, səthinin əsasən sərt qayalıq formasında olduğunu qeyd edirlər. İlkin məlumatlara əsasən planet okeanlar, yüksək oksigen və geniş yayılmış bitki örtüyündən ibarətdir.

Rəvan Quluzadə