Yırtıcılıq davranışının plastikliliyi: öyrənmə və dərketmə

Plasticity of predatory behavior: learning and cognition

Hörümçəklərin davranışı bütünlükdə instinktiv aktlar tərəfindən idarə edilmir. İndi tanış olacağınız mətndə onların da təcrübə prosesində öyrənə bildiklərini, nələrisə yadda saxlamalarını və dəyişmələrini gösətərn nəticələri görəcəksiniz (bu infonu həzm eləmək mənə də çətin gəldi). XIX əsrin əvvəllərində hesab edilirdi ki, incə beyinə sahib həşəratların həyatında hər şeyi instinkt həll edir-gündəlik öyrənmələr və ya qazanılmış təcrübələrin ola biləcəyi heç kəsin ağlına belə gəlmirdi. O vaxtlar digər araxnoloqların da daha çox ekologiyaya və ya bioloji müxtəlifliyə başları qarışdığından (növlərin sayını yığıb-yığışdıra bilmirdilər-başların itirmişdilər), hörümçəklərdə koqnitiv proseslər ola biləcəyi heç söhbət mövzusu belə olmurdu. Amma yaxşı ki, tarixdə həmişə fərqli ağıl sahibləri olur. Bizdə belə ən ağıllılarından biri Yeni Zellandiyalı Jackson-oldu.

Aşkarlandı ki, hörümçəklər əəən primitiv halda qidalı olanı, qeyri-qidalı (yeməli) olandan və ya bir qıda növünü digər növdən çox yaxşı fərqləndirə bilir. Bu qabiliyyət onları ta qida ixtisaslaşmasına və konkret bir şikar üzrə mahir ovçu olmasına qədər gətirib çıxarmışdır. Vicdanla danışsam, bir parazit qurdun belə öz aralıq sahibini (ilbiz) ətrafda gəzib-dolaşan minlərlər digər növ ilbizlərin arasından mahircəsinə seçməsini biləndən sonra (malakoloqlar ilbiz növlərini mikroskop altında, bir əllərində də təyinedici kitab güclə təyin edirlər-nəzərə alın), hörümçəklərin belə qabiliyyəti çox da heyrət doğurmamalıdır.....Amma yenə də, "spiders are the best" deyib, davam edək....

Hörümçəklər üçün qidalanmada siqnal kimi, ölçü, keyfiyyət və ya növ oynaya bilər. Məs., tortikən Micrathena sagittata növü iri ölçülü şikarlara üstünlük verdiyi halda, səfil Loxosceles reclusa kiçik və yarıölü şikarları sevir. Bəziləri məhdud rasionludur-yəni konkret şikar növü axtarır məs., qarışqa (ixtisaslaşmış mirmekofaqlar) Bəziləri isə qarışqanı ona təqdim etdiyin halda qəbul edir, amma təbii şəraitdə yaşadığı arealda qarşqa sayı limitli olarsa o öz yaşadığı dövr ərzində 5-10 qarışqa yeyər ya da yeməz (qeyri-ixtisasçı). Qida seçimi üzrə olan yırtıcılıq davranışı həmin qidanın yoxluğu səbəbindən də dəyişə və ya yox ola bilər. Məs., mirmekofaq hörümçək olan Aelurillus müəyyən bir şəraitdə nəyinki qarışqanı həmçinin digər həşərat növlərini də qida kimi qəbul edə bilər, baxmayaraq ki, Zenodorus 21 gün ac saxlanılmasına baxmayaraq yenə də ancaq qarışqa qida kimi təqdim ediləndə onu qəbul etmişdir. Bəzən isə əksinə, araneofaq hörümçəklər kəskin aclıq şəraitində digər həşəratlarla qidalanmağa keçmişlər. Deməli aclıq dərəcəsi yırtıcılıq davranışını dəyişə bilən amil ola bilər. Qida seçiciliyi zəhərin təsir göstəricisinə görə də heyvan tərəfindən düşünülmüş şəkildə idarə edilir. Məs., bir hörümçəyə 2 fərqli tarakan növü verilsə o zəhərinə qarşı daha sensitiv olanı seçəcək.

Hörümçəklər qidanın (və ya hər hansı obyekt) iyinə görə də assossasiya edə bilirlər. Maraqlı bir eksperiment qoyulub: nektar yeyən hörmçək Hibana futilis təbiətdə vanil iyini tanımır. Laborator şəraitdə hörümçəyə şəkər məhlulu ilə qarışdırılmış vanil vermişlər (süni nektar kimi). Hörümçək bu təcrübəni bir neçə saat yadaşında saxlamış və vanil iyini təbii nektarda fərqləndirmişdir. Bu müşahidələr hörümçəklərdə şərti refleks yaratmaq mümkün olduğunu təsdiqləyir.

Hörümçəklərdə hücum strategiyası da plastikdir. Bu yaşdan, ölçüdən asılı olaraq dəyişə bilir və hər qazanılmış təcrübə yeni dəfəsində strategiyaı dəyişməyə yönəldə bilər. Maraqlı bir misal: azyaşlı mirmekofaq Aphantochilus rogersi (yengəc-hörümçək) fərdləri qarışqanı öndən, yaşlı fərdlər isə arxa tərəfdən tutur.  Başqa bir misal: yaşlı Nephila şikara birinci zəhər ilə hücum çəkir sonra isə torla onu bükür. Bu strategiya ‘’yanlış’’ qurban heyvanla rastlaşdığı hallarda əslində çox riskli ola bilər. Çox maraqlıdır ki, azyaşlı Nephila-lar isə birinci tora bükür, sonra sancırlar. Bir az daha ağıllı taktika kimi görünür. Mən yəqin edirəm ki, ola bilsin yaşlı Nephila zəhərinin təsir dərəcəsinə güvənir, azyaşlılar isə hələ güclü zəhərlə təchiz edilmədiyindən daha sığortalı üsula əl atır....

Nərmin Beydizadə

İxtisas zoologiya (araxnologiya), AMEA doktorantı. Hal-hazırda Visegrad Fund təqaüdü dəstəyi ilə Cexiya Respublikası, Masaryk Universitetində (Brno) davranış biologiyası (hörümçəklərin trofik davranışı, yırtıcılıq strategiyaları və onun təkamülü) dessiplinası üzrə tədqiqatçı.